Milli mentalitet və stereotiplər kontekstində fərdi məlumatlara həssaslığın folklorik təzahürləri məsələsi müzakirə olundu Noyabr 29, 2019 | 04:56 / Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransında AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fələsəfə doktoru Hikmət Quliyev “Milli mentalitet və stereotiplər kontekstində fərdi məlumatlara həssaslığın folklorik təzahürləri” adlı məruzə ilə çıxış etdi. Qlobal informasiya təhlükəsizliyi kontekstində fərdi məlumatların qorunması məsələlərinin yalnız texnoloji deyil, sosial-mədəni, bütövlükdə isə, sosiotexnoloji və kulturoloji problem olduğunu qeyd edən alim şəxsi həyat və fərdi məlumatların beynəlxalq hüquqla nizamlandığını, eləcə də milli mentalitetlə bağlı olduğunu vurğuladı.

Məruzəçi Azərbaycan sosio-mədəni mühitində davranış və düşüncələrin tənzimlənməsində milli mentalitet və stereotiplərin mühüm rol oynadığını qeyd edərək fərdi məlumatlara həssaslığın kökündə sosial nəzarət və ictimai qınağın dayandığını söylədi. Alim qeyd etdi ki, Azərbaycan sosio-mədəni mühiti özünün etno-genetik tipologiyası və tarixi inkişaf dinamikası baxımından bir tərəfdən ümumtürk mədəni ənənələri, digər tərəfdən isə ümumşərq və müsəlman dəyərləri ilə sıx bağlıdır: “Bununla əlaqədar olaraq, Azərbaycan milli metaliteti və stereotipləri özündə həm ümumtürk, həm də ümummüsəlman dəyər və yanaşmalarını yaşatmaqdadır”.

Onun sözlərinə görə, ənənədə fərdi məlumatların təhlükəsizliyinə həssaslıqla bağlı, eyni zamanda həmin məlumatları qorumaq və yaymaqla əlaqədar stereotip adlandırmalar mövcuddur. Azərbaycan əfsanə, rəvayət, nağıl və dastanlarında “sirr saxlamaq”, “ağzıbütöv” olmaq, eləcə də “söz gəzdirmə” ilə bağlı rast gəlinən ifadə və deyimlər, obraz və personajlar, əslində, fərdi məlumatların təhlükəsizliyi kontekstində ortaya çıxan faktlardır: “Təsadüfi deyildir ki, mədəniyyətdə bir tərəfdən sirr saxlamaq – fərdə və ya qrupa məxsus məlumatları qorumaq təbliğ olunursa, digər tərəfdən də sirrə vaqif olmaq, konfidensional olan bilikləri əldə etmək də təlqin olunur. Bu isə, bütövlükdə fərdi məlumatlara olan həssaslığın folklor yaradıcılığında təzahürüdür”.

Fərdi məlumatlara həssaslıq kontekstində milli mentalitet və stereotiplərin təsirindən danışan H.Quliyev qloballaşma və virtuallaşma zəminində meydana çıxan yeni reallıqlardan, eləcə də virtual sosial-mədəni proseslərdən də bəhs etdi.

Məruzəçi ənənəvi folklor nümunələri ilə bərabər, virtual sosial şəbəkələrdən qeydə alınmış folklor faktlarını da diqqətə çatdırdı.

Sonda H.Quliyev fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi problemlərinin multidissiplinar, o cümlədən, humanitar və sosial elmlər aspektindən öyrənilməsinin bir sıra mühüm nəticələrin əldə olunmasına imkan verəcəyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı