Akademik Rasim Əliquliyev: “Orfoqrafiya sözünün özünün düzgün yazılışına ehtiyac var” Mart 06, 2018 | 09:00 / Müsahibələr, çıxışlar

“Orfoqrafiya” sözünün özünün düzgün yazılışına ehtiyac var, çünki “orfoqrafiya” sözü dilimizə yanlış formada daxil olub”.

Bunu “Trend” agentliyinə müsahibə zamanı AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.

Akademikin sözlərinə görə, “orfoqrafiya” sözünün kökü səhvdir. Bu sözdəki “f” səsi “t” olmalı, yəni “orfoqrafiya” deyil, “ortoqrafiya” kimi yazılmalıdır.

R.Əliquliyev bildirib ki, “orfoqrafiya” sözünün kökü “orto”dur. Qədim yunan, latın dillərində, eləcə də ingilis dilində bu sözün kökü “orto” kimi qeyd edilib: “Bu, hansısa subyektiv səhvin hesabına rus dilinə, rus dilindən də Azərbaycan dilinə “orfoqrafiya” kimi daxil olub. Bu sözlərin özünün düzəlişə ehtiyacı var. Çünki “orto” sözü “düz”, “düzgün”, “düzbucaqlı” deməkdir. Yeri gəlmişkən, əksər ölkələrdə, o cümlədən Türkiyədə də orto önlüyü işlədilir. Beynəlxalq səviyyədə orfoqrafiya sözü anlaşılmır. Ona görə Azərbaycanda da bu məsələ nəzərə alınmalıdır.

Xatırladaq ki, 2004-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə öz əksini tapmış orto önlüklü, ingilis mənşəli 34 söz “orto” frazası ilə (məsələn, ortodoks, ortoqonal, ortopediya, ortoxəritə və s.) başlayır.

Qeyd edək ki, dilimizdə işlədilən alınma sözlərin əksəriyyətində bu cür problemlər mövcuddur. Bu kimi səhvlərin meydana gəlməsinin əsas səbəbi Azərbaycan dili qrafikası və digər dillərin qrafikası arasında transliterasiya cədvəllərinin mövcud olmamasıdır. Belə problemlərin gələcəkdə də baş verməsinin qarşısının alınması üçün ölkəmizdə tez bir zamanda qrafikalararası transliterasiya standartlarının qəbul edilməsinə böyük ehtiyac vardır.

Bu işlər görülərsə, xarici dillərdən dilimizə və əksinə, yəni Azərbaycan dilindən digər dillərə keçid vaxtı ilkin sözlərin çoxlu variantlarının meydana gəlməsinin qarşısı alınar. Məsələn, transliterasiya standartlarının olmadığına görə Naxçıvan sözünün ingilis dilində “Nakhchivan”, “Nakhichevan”, “Nakhichivan”, “Nakhchevan”, “Naxchivan”, “Nakhcivan” kimi, Gəncə sözünün isə “Ganja”, “Gandja”, “Gendja”, “Gendzha”, “Gandzha”, “Gence” kimi variantlarına rast gəlinir. Başqa sözlə, Azərbaycan dilində olan ilkin sözlər ingilis dilində öz identikliyini itirirlər.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı