Gənclər süni intellekt texnologiyalarına böyük maraq göstərirlər Fevral 07, 2020 | 04:47 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sabahın alimləri” IX Respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlər ilə görüş keçirildi.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim ƏliquliyevAvropa liseyinin İKT üzrə direktor müavini Rahilə Əliyarzadə, müəllim heyəti, eləcə də institutun Elmi şurasının üzvləri və gənc alimlər iştirak etdilər.

Akademik Rasim Əliquliyev institutda şagirdlərlə keçirilən görüşün əsas məqsədinin şagirdlərdə elmə marağın artırılması olduğunu bildirdi.

R.Əliquliyev AMEA-nın dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması, gənclərin elmə cəlb olunması işinə mühüm töhfələr verdiyini qeyd etdi, akademiyanın əsas prioritet istiqamətlərindən birinin elm və təhsilin inteqrasiyası olduğunu vurğuladı. Alim bu məqsədlə gənclər arasında olimpiadaların təşkil olunduğunu və müxtəlif elmi və texnoloji layihələrin icra olunduğunu nəzərə çatdırdı. İnstitut direktoru liseyin şagirdlərinin elmə marağının artırılması üçün onlarla interaktiv işlərin aparılmasının böyük səmərə verəcəyinə əminliyini ifadə etdi. O qeyd etdi ki, bu əməkdaşlıq çərçivəsində institutun əməkdaşları, magistrantları, eləcə də Gənc alim və mütəxəssislər şurasının üzvləri şagirdlərin İKT sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə onlara dəstək olacaqlar.

Akademik Rasim Əliquliyev ölkə prezidenti cənab İlham Əliyevin yanvar ayının 22-də Davos Forumunun Strateji baxış: Avrasiya mövzusunda keçirilən panel iclasındakı çıxışını xatırladaraq “Azərbaycanda Dünya İqtisadi Forumunun regional mərkəzinin yaradılması bizim qarşımızda çoxçeşidli vəzifələr qoyur”, - deyə vurğuladı.

Akademik, həmçinin bu ilin may ayında AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş “Süni intellekt: çağırışlar, problemlər və perspektivlər” mövzusunda ümumrespublika elmi-praktiki konfransının keçiriləcəyini diqqətə çatdırdı və “Sabahın alimləri” IX Respublika müsabiqəsinin iştirakçılarını konfransda yaxından iştirak etməyə dəvət etdi.

Daha sonra şagirdlər 2020-ci il 11-13 fevral tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək “Sabahın alimləri” IX Respublika müsabiqəsinə kompüter elmləri istiqaməti üzrə hazırlanmış layihələri təqdim etdilər. Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramov kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarların fermer təsərrüfatında istifadə edə biləcəkləri “Plant Disease & Cause Detection using Deep Learning” robotunun, Bakı Avropa Liseyinin 9-cu sinif şagirdləri  Selcan KərimliNuray Kərimli “Coder Hub”, liseyin 10-cu sinif şagirdləri Məhərrəm ƏkbərovKamal Əlizadə “Health&Donate” tətbiqinin layihələrini təqdim etdilər.

“Cəmiyyətdə olan mentalitetdən irəli gələn problem və yanlış fikir mübadiləsi səbəbindən kompüter elmləri sahəsində böyük potensiala malik qadınlar proqramlaşdırma sahəsində uğur qazana bilmirlər”, - deyə qeyd edən N.Kərimli bu tətbiqi yazmaqda əsas məqsədlərinin proqramlaşdırmanın heç də əlçatmaz olmamasını sübut etməkdən ibarət olduğunu vurğuladı.

O, bildirdi ki, bu tətbiq “Java Script” proqlamlaşdırma dilinin “REACT Native framework”da yazılmış proqram məhsuludur. Qeyd etdi ki, proqramlaşdırma sahəsinə marağı olan şəxslər “C++”, “Java Script”, “Python” kimi dövrün ən məşhur proqramlaşdırma dillərini öyrənə biləcəklər. Məktəbli proqramda kursun mənimsənilmə dərəcəsini yoxlayan test nümunələrinin yerləşdirildiyini və kursun sonunda isitifadəçilərə sertifikatların veriləcəyini də diqqətə çatdırdı.

Gələcəkdə kosmanavt olmaq istəyini xüsusi həvəslə dilə gətirən S.Kərimli tətbiqin xüsusiyyətlərindən bəhs edərək onun istənilən yaş qrupuna uyğun olması və istifadə zamanı İnternet dəstəyinə ehtiyac olmaması barədə məlumat verdi. Bildirdi ki, proqram həm Android, həm də İOS əməliyyat sistemlərini dəstəkləyir. Məktəbli sonda tətbiqin yalnız qadınlar üçün nəzərdə tutulmadığını, proqramlaşdırma sahəsinə marağı olan hər bir şəxsin ondan yararlana biləcəyini vurğuladı.

“Sabahın alimləri” IX Respublika müsabiqəsinin iştirakçılarından olan liseyin 10-cu sinif şagirdləri Məhərrəm Əkbərov və Kamal Əlizadə “Health&Donate” layihəsini təqdim etdilər. Günümüzün ən aktual problemlərindən bəhs edən M.Əkbərov bu tətbiqin insanlara kömək edəcəyini bildirdi. Vurğuladı ki, proqramda onlayn həkim, donor, dərman alış-verişi etmək və ən yaxın məsafədə olan xəstəxananı seçmək xidmətləri də mövcuddur.

Məktəblilər “Java Script” proqram dilinin köməyi ilə hazırlanan tətbiqin Android və İOS əməliyyat sistemlərində istifadə edilə biləcəyini də diqqətə çatdırdılar.

Sonra çıxış edən Avropa liseyinin direktor müavini Rahilə Əliyarzadə diqqətə çatdırdı ki, şagirdlər müsabiqəyə təqdim olunan bu layihələri İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının elmi rəhbərliyi və məsləhəti ilə hazırlayıblar. Belə ki, R.Bayramov “Plant Disease & Cause Detection using Deep Learning” robotunu institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin rəhbərliyi ilə araya-ərsəyə gətirib. 

Bakı Avropa liseyi şagirdlərinin hazırladıqları “Coder Hub” layihəsi və “Health&Donate” tətbiqinin elmi rəhbəri və məsləhətçisi institutun əməkdaşı Yusif İmamverdiyevdir. 

R.Əliyarzadə çıxışının yekununda akademik Rasim Əliquliyevə, layihələrin elmi rəhbərlərinə, eləcə də institut kollektivinin hər bir üzvünə layihələrin araya-ərsəyə gətirilməsi üçün şagirdlərə institutda yaradılan şəraitə, köməyə və mənəvi dəstəyə görə minnətdarlığını bildirdi.

Sonda bu müsabiqədə iştirakla bağlı görüləcək işlər barədə müzakirələr aparıldı, təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı