Proqramlaşdırmanın elmi-nəzəri əsasları tədqiq olunub Sentyabr 26, 2018 | 02:44 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin proqramlaşdırmanın elmi-nəzəri əsaslarına həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Məruzə ilə çıxış edən şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova proqramlaşdırmanın nəzəriyyəsi və texnologiyası, alqoritmlər nəzəriyyəsi, proqramların optimallaşdırılması üsulları və s. haqqında məlumat verdi.

Məruzəçi proqramlaşdırma nəzəriyyəsindən söz açaraq bildirdi ki, bu nəzəriyyə proqramların spesifikasiyasına əsaslanan formal metodları və riyazi fənlərə əsaslanan və riyazi analizi təmin edən metodları, eləcə də məsələlərin dərk edilməsini özündə ehtiva edir. Həmçinin riyazi simvollarlardan istifadə etməklə proqramların hazırlanmasını və kompüterdə tələb edilən nəticələrin alınması üçün düzgünlüyünü təmin edir.

“Proqramlaşdırma texnologiyası texnoloji prosesləri və onların mərhələlərini biliklər, metodlar və vasitələrdən istifadə etməklə öyrənir”, – deyə bildirən məruzəçi qeyd etdi ki, sistemə daxil olan və istifadə olunan hər bir proqram təhlükəsizlik, faydalılıq, effektivlik, universallıq, etibarlılıq, dəqiqlik, düzgünlük kimi konkret tələblərə cavab verməlidir.

Ş.Mahmudovanın sözlərinə görə, proqramlaşdırmanın müasir texnologiyalarında proqram təminatının hazırlanması prosesinə ardıcıl proses kimi deyil, bir-birinə qarşılıqlı təsir edən bir neçə paralel proses kimi baxılır.

Proqramlaşdırmanın müasir texnologiyalarından bəhs edən şöbənin baş mühəndisi bu texnologiyalara çoxməsələlilik və prosessorlar, dinamik kitabxanalar, OLE, ActiveX texnologiyası və s. aid edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, müasir dövrdə proqramlaşdırmada böyük verilənlər (Big Data), verilənlərin elmi (Data Science), bulud hesablamaları (Cloud computing), şəbəkə hesablamaları (Grid Computing) texnologiyaları da geniş tətbiq olunur.

Məruzəçi proqramlaşdırma dillərinin konseptual əsaslarından danışdı. Konkret məsələnin həlli üçün proqramlaşdırma dilinin seçilməsinin əsaslandırılması, effektiv alqoritmin işlənilməsi, dilin imkanlarından sistemli şəkildə istifadə edilməsi, əldə edilmiş biliklərdən yeni proqramlaşdırma dilinin işlənilməsində metodoloji əsas kimi istifadə edilməsi, müxtəlif hesablama modullarında proqramlaşdırma dili üçün translyatorun işlənilməsində baza biliklərin əldə edilməsinin proqramlaşdırmanın əsaslarını təşkil etdiyini dedi.

O, həmçinin proqramlaşdırma texnologiyasının inkişafı mərhələləri, proqramlaşdırma dillərinin hərəkətverici qüvvəsi və əsas elementləri, dinamik proqramlaşdırma və elementləri, elastik proqram təminatının hazırlanması barədə məlumat verdi.

Daha sonra alqoritmik təfəkkür barədə söz açan məruzəçi onun məsələlərin həllinə yönəlmiş fikrin məcmusu olduğunu qeyd etdi. Bildirdi ki, alqoritmik təfəkkür insan fəaliyyətinin istənilən sferasında məsələləri effektiv həll etməyə kömək edir.

“Proqram təminatının optimallaşdırılması bəzi proqram işlərinin aspektlərini daha effektiv etmək və ya az resursdan istifadə etmək üçün proqram təminatı sisteminin dəyişikliyi prosesidir”, – deyə bildirən məruzəçi proqram təminatının yaradılması zamanı alqoritmin effektiv işlənilməsi və verilənlərin strukturunun düzgün müəyyən edilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğuladı. 

Məruzəçi müasir dövrdə proqramlaşdırma dilləri üzrə bəzi problemlərə də rast gəlindiyini qeyd edərək onların müxtəlif sistemlər və komponentləri arasında əlaqənin təşkilinin çətinləşməsi, sistemin dəyişənlərinin tipləri, metaverilənlər, proqramın yerinə yetirilməsi zamanı meydana çıxan problemlərlə əlaqədar olduğunu söylədi.

O, həmçinin qlobal proqramlaşdırma ilə bağlı problemlərin mövcud olduğunu nəzərə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı