Fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi üçün metodlar işləniləcək Fevral 09, 2021 | 12:56 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin 2021-ci il üçün fəaliyyət planı müzakirə olundu. Onlayn formatda keçirilən iclasda Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova planı təqdim edərək cari ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi. Bildirdi ki, bu il fərdlərin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri, jest dilinin tanınması problemləri və intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə tətbiqi problemləri istiqamətində araşdırmalar aparılacaq.

“Fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodlarının işlənilməsi” mövzusu üzrə görüləcək işlərdən danışan R.Mahmudova qeyd etdi ki, informasiya təhlükəsizliyi mədəniyyətinin müxtəlif aspektlərdən analiz edilməsi və strukturunun müəyyən edilməsi, fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün meyarlar sisteminin və metodların işlənilməsi nəzərdə tutulur.  

O, jest dilinin tanınması problemləri istiqamətində aparılan araşdırmalar çərçivəsində jest dilinin tanınması üçün mövcud 2D və 3D modelləşdirmə sistemlərinin analizi, əl jestlərinin tanınması sistemlərinin iş prinsipinin araşdırılması nəticəsində hazırlanacaq məqalələr barədə məlumat verdi. Həmçinin intellektual oyunların informatika fənninin tədrisinə tətbiqi ilə bağlı aparılan eksperimentlərin təhlili nəticəsində təkliflər işlənəcəyini diqqətə çatdırdı.

Sonra R.Mahmudova əməkdaşların elmi-innovasiya və praktiki fəaliyyəti haqqında məlumat verərək, AMEA-nın magistratura pilləsində təhsil alan magistrlər üçün ümumi və seçmə fənnlər üzrə dərs və imtahanların təşkili, proqramlaşdırma  kurslarının və digər İT-kusların təşkili, institutun doktorant və dissertantlarının ixtisas imtahanlarının test üsulu ilə qəbulu işinin təşkili, Tədris-İnnovasiya Mərkəzinin veb-saytının idarə edilməsi, institutda «Cisco» Şəbəkə Akademiyasının yaradılması və s. kimi işlərin planlaşdırıldığını qeyd etdi. Eyni zamanda, «Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi»nin (2017-2025) 2.5. bəndi üzrə yaradılmış işçi qrupda və YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (İFAP) Azərbaycan Komitəsində təmsilçilik işlərinin yerinə yetiriləcəyi barədə məlumat verdi.

R.Mahmudova cari ildə əməkdaşların “Elmi tədqiqat işləri” bölməsində planlaşdırılan mövzular üzrə uyğun nüfuzlu konfrans, seminar və simpoziumlarda iştirakı, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda məqalələrin nəşri barədə məlumat verdi. O, mərkəzin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, müxtəlif təyinatlı kitabların və kitabçaların hazırlanması, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin KİV-də təbliği çərçivəsində görüləcək işləri də nəzərə çatdırdı.

Fəaliyyət planına dair müzakirələr aparıldı, elmi şura üzvlərinin suallar cavablandırıldı.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev Tədris-İnnovasiya Mərkəzinin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.

Elmi şuranın qərarı ilə mərkəzin fəaliyyət planı qənaətbəxş hesab edildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı