Süni intellekt texnologiyalarının cəmiyyətin müxtəlif sferalarına təsiri ilə bağlı tədqiqatlar aparılacaq Fevral 08, 2021 | 10:37 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2021-ci il üçün fəaliyyət planı onlayn formada müzakirə edildi. Planı təqdim edən şöbənin baş mütəxəssisi Rasim Mahmudov cari ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi. Bildirdi ki, bu il intellektual elektron dövlətin formalaşması və inkişafı problemləri, informasiya cəmiyyətinin, İnternetşünaslığın elmi-nəzəri problemləri istiqamətində araşdırmalar aparılacaq.

R.Mahmudov IV sənaye inqilabının sosial-iqtisadi trendlərinin araşdırılması mövzusu üzrə e-dövlət mühitində toplanan verilənlərin monetizasiyası problemləri, IV sənaye inqilabının təsiri ilə sosial-iqtisadi sistemlərin transformasiyası və süni intellekt texnologiyalarının cəmiyyətin müxtəlif sferalarına təsiri ilə bağlı tədqiqatların nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Sonra məruzəçi “E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənilməsi” mövzusu üzrə görüləcək işlərdən danışdı. Qeyd etdi ki, cari ildə sahələr üzrə e-reyestrlərdə toplanan demoqrafik verilənlərin intellektual analizi üçün modelin işlənməsi, OLAP texnologiyası əsasında demoqrafik proseslərin intellektual analizi üçün modelin işlənməsi, elektron mühitdə demokratik proseslərin qeyri-səlis təkmil modellərinin işlənməsi, informasiya inqilabları və demokratiyanın təkamülünə dair konseptual yanaşmanın hazırlanması nəzərdə tutulur.

O, informasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının və virtual məkanda dil problemlərinin araşdırılması istiqamətində elmi tədqiqatların aparılacağını diqqətə çatdırdı. Həmçinin e-dövlət mühitində sosial kreditin qiymətləndirilməsi üçün metodların, korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin, etnobotanika informasiya sisteminin işlənməsi mövzuları üzrə yerinə yetiriləcək işlərdən bəhs etdi, nəşr olunacaq məqalələr barədə məlumat verdi.

Daha sonra şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında danışan məruzəçi “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin (2017-2025) həyata keçirilməsinə elmi dəstəyin verilməsi, Viki-Mərkəzin fəaliyyəti və s. ilə əlaqədar bir sıra işlərin yerinə yetiriləcəyini bildirdi. Həmçinin qeyd etdi ki, “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarına təqdim olunan məqalələrə mütəxəssis rəylərinin verilməsi də nəzərdə tutulan işlər sırasındadır.

R.Mahmudov cari ildə şöbə əməkdaşlarının “Elmi tədqiqat işləri” bölməsində planlaşdırılan mövzular üzrə uyğun nüfuzlu konfrans, seminar və simpoziumlarda iştirakı barədə məlumat verdi. O, şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin KİV-də təbliği çərçivəsində görüləcək işləri, ikt.az saytının informasiya təminatına mütəmadi dəstəyin veriləcəyini də nəzərə çatdırdı.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Aparılan elmi araşdırmaların vacib problemləri əhatə etdiyini qeyd edərək, tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini vurğuladı.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı