Azərbaycanda sosial şəbəkələrin tibbi seqmentinin monitorinqi aparılır May 24, 2018 | 04:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin “Sosial mediada həkim-pasiyent münasibəti” mövzusuna həsr olunmuş növbəti seminarı keçirildi.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Aytac İsayeva Azərbaycanda sosial tibbi şəbəkələr, tibbi sosial şəbəkələrdə tibbin müxtəlif sahələri üzrə ixtisaslaşmış həkimlərin reytinqi, sosial tibbi şəbəkələrə müraciətlərin kontenti, müraciətlərdə müsbət və mənfi tendensiyaların aşkarlanması, həkim-pasiyent münasibəti, instrumental və affektiv əlaqələr və s. haqqında ətraflı məlumat verdi.

O qeyd etdi ki, hazırda müxtəlif ölkələrdə fəaliyyət göstərən klinikaların 26 faizində pasiyentlər üçün təklif edilən xidmətlərin təkmilləşdirilməsi, informasiya axtarışı, heyətin təşkili, səhiyyə sahəsində aparıcı şəxslərin fikirlərinin öyrənilməsi, tibbi aparat istehsalçıları ilə əlaqələrin yaradılması məqsədilə sosial şəbəkələrdən istifadə olunur.

Digər sahələrin mütəxəssislərinə nəzərən həkimlərin sosial mediadan daha çox istifadə etdiyini söyləyən A.İsayeva bildirdi ki, 2017-ci il ərzində  aparılmış sorğuya əsasən müəyyən olunmuşdur ki, dünya üzrə həkimlərin 80 faizi sosial mediadan şəxsi əlaqə, peşəkar kommunikasiya və tədqiqatlar üçün istifadə edirlər.

Məruzəçi Azərbaycanda bu sahədə mövcud vəziyyətdən danışdı, ölkəmizdə həkimləri bir portalda birləşdirən peşəkar sosial cəmiyyətlərin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, ”hekim.tap”, “hekimsen.az”, “saglamolun.az”, “doctormap.az” kimi şəbəkələr həkimlərə konsilium yaratmaq, daha təcrübəli həmkarları ilə kliniki vəziyyətləri tədqiq etmək, qiymətli praktiki tövsiyələr əldə etmək və s. imkanlar yaradır.

Son dövrlər ölkəmizdə pasiyentlərin sosial cəmiyyətlərin aktiv istifadəçisinə çevrildiyini vurğulayan məruzəçi onların bu üsulla eyni xəstəlik daşıyıcısı olan digər pasiyentlərlə ünsiyyət quraraq qarşılıqlı informasiya və emosional dəstək, həkimlərlə onlayn əlaqə qurmaqla pulsuz konsultasiyadan yararlanmaq və ya ilkin müalicə, xəstəliklərin simptomları haqqında məlumat əldə etdiklərini nəzərə çatdırdı. Qeyd etdi ki, Azərbaycanda pasiyentlər daha çox “Facebook” şəbəkəsindən yararlanmaqla tibbi informasiya əldə edirlər.

“Həkim və pasiyent arasında qarşılıqlı əlaqə pasiyentin sağlamlığına bir neçə yolla təsir edir”, – deyə bildirən məruzəçi bu təsirləri müəyyən etmək üçün həkim və pasiyent arasında qarşılıqlı əlaqənin instrumental davranış və affektiv davranış kimi sinifləşdirildiyini söylədi. O, həkim-pasiyent münasibətinin affektiv və instrumental davranışını müəyyən etmək üçün “Youtube” sosial şəbəkəsində apardığı sorğunun nəticələrini təqdim etdi.

A.İsayeva, həmçinin həkim-pasiyent münasibətinin texniki, sarkal, həmkar və müqavilə modelləri barədə ətraflı məlumat verdi.

Məruzəçi qeyd etdi ki, sosial şəbəkələr pasiyentlərə fayda gətirməklə yanaşı, ciddi təhlükə törədə biləcək güclü resursdur: “Qeyri-peşəkarcasına qoyulmuş diaqnoz, təhrif olunmuş kontentin paylanması pasiyentlərin sağlamlıq vəziyyətini ağırlaşdıra, xəstəliklərini xroniki mərhələyə sala və ölüm riski yarada bilər. Bununla yanaşı, pasiyentlərin konfidensiallığının pozulması, həkimlərin reputasiyasına xələl gətirilməsi kimi risklər də törədə bilər”.

Məruzəçi bildirdi ki, bu kimi problemlərin yaranmasının qarşısının alınması üçün ABŞ Tibb Asossiasiyası, ABŞ Həkimlər Təşkilatı, Mayo və Klivlend klinikaları, eləcə də bir sıra digər səhiyyə müəssisələri sosial media siyasətini yaradıblar. Bu siyasətin yaradılması pasiyentlərlə peşəkar sərhədlərin qorunması, pasiyentlərin şəxsi məlumatlarının konfidensialığının qorunmasına  və s. imkan verir.

Məruzə ətrafında müzakirələr aparıldı, şöbə müdiri, AMEA-nın müxbir üzvü t.e.d., prof. Məsumə Məmmədova tədqiqatın inkişaf istiqamətləri ilə bağlı tövsiyələrini bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı