Vebometriyaya dair tədqiqatlar aparılır May 02, 2018 | 03:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. İnstitutun böyük elmi işçisi Rəhilə Həsənova “Vebometriya” mövzusunda məruzəni təqdim edərək bildirdi ki, vebometriya İnternetin qiymətləndirilməsi məqsədi ilə hiper-əlaqələrin sayı və tipi haqqında bilikləri öyrənən elm sahəsidir. Məruzəçinin sözlərinə görə, vebometriya, həmçinin ölkələrin və universitetlərin qiymətləndirilməsi ilə də məşğul olur, dünya universitetləri, elmi saytların keyfiyyət və kəmiyyət göstəricilərinə əsasən reytinqlərini təyin edir. Reytinqlərin siyahısı yalnız universitetlərlə məhdudlaşmır, buraya həmçinin elmin müxtəlif fəaliyyət sahələri, fənlər, proqramlar da aid edilir.

Vebometriyada “Academic Ranking of World Universities – ARWU”, “Times Higher Education – QS World University Rankings” və “Ranking Web of World Universities” əsasında qiymətləndirmələrin aparıldığını söyləyən R.Həsənova “ARWU”da istifadə olunan göstəricilərdən söz açdı, bu göstəricilərin hər birinin çəki əmsalı və məzmunu haqqında məlumat verdi.

O, “ARWU” qiymətləndirməsinin ilk dəfə 2003-cü ildə Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən təhsilin keyfiyyətinə və elmi tədqiqatın əhatəliliyinə görə Çin universitetlərinin dünyanın aparıcı universitetlərindən geridə qalma dərəcəsinin qiymətləndirilməsi məqsədilə işləndiyini diqqətə çatdırdı. Qeyd etdi ki, elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi üçün Şanxay reytinqində xüsusi işlənmiş göstəricilərdən istifadə olunur.

Məruzəçi, həmçinin bu qiymətləndirmənin 2017-ci il üçün reytinq cədvəlinə daxil olan ilk 10 universitetin siyahısını təqdim etdi.

R.Həsənova “Times Higher Education – QS World University Rankings” barədə də məlumat verdi. O, bu reytinqdə “Peer Review Score”, “Recruiter Review”, “International Students”, “International Faculty”, “Faculty/Student”, “Citation/Faculty” göstəricilərindən istifadə olunduğunu söylədi. Bildirdi ki, “Times Higher Education World University Rankings” universitetlərin əsas göstəricilərini (tədris, elmi tədqiqat, biliyin ötürülməsi, beynəlxalq  perspektivi) nəzərə alan yeganə qlobal qiymətləndirmə sistemidir.

Məruzəçi 2004-cü ildən tətbiq olunan “Ranking Web of World Universities” adlı layihədən danışaraq İspaniyada universitetlərin elmi və təhsil fəaliyyətinin nəticələrinin onların İnternet saytları vasitəsilə əks olunması konsepsiyasına əsaslanan universitetlərin reytinqi olduğunu söylədi. Qeyd etdi ki, bu reytinqdə ali məktəblər onların veb-saytlarının zənginlik dərəcəsinə görə müqayisə edilir: “Ranking Web of World Universities” dünyanın ən yaxşı ali məktəblərin elmi-tədqiqat fəaliyyətinin nəticələri kimi qiymətləndirilir”.

Bu reytinqdə qiymətləndirmənin regionlar üzrə aparıldığını söyləyən məruzəçi reytinqdə ilk 10-luğa daxil olan dünya universitetlərinin siyahısını nümayiş etdirdi. O, 11998-ə yaxın universitetin yer aldığı cədvələ Azərbaycanın 46 dövlət və özəl universitetinin adının da daxil edildiyini vurğuladı.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı