Terminoloji informatikanın formalaşması problemləri araşdırılır Dekabr 05, 2018 | 12:05 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 16 saylı şöbənin 2018-ci il üçün hesabatı müzakirə olundu. Şöbə müdiri Gülnarə Nəbibəyova hesabatı təqdim edərək bildirdi ki, cari ildə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində tədqiqatlar aparılmışdır. O, dekabrın 13-də “Elektron dövlət  mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işinin müdafiəsinin keçiriləcəyini bildirdi.

Terminoloji informatikanın formalaşması problemləri üzrə aparılan tədqiqatlardan danışan G.Nəbibəyova bu istiqamətdə Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənildiyini vurğuladı. Şöbə müdiri termin yaradıcılığı işlərinin avtomatlaşdırılması metodlarının təhlil olunduğunu, elektron dövlət mühitində Azərbaycan dilinin qorunması və inkişaf perspektivlərinin araşdırıldığını, predment sahəsinin terminlərinin semantik şəbəkəsinin avtomatik qurulması texnologiyalarının, qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələlərinin tədqiq olunduğunu diqqətə çatdırdı.

Şöbə müdiri veb-texnologiyaları problemləri üzrə elektron dövlət mühitində veb-resursların göstəricilərinin qiymətləndirilməsi və intellektual analizi istiqamətində tədqiqatların aparıldığını, veb-spamlarla mübarizə texnologiyalarının və veb-analitika problemlərinin araşdırıldığını qeyd etdi. Bildirdi ki, cari ildə qeyri-müəyyənlik şəraitində veb-saytların multikriterial qiymətləndirilməsi və Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası istiqamətlərində tədqiqatlar aparılıb.

G.Nəbibəyova şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində müxtəlif qurumların, eləcə də AMEA-nın institut və təşkilatlarının veb-saytlarının yaradıldığını və təkmilləşdirildiyini nəzərə çatdırdı. AMEA-nın rəsmi www.science.gov.az portalının, institutun www.ikt.az saytının və AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilən veb-saytların texnoloji baxımdan mütəmadi olaraq dəstəkləndiyini qeyd etdi. Həmçinin www.transliterasiya.az saytı üzrə fəaliyyət planının hazırlandığını, saytın dizaynı və proqram təminatının işləndiyini, eləcə də AMEA institut və təşkilatlarının veb-saytlarının monitorinqinin aparıldığını vurğuladı.

G.Nəbibəyova, həmçinin şöbə əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq jurnallara və AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallara 10 məqalənin, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslara isə 8 tezisin təqdim olunduğunu bildirdi. O, şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, şöbənin elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülən işlər haqqında da məlumat verdi.

Sonda hesabat ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi. 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı