“Fulbright” təqaüd proqramının imkanları müzakirə olundu Oktyabr 23, 2017 | 12:40 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclasında müzakirə olunan məsələlərdən biri də “Fulbright” təqaüd proqramı ilə bağlı idi. 

Təqaüd proqramı haqqında məruzə ilə çıxış edən institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Təranə Nəsibli proqramın yaranma tarixi barədə məlumat verdi. 1946-cı ildə Amerika Senatoru J.Villiam Fulbright tərəfindən təsis olunmuş təhsil və tədqiqat yönümlü beynəlxalq mübadilə proqramının ABŞ-da Beynəlxalq Təhsil İnstitutu, digər ölkələrdə isə ikitərəfli komitələr və ABŞ səfirliyi tərəfindən idarə olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, indiyədək dünyanın 165 ölkəsindən 300 mindən çox məzunun olduğu proqramda illik 8 min qrant ayrılır.

Məruzəçi “Fulbright” mübadilə proqramının magistrlər üçün “Fulbright Student Program”, professor-müəllim heyəti üçün “Fulbright Faculty Development Program”, doktorluq dərəcəsi almış şəxslər üçün tədqiqat yönümlü “Fulbright Visiting Scholars Program”larının mövcud olduğunu qeyd etdi. Bu proqramlardan Azərbaycanlı tələbələr, müəllim-professor heyəti, eləcə də elmi tədqiqatlar aparan mütəxəssislərin yararlanma imkanının olduğunu söylədi. O, həmçinin qeyd olunan proqramlara müraciət üçün tələblər və müraciət sənədləri barədə məlumatı nəzərə çatdırdı.

“Fulbright Faculty Development Program”ın üstünlüklərindən danışan məruzəçi bu proqramın yeni dərs metodikasının öyrənilməsi və tədrisdə kurrikulumların tətbiqi, tədris bacarıqları və metodikasının ABŞ təhsil metodları əsasında formalaşdırılması, peşəkar biliklərin artırılması, mübadilə vasitəsilə müxtəlif ali təhsil müəssisələrində iştirak və s. xidmət etdiyini vurğuladı. Bildirdi ki, 1 və ya 2 akademik semestr ərzində davam edən proqramda iştirak edən şəxslərin gediş-gəliş və ölkədaxili nəqliyyat, tibbi sığorta xərclərinin qarşılanması və aylıq təqaüdlə təmin olunması nəzərdə tutulub.

T.Nəsibli “Fulbright Visiting Scholars Program”ı barədə də məlumat verərək biznesin idarə olunması, kimya, psixologiya, iqtisadiyyat, mühəndislik, riyaziyyat, fizika, siyasi elmlər, tibb, jurnalistika və s. sahələrdə fəaliyyət göstərən fəlsəfə doktoru elmi dərəcəsinə və yüksək səviyyədə ingilis dili biliklərinə malik şəxslər üçün nəzərdə tutulduğunu dedi. 26 Oktyabr 2017-ci il tarixində Bakı Amerika Mərkəzində “Fulbright Visiting Scholar Program” ilə bağlı məlumat gününün keçiriləcəyini diqqətə çatdırdı. 

Tədbirdə, həmçinin institutun əməkdaşı Səməd Dursunov ən son İKT yeniliklərinə dair təqdimatla çıxış etdi. O, İsveçrənin “ABB” şirkətinin hazırladığı robot-dirijor “YuMi”, sənaye robotlarından ibarət olan musiqi qrupu “Automatica”, “Lenovo” şirkətinin istehsal etdiyi ilk qatlana bilən telefon, “Quicktron” anbar robotları, ingilis dilindən yapon və çin dillərinə tərcümə edən “ILI” qadceti və “Fujitsu” şirkətinin istehsal etdiyi tərcümə qurğusu haqqında ətraflı məlumat verdi. 

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.  

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı