Demoqrafik proseslərin intellektual analizi üçün metod və alqoritmlər işlənəcək May 31, 2019 | 09:52 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

Sonra institutun doktorantı Sona Məmmədova “Elektron demoqrafiya: mövcud vəziyyət və perspektivlər” mövzusu ilə bağlı çıxış etdi. O, demoqrafiyanın tədqiqat sahələri haqqında məlumat verdi, miqrasiyanın növləri və cəmiyyətin düzgün idarə edilməsində demoqrafik göstəricilərin dəqiq müəyyən olunmasının əhəmiyyətindən danışdı.

O, demoqrafiya ilə bağlı bir çox terminlərin izahını verərək ingilis iqtisadçısı, demoqraf Tomas Robert Maltusun “Əhali artıqlığı” qanunundan bəhs etdi. Bildirdi ki, R.Maltus əhalinin həndəsi silsilə, yaşayış vasitələrinin isə ədədi silsilə ilə tərəqqi etdiyini təsdiqləyir. İki yüz ildən sonra bu nisbət 256-nın 9-a, üç yüz ildən sonra isə 1096-nın 13-ə ekvivalentində olacaq.

Doktorant, həmçinin, demoqrafiya statistikası sahəsində ilkin məlumatların əldə edilməsi mənbələri haqqında məlumat verdi, əhalinin siyahıya alınmasının əsas prinsiplərindən danışdı. Qeyd etdi ki, Azərbaycanda demoqrafiya sahəsində dövlət siyasətinin əsas məqsədi demoqrafik proseslərdə yaranmış neqativ meylləri aradan qaldırmaqla ölkənin uzunmüddətli inkişaf strategiyasına uyğun gələn əhalinin kəmiyyət-keyfiyyәt artımını təmin etməkdən ibarətdir.

S.Məmmədova, həmçinin demoqrafiya və ictimai sağlamlıqla bağlı Demoqrafik Nəzarət Sistemi (DSS), “INDEPTH” şəbəkəsi və “X-road”, “Data Exchange Layer X-tee” texnologiyaları barədə məlumat verdi.

Akademik Rasim Əliquliyev çıxış edərək məsələnin aktuallığından danışdı. Tədqiqatda demoqrafiyanın təsnifatının aparılmasının zəruriliyindən söz açan akademik tibbi demoqrafiya, coğrafi demoqrafiya, fiziki demoqrafiya, elmi demoqrafiya və s. haqqında məlumat verdi.

Şöbə müdiri demoqrafiya ilə bağlı fundamental kitabların mövcud olduğunu qeyd edərək demoqrafiyanın elmi-nəzəri əsaslarının dərindən öyrənilməsinin vacibliyindən danışdı. Dünyada demoqrafiya ilə bağlı çox sayda sistemlərin fəaliyyət göstərdiyini söyləyən akademik burada müxtəlif iqtisadi və siyasi məqsədlər üçün demoqrafik analizlərin aparıldığını, həmçinin İKT vasitələrindən istifadə etməklə demoqrafik proseslərin modelləşdirildiyini və proqnozlaşdırıldığını vurğuladı. Akademik demoqrafiyanın analizi üçün hazır riyazi aparatların mövcud olduğunu bildirdi və onların araşdırılmasını tövsiyə etdi. Qeyd etdi ki, tədqiqatın əsas məqsədi ölkədə və dünyada demoqrafiyanın ümumi mənzərəsinin müəyyən edilməsi, demoqrafik proseslərin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsidir. 

Sonda R.Əliquliyev tədqiqatın dərinləşdirilməsini, demoqrafiyanın mahiyyətinin öyrənilməsini, demoqrafik tədqiqatlarla bağlı keçirilən beynəlxalq konfrans və tədbirlərdə müzakirə olunan məsələlərin təhlil olunmasını, problemlərin müəyyənləşdirilməsini tövsiyə etdi.

Daha sonra institutun dissertantı Yeganə Aslanbəy “E-dövlət mühitində sosial münasibətlərin riyazi modelləşdirilməsi və mövcud sistemlərin iş prinsipləri” mövzusunda təqdimatla çıxış etdi. Məruzəçi sosial münasibətlərin təsnifatını verdi, sosial qruplar və onların əsas xüsusiyyətləri və fərqli cəhətləri haqqında danışdı. O, sosial münasibətlərin analizini apararaq hazır informasiya sistemləri barədə məlumat verdi. Qeyd etdi ki, sosial strukturların və münasibətlərin analizi və vizuallaşdırılmasını yerinə yetirmək üçün qraflar nəzəriyyəsindən geniş istifadə olunur. Dissertant həmçinin, Beytson nəzəriyyəsi, Qotman və Levinson hesabatı, “ailə münasibətlərinin analizi sistemi”, eləcə də effektlərin kodlaşdırılması sistemindən istifadə etməklə interaktiv davranışların kodlaşdırılması metodu (SPAFF) haqqında məlumat verdi. Münasibətlərin riyazi modelləşdirilməsi ilə əlaqədar mövcud riyazi aparatlar barədə danışan dissertant qeyd etdi ki, burada əsasən təsir funksiyaları nəzərə alınır.

Mövzu ilə bağlı çıxış edən akademik R.Əliquliyev bildirdi ki, cəmiyyətin düzgün idarə olunması və təhlükəsizliyi bu cəmiyyətdəki münasibətlərdən asılıdır. Xarici ölkələrdə bununla bağlı ciddi tədqiqatlar aparan institutlar mövcuddur. Sosial münasibətlərin analizində vətəndaşların iş yeri, təhsil aldığı müəssisələr, qohumluq əlaqələri, sosial vəziyyəti və s. nəzərə alınmalıdır. Qeyd etdi ki, elektron dövlət mühitində cəmiyyətin düzgün idarə olunması üçün hər bir vətəndaşın fərdi məlumatları müxtəlif reyestrlərdən toplanaraq analiz olunmalı, oxşar əlamətlər müəyyənləşdirilməklə münasibətlər avtomatik müəyyən olunmalıdır.

“Fərdi məlumatların analizini aparmaqla münasibətləri aşkarlayan intellektual sistemin qurulması üçün metod və alqoritmlər işlənməlidir”, – deyə bildirən akademik sistem münasibətlərinin güclü və ya zəif, rəsmi və ya qeyri-rəsmi, eləcə də digər əlamətlərə görə avtomatik təsnifatlandırmasının zəruriliyindən danışdı. Elektron dövlət mühitində, elektron demoqrafiya platforması üzərində intellektual münasibətlər sisteminin yaradılmasının önəmini qeyd edən şöbə müdiri hər bir fərdin münasibətlər xəritəsinin bu fərd haqqında ümumi portret yaratdığını nəzərə çatdırdı.

Tədqiqatda ehtimal nəzəriyyəsi, statistik metodlar, qeyri-səlis qraflar və s. metodlardan istifadə olunmasının əhəmiyyətini vurğulayan elmi rəhbər məsələnin həllində Big Data problemlərinin də nəzərə alınmasını tövsiyə etdi.

Sonra seminar iştirakçıları apardıqları elmi tədqiqatlarla əlaqədar gördükləri işlər haqqında məlumat verdilər.

Akademik R.Əliquliyev bildirdi ki, doktorant və dissertanların hər birinin tədqiqat mövzusu müasir dövrdə böyük aktuallıq kəsb edir. Elmi tədqiqatların səmərəli aparılması üçün işlərin əməkdaşlar arasında bölünməsi və həll yollarının dəqiqləşdirilməsinin vacib olduğunu bildirən şöbə müdiri hər bir əməkdaşın iş təcrübəsi, təhsili nəzərə alınmaqla, elmi ədəbiyyatdan səmərəli istifadə olunmasının vacibliyini vurğuladı. Akademik qeyd etdi ki, tədqiqata qoşulan əməkdaşlar bu sahəni ciddi araşdırmalı, dünya təcrübəsini öyrənməli, elmi-nəzəri əsasları dərindən mənimsəməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı