Proqram mühəndisliyinin elmi-nəzəri problemləri ilə bağlı araşdırmalar davam etdirilir İyun 28, 2018 | 05:29 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2018-ci ilin birinci yarısı üzrə hesabatlarına start verilib.

İnstitutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbənin yarımillik hesabatını təqdim edərək 6 ay ərzində proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması, informasiya təhlükəsizliyinin təmin olunması, biometrik texnologiyaların araşdırılması problemləri üzrə tədqiqatların davam etdirildiyini diqqətə çatdırıb.  

Şöbə rəhbəri proqramlaşdırmanın elmi-nəzəri əsaslarının öyrənilməsi ilə bağlı aparılan tədqiqatlar nəticəsində alqoritmik təfəkkürün xüsusiyyətlərinin aydınlaşdırıldığını və onların proqramlaşdırmada istifadə mexanizminin, eləcə də proqramlaşdırma və proqramlaşdırma dillərinin elmi-nəzəri əsaslarının öyrənildiyini deyib.

T.Kazımov müxtəlif texnologiyalardan istifadə etməklə proqram təminatının məhsuldarlığının artırılması üçün metod və alqoritmlərin işlənilməsi ilə bağlı görülən işlər haqqında məlumat verərək qeyd edib ki, proqram təminatının məhsuldarlığı analiz edilmiş və problemləri araşdırılmış, məhsuldarlığın analizi üzrə məsələlərin həlli üçün riyazi və mühəndislik yanaşmaları və modelləri təhlil olunmuşdur. Eləcə də proqram təminatının məhsuldarlığının artırılması yolları izah edilmiş, müəssisələrdə əməkdaşların məhsuldarlığının artırılması üçün alqoritm işlənilmişdir.

O, həmçinin proqram təminatının etibarlılığının artırılması metodlarının araşdırılması, proqram mühəndisliyi sahəsində olan standartlar və tətbiqi sahələrinin təhlili və proqram məhsullarının verifikasiya və validasiya metodlarının öyrənilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

Şöbə rəhbərinin sözlərinə görə, intellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması metodlarının işlənilməsi çərçivəsində verilənlərin sanitarizasiyasının bəzi elmi-nəzəri problemləri analiz olunmuş, aparat və proqram vasitələrinin iş alqoritmi şərh edilmişdir. Bu sahədə mövcud yanaşmalar, hüquqi mexanizmlər, tənzimləmələr və standartlar təhlil olunmuş, aktual problemlərin həlli ilə əlaqədar təkliflər irəli sürülmüş və konseptual model işlənilmişdir.

Məruzəçi beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətində L.N.Qumilyev adına  Avrasiya Milli Universitetinin İnformasiya təhlükəsizliyi və kriptoqrafiya İnstitutu, Ukrayna Milli Texniki Universiteti, “Kiyev Politexnik İnstitutu”, Yalova Universiteti, Çinin Anhui Universiteti, eləcə də “International Journal of Intelligent Information Processing”, “Communications”, “International Journal of Advanced Engineering and Management”, “Biomedical Statistics and Informatics”, “Pattern Recognition”, “British Journal of Applied Science & Technology” və digər jurnallarla əməkdaşlıq əlaqələrinin davam etdirildiyini söylədi.

T.Kazımov şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli konfranslarda, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrinin nəşri, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlərdən danışdı.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim proqramlaşdırmanın elmi-nəzəri əsaslarının öyrənilməsi, intellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması metodlarının işlənilməsi və biometrik texnologiyaların araşdırılması ilə bağlı aparılan araşdırmaların dərinləşdirilməsi və hər bir problem üzrə hazırlanmış elmi məqalənin nüfuzlu jurnallarda çap olunmasının vacibliyini qeyd etdi.

Hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı