İnstitutda Əlcəzairin Azərbaycandakı səfiri ilə görüş keçirildi Yanvar 26, 2018 | 10:35 / Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, cənab Abbes Benmoussat ilə görüş keçirildi. Əsas məqsəd iki ölkə arasında elmi əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Görüşdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, elmi katib Mədinə Səidova və beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev də iştirak edirdilər.

Öncə çıxış edən cənab A.Benmoussat təmsil etdiyi ölkə ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqdan söz açdı. Gələcəkdə iki ölkənin elmi müəssisələri arasında əlaqələrin davam etdirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması və birgə tədqiqatlarda iştirakın vacibliyini vurğuladı.

Səfir yaxın vaxtlarda Əlcəzairdən olan nümayəndə heyətinin Azərbaycana səfərinin nəzərdə tutulduğunu, bu heyətin tərkibində Əlcəzair Elm və Texnologiya Akademiyasının prezidenti, prof. xanım Malikə Allab-Yakerin də yer alacağını qeyd etdi.

Sonra institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycanla Əlcəzair arasında müxtəlif istiqamətlərdə – siyasi, iqtisadi və digər sahələrdə mövcud olan tarixi əlaqələrdən danışdı, elmi əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini önə çəkdi.

İki ölkə arasında din, iqlim, tarix və mədəniyyət sahəsində oxşarlıqların mövcud olduğunu deyən alim Əlcəzairli tələbələrin vaxtilə ölkəmizdə hərbi və neft sahələri üzrə təhsil aldıqlarını xatırlatdı.

R.Əliquliyev Əlcəzair Elm və Texnologiya Akademiyasının prezidenti, professor Malikə Allab-Yakeri rəhbərlik etdiyi quruma dəvət etdi.

Daha sonra qonağa institutun Tədris-İnnovasiya Mərkəzi və AzScienceNet-in Verilənlərin Emalı Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verildi.

Bildirildi ki, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesi Tədris-İnnovasiya Mərkəzində həyata keçirilir, həmçinin onlara İnternet üzərindən videokonfrans sistemi vasitəsilə distant mühazirələr oxunur.

Qeyd olundu ki, AzScienceNet vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Wi-Fi, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hosting, Eduroam kimi İnternet xidmətləri göstərilir. 1 Gbit/s sürətlə  Pan-Avropa elm və təhsil şəbəkəsinə (GEANT) qoşulmuş AzScienceNet-in hesablama gücü 17 Tflops, xarici yaddaşının həcmi isə 400 Tbayt-a bərabərdir.

Səfir A.Benmoussat institutda yaradılmış innovativ şəraiti yüksək qiymətləndirdi, birgə əməkdaşlıq üçün lazımi köməkliyi göstərməyə hazır olduğunu dedi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı