İnformasiya Texnologiyaları İnstitutu ilə Bakı Avropa Liseyi arasında əməkdaşlığa dair görüş keçirildi Noyabr 12, 2019 | 04:06 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Bakı Avropa Liseyinin bir qrup şagirdi ilə görüş keçirildi. Görüşdə liseyin İKT üzrə direktor müavini Rahilə Əliyarzadə, müəllim heyəti, eləcə də AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, Elmi şuranın üzvləri və gənc alimlər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev institutda şagirdlərlə keçirilən görüşün əsas məqsədinin şagirdlərdə elmə marağın artırılması olduğunu bildirdi.

R.Əliquliyev AMEA-nın dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması, gənclərin elmə cəlb olunması işinə mühüm töhfələr verdiyini qeyd etdi, akademiyanın əsas prioritet istiqamətlərindən birinin elm və təhsilin inteqrasiyası olduğunu vurğuladı. Alim bu məqsədlə gənclər arasında olimpiadaların təşkil olunduğunu və müxtəlif elmi və texnoloji layihələrin icra olunduğunu nəzərə çatdırdı. İnstitut direktoru liseyin şagirdlərinin elmə marağının artırılması üçün onlarla interaktiv işlərin aparılmasının böyük səmərə verəcəyinə əminliyini ifadə etdi. Alim qeyd etdi ki, bu əməkdaşlıq çərçivəsində institutun əməkdaşları, magistrantları, eləcə də Gənc alim və mütəxəssislər şurasının üzvləri şagirdlərin İKT sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə onlara dəstək olacaqlar.

Daha sonra liseyin İKT üzrə direktor müavini Rahilə Əliyarzadə çıxış edərək liseyin İKT sahəsindəki nailiyyətləri ilə hər zaman respublikanın öndə gedən tədris müəssisələrindən biri olduğunu vurğuladı, Azərbaycan təhsil siyasətinin əsas prioritetlərindən biri də təhsildə İKT-nin tətbiqinin genişləndirilməsi olduğunu qeyd etdi.

Onun sözlərinə görə, Bakı Avropa Liseyi 2017-ci ildə “elektron məktəb” adını qazanıb, UNESCO-nun “İKT təhsildə”, “Alqoritmika” beynəlxalq layihəsinin, eləcə də Azərbaycanda “III Robot Olimpiadası”nın iştirakçısı olub. 2019-cu ildə isə liseyin şagirdləri üçün 2 ay müddətində «NISAI Learning» təşkilatının Kembric  proqramı əsasında riyaziyyat və ingilis dili fənlərinin onlayn öyrənilmə pilot layihəsi həyata keçirilib.

O, liseydə fəal interaktiv təlim metodlarından geniş istifadə olunduğunu qeyd edərək təlim-tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının mərhələlərlə tətbiq olunduğunu nəzərə çatdırdı.

R.Əliyarzadə bildirdi ki, İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq əlaqələrinin qurulmasında əsas məqsəd istedadlı uşaqların intellektual və yaradıcı potensialını üzə çıxarmaq və onların şəxsiyyətini inkişaf etdirməkdir.

Daha sonra institutun laborantı Yusif İmamverdiyev 2020-ci il 11-13 fevral tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək “Sabahın alimləri” IX Respublika müsabiqəsinə təqdim olunacaq layihələrin siyahısını təqdim etdi.

Sonda bu müsabiqədə iştirakla bağlı görüləcək işlər barədə müzakirələr aparıldı, təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı