Dərin təlimin elmi-nəzəri problemlərinin tədqiqi üzrə tədqiqatlar aparılır Noyabr 13, 2020 | 12:35 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin 2020-ci il üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova şöbənin cari ildə elmi-tədqiqat və elmi-innovasiya fəaliyyəti, konfranslarda edilmiş məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbənin elmmetrik göstəriciləri, elmi seminarlar və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Məruzəçi şöbədə sosial şəbəkə məlumatlarının sentiment analizinin əsas məsələləri, səviyyələri, mövcud problemləri və gələcək tədqiqat istiqamətləri üzrə araşdırmaların aparıldığını bildirdi. Böyük həcmli rəqəmsal verilənlərdə axtarışın effektivliyinin artırılması üçün neyron şəbəkəyə əsaslanan metodun  (Neural Foresting metodu) işlənildiyini qeyd etdi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” qrant layihəsi çərçivəsində neftçıxarma əmsalının proqnozlaşdırılması üçün XGBoost maşın təlimi alqoritmi əsasında modelin işləndiyini diqqətə çatdırdı. Həmçinin maşın təlimi əsasında xam neft sistemlərində PVT xassələrinin proqnozlaşdırılması üçün yanaşmanın işlənildiyini qeyd etdi.  

M.Hacırəhimova dərin təlimin elmi-nəzəri problemlərinin tədqiqi üzrə tədqiqatların aparıldığını, eyni zamanda İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı mövcud vəziyyət, problemlərin aradan qaldırılması üçün bəzi təklif və tövsiyələrin işləndiyini bildirdi. O, həmçinin şöbədə böyük verilənlərdə anomaliyaların aşkarlanması metodlarının tədqiqi istiqamətində də araşdırmaların aparıldığını qeyd etdi.

Məruzəçi elmi-innovasiya fəaliyyətindən bəhs edərək qeyd etdi ki, bu istiqamət üzrə müxtəlif qrant layihələrində iştirak edilmişdir. Elmi-pedaqoji fəaliyyət üzrə institutun magistr tələbələrinə rəhbərlik edilmişdir.

M.Hacırəhimova şöbə əməkdaşlarının elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda 6 tezislə iştirak etdiyini və tanınmış elmi jurnallarda 6 məqalənin dərc edildiyini, daha 2 məqalənin isə jurnallarda rəy mərhələsində olduğunu bildirdi.

Alim şöbənin elmmetrik göstəricilərinin ötən illə müqayisədə artdığını və şöbənin elmi-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verdi.

Hesabat ilə bağlı fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi, çoxsaylı suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı