Dissertasiya şurasının növbəti iclası keçirildi Oktyabr 30, 2017 | 03:00 / Konfranslar, iclaslar

Oktyabrın 27-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda FD.01.231 Dissertasiya şurasının növbəti iclası keçirildi.

İclası giriş sözü ilə açan şuranın sədri, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Alim iclasın 3338.01 – sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə təqdim olunmuş Ramin Səmədovun “Hesablama buludları mühitində paylanmış informasiyanın emalı alqoritmlərinin və proqram vasitələrinin işlənməsi” və Şəlalə Cəfərovanın “Qeyri-səlis cəbri Petri şəbəkəsinin tətbiqi ilə çevik istehsal sisteminin modelləşdirilməsi” mövzularında dissertasiya işlərinin müdafiəsinə həsr olunduğunu bildirdi.

Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev iddiaçı R.Səmədovun şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

Sonra iddiaçı R.Səmədov dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.

İddiaçı bildirdi ki, böyük hesablama və yaddaş resurslarının istifadəsinə imkan verən hesablama buludları texnologiyası müxtəlif təşkilat və ya müəssisələrin istifadəçilərinin bu texnologiyadan səmərəli istifadəsinə imkan yaradır və bu texnologiyada paylanmış informasiyanın emalı aktual məsələlərdəndir.

Məruzəçi qeyd etdi ki, dissertasiya işinin məqsədi hesablama buludları arasında nasazlığa qarşı dayanıqlığın və məhsuldarlığın artırılması üçün paylanmış məlumatların emalı alqoritmi və proqram vasitələrinin işlənməsidir.

İddiaçının sözlərinə görə, dissertasiya işində hesablama buludları mühitinə sistemin tam ehtiyat nüsxəsinin göndərilməsi alqoritmi işlənmiş, nasazlığa qarşı dayanıqlığın artırılması üçün alqoritmlər təklif olunmuşdur. “Oracle” verilənlər bazasından məlumatları hesablama buludları mühitinə işləyən NOSQL verilənlər bazasına miqrasiyası alqoritmi işlənmişdir. Həmçinin paylanmış elektron ödəmələrin hesablama buludları mühitində emalı alqoritmi təklif olunmuşdur.

Bütün alqoritmlər əsasında təcrübələrin aparıldığını qeyd edən R.Səmədov əldə olunmuş elmi nəticələrin təhlil olunduğunu və “Paşa Bank”da istismar olunan proqram təminatında istifadə edildiyini diqqətə çatdırdı.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Daha sonra çıxış edən elmi rəhbər Azərbaycan Respublikasının Əməkdar müəllimi, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev dissertasiya işinin əhəmiyyətindən danışdı, mövzunun aktuallığını qeyd etdi.  

Dosent Ramiz Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.

Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktoru, professor Valeh Mustafayev və texnika üzrə fəlsəfə doktoru Araz Yusubov çıxış edərək dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər, təklif və iradlarını səsləndirdilər.

Müzakirələrdə texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə MəmmədovaAMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə elmlər doktoru, professor Məhəmməd Əhmədov, texnika üzrə elmlər doktoru Nadir Ağayev və texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev çıxış edərək dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını bildirdilər, gələcəkdə bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdilər.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və R.Səmədova texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

Sonra dissertant Şəlalə Cəfərovanın dissertasiya işi təqdim olundu.

Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev öncə iddiaçı Ş.Cəfərovanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

İddiaçı “Qeyri-səlis cəbri petri şəbəkəsinin tətbiqi ilə çevik istehsal sisteminin modelləşdirilməsi” mövzusunda dissertasiya işini təqdim edərək onun aktuallığı, məqsədi və məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.

Qeyd etdi ki, dissertasiya işinin məqsədi qeyri-müəyyən mühitdə fəaliyyət göstərən çevik texnoloji sistemlərin qeyri-səlis PŞ-nin cəbri genişlənmələrinin tətbiqi ilə modelləşdirilməsi və tədqiqinin model və alqoritmlərinin işlənməsidir.

İddiaçı bildirdi ki, qeyri-müəyyən və ya qeyri-səlis xarakterli mühitlərdə fəaliyyət göstərən avtomatik və avtomatlaşdırılmış sistemlərin layihələndirilməsinin ilkin mərhələlərində onların riyazi üsullarla modelləşdirilməsi və tədqiqi əsas məsələlərdəndir.

Tədqiqatçının sözlərinə görə, dissertasiya işində qarşıya qoyulmuş məsələlərin həllində qeyri-səlis petri şəbəkəsi (PŞ) riyazi aparatı, matris, qraflar, qeyri-səlis çoxluqlar, formal dillər nəzəriyyələri, süni intellektin müasir konsepsiya və metodları istifadə edilmişdir. Paralel proseslərin qeyri-səlis produksiya modelinin qeyri-səlis petri şəbəkəsinin müxtəlif genişlənmələri şəklində təsviri və analizi alqoritmləri işlənmişdir.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

İddiaçınının elmi rəhbər texnika üzrə elmlər doktoru, professor Məhəmməd Əhmədov çıxış edərək işin aktual problemlərə həsr olunduğunu bildirdi, mövzunun əhəmiyyətini vurğuladı.

Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.

Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktoru, professor Vidadi Musayev və texnika üzrə fəlsəfə doktoru, dosent Nazilə Rəhimova çıxış edərək dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu vurğuladılar, tədqiqatın praktiki əhəmiyyətini qeyd etdilər, təklif və iradlarını bildirdilər.

Müzakirələrdə texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev çıxış edərək dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını bildirdilər, gələcəkdə bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsini, əhəmiyyətli elmi nəticələr əldə edilməsini tövsiyə etdilər.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və Ş.Cəfərovaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı