Elmi jurnalların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslər işlənilir Dekabr 03, 2018 | 10:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 12 saylı şöbənin müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin 2018-ci il üçün hesabatını təqdim etdi. Öncə elmi-tədqiqat işlərini diqqətə çatdıran məruzəçi e-elmin formalaşması problemləri istiqamətində elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi üzrə araşdırmaların aparıldığını bildirdi.

Şöbə rəhbəri beynəlxalq akademik bazalarda mövcud “yırtıcı nəşriyyat” və “oğurlanmış jurnal”ların aşkarlanması və onlardan qorunma yolları, plagiatlıqla mübarizə üsulları, antiplagiat sistemlərinin araşdırılması, Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları, eləcə də sosial şəbəkələrdə informasiyanın təsirinin modelləşdirilməsi ilə bağlı tədqiqatların da davam etdirildiyini söylədi.

E-dövlət mühitində Azərbaycan dilinə dair bəzi xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması ilə bağlı aparılan araşdırmalar haqqında məlumat verən məruzəçi bu istiqamətdə beynəlxalq standartlara əsaslanaraq İKT-nin tətbiqi ilə Azərbaycan dilinin öyrənilməsi və qiymətləndirilməsi üçün təkliflərin işlənildiyini nəzərə çatdırdı. Qeyd etdi ki, xarici dil biliklərinin mənimsənilməsində Avropa təcrübəsi və ölkəmizdə xarici dil biliklərinin qiymətləndirilməsində CEFR-in (Common European Framework of Reference for Languages) rolu araşdırılıb.

O, şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində “Elmmetriya saatı” interaktiv seminarının təşkili, institutun “Viki qrup”una rəhbərlik, əməkdaşlara jurnalların seçilməsi ilə bağlı konsaltinq xidmətlərinin göstərilməsi, eləcə də E-kitabxana Mərkəzində görülən işlərə dair məlumatları diqqətə çatdırdı.

M.Səidova beynəlxalq elmi əməkdaşlıq əlaqələri istiqamətində institut əməkdaşlarına EBSCO informasiya bazalarından istifadə imkanlarının yaradıldığını və “Exlibris” şirkəti ilə Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi və müşayiəti ilə əlaqədar əməkdaşlığın aparıldığını bildirdi.

Məruzəçi, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmmetrik göstəriciləri, elmi-texniki konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri və s. ilə bağlı yerinə yetirilmiş işlər haqqında məlumat verdi.

Şöbənin elmi fəaliyyətinə dair ətraflı fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş qiymətləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı