Sosioinformasiyanın çoxaspektli problemləri üzrə mühüm elmi-nəzəri nəticələr əldə olunub Noyabr 29, 2018 | 04:19 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 15 saylı şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova rəhbərlik etdiyi şöbənin 2018-ci il üçün hesabatını təqdim edib. İlk olaraq elmi-tədqiqat işləri haqqında məlumat verən məruzəçi elektron dövlətin insan resurslarının idarə olunması infrastrukturunda qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi mövzusunda tədqiqatların aparıldığını, alınan nəticələr üzrə cari ilin birinci yarısında bir doktorluq dissertasiya işinin hazırlanaraq müdafiə olunmaq üçün Ali Attestasiya Komissiyasına göndərildiyini, daha 4 məqalənin indeksli bazalara daxil olan jurnallarda nəşr olunduğunu qeyd edib.

Professor M.Məmmədova əmək bazarında İT-mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması mövzusu üzrə aparılan tədqiqatlar haqqında məlumat verərək alınan nəticələr üzrə 3 məqalənin indeksli jurnallarda nəşr olunduğunu və bir monoqrafiyanın hazırlandığını nəzərə çatdırıb.

Sonra prof. M.Məmmədova tibbi sosial şəbəkələrin subyektləri arasında qarşılıqlı münasibətlərin modelləşdirilməsi üçün seqmentlər üzrə məsələlərin təsnifləndirildiyini və milli sosial media mühitində tibbi kontentlərin analiz olunduğunu, intellektual dəstək tələb edən məsələlərin təyin edildiyini bildirib.

M.Məmmədova Əşyaların İnternetindən istifadə etməklə yüksək riskli obyektlərdə işçilərin fiziki vəziyyətinin parametrlərinin daimi izlənilməsi intellektual monitorinq sisteminin konseptual əsaslarının işlənməsi mövzusunda aparılan tədqiqatlar haqqında məlumat verib və alınan nəticələr əsasında bir neçə məqalənin hazırlandığını diqqətə çatdırıb.

Şöbə müdiri ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılması və intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində tədqiqatların davam etdirildiyini söyləyib, bu tədqiqatla bağlı nəşrlər haqqında məlumat verib.

Alim hesabat ilində elektron universitetin fəaliyyət konsepsiyası, model və metodlarının işlənilməsi istiqamətində aparılan tədqiqatlarda alınan elmi-nəzəri nəticələrinin sistemləşdirilərək dissertasiya işinin hazırlandığını və işin dekabr ayında institutun seminarında müzakirəyə təqdim olunacağını diqqətə çatdırıb.

Məruzəçi elmi-innovativ və praktiki fəaliyyət çərçivəsində görülən işlərdən söz açaraq şöbə əməkdaşlarının ARDNŞ-in Elm Fondunun “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” layihəsində və Avropa Təhsil Fondunun “Milli bacarıqlar Observatoriyasının formalaşmasına və fəaliyyətə başlamasına dəstək: konseptual, texniki və hüquqi aspektləri” layihəsində, çox sayda dissertasiya işlərinin və məqalələrin elmi-ekspertiza fəaliyyətində iştirak etdiklərini bildirib. Qeyd edib ki, hesabat dövründə şöbənin tədqiqatçıları tərəfindən 17 məqalə, 13 konfrans materialı hazırlanmışdır.

Prof. M.Məmmədova cari il ərzində şöbədə elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği, müxtəlif təyinatlı nəşrlərin hazırlanması çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumat verib, şöbədə “Elektron tibb: formalaşması və elmi-nəzəri problemləri”, “Electronic medicine: formalization and scientific-theoretical problems”, Интеллектуальное управление на рынке труда ИТ-специалистов” adlı 3 monoqrafiyanın hazırlandığını diqqətə çatdırıb.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev hesabata dair çıxış edərək tibbi sosial şəbəkələrdə münasibət seqmentləri üzrə qərarların qəbul olunması məsələləri, ölkə səviyyəsində fərdi tibbi məlumatların intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi, informasiya cəmiyyətinin tibbi kadrların formalaşmasına təsir modellərinin işlənilməsi ilə bağlı elmi araşdırmaların davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı