İnstitutun Elmi şurasının növbəti iclası keçirildi Oktyabr 18, 2017 | 04:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi. Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev öncə 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə institutun kollektivini təbrik etdi. Alim müstəqilliyimizin əldə olunma tarixi barədə məlumat verərək bildirdi ki, 1991-ci ildə SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi Azərbaycan Ali Soveti də “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edərək suveren dövlət kimi dünya birliyinin üzvü olmuşdur. Qeyd etdi ki, müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkədə baş verən siyasi çəkişmələr aradan qalxmış, ölkədə sabitlik təmin olunmuşdur.

26 il ərzində ölkədə dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini söyləyən alim bu gün Azərbaycanın həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini vurğuladı.

Müstəqillik əldə etdikdən sonra ölkəmizdə informasiya siyasətinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının böyük rola malik olduğunu deyən akademik ölkədə ilk İnternetə çıxışın 1991-ci ildə məhz İnformasiya Texnologiyaları İnstitutunda təmin olunduğu nəzərə çatdırdı. Alim müasir dövrdə ölkədə yüksəksürətli İnternetə çıxış imkanlarının yaradıldığını qeyd edərək bununla hər bir insanın informasiya əldə etmək, toplamaq və yaymaq hüquqlarının məhdudiyyətsiz olaraq təmin olunduğunu bildirdi.

Sonra R.Əliquliyev iclasın gündəliyində duran məsələlər haqqında məlumat verərək tədbirdə müzakirə olunacaq məsələləri diqqətə çatdırdı.

İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev “Şərq Tərəfdaşlığı Elektron İnfrastruktur Beynəlxalq Konfransı”nda (2nd Eastern Partnership E-Infrastructure Conference (EaPEC 2017) iştirakı haqqında məlumat verdi. Cari ildə Minskdə (Belarus) keçirilən konfransın Şərq Tərəfdaşlığı ölkələri və Avropanın elm və təhsil üzrə şəbəkə infrastrukturları arasında təcrübə mübadiləsinin aparılmasına imkan verən platforma olduğunu bildirdi. Qeyd etdi ki, konfransda Avropa İttifaqının Belarus nümayəndəliyinin rəhbəri, Belarus Milli Elmlər Akademiyasının rəhbəri, Belarusun təhsil nazirinin birinci müavini, Avropa Komissiyasının nümayəndələri, GEANT-ın icraçı direktoru, EaP Connect layihəsinin meneceri və digərləri iştirak ediblər.

Tədbirdə Avropanın elm və tədqiqat siyasəti, açıq elm üçün elektron infrastrukturlar, elmi verilənlərin menecmenti, mədəni mirasın rəqəmsallaşdırılması, elm və tədqiqat üçün İnternet azadlığı və digər mövzular ətrafında müzakirələrin aparıldığını söyləyən V.Musayev konfransda “Lightning Talks” seksiyasının sədri kimi iştirak etdiyini diqqətə çatdırdı. O, seksiyada müzakirə olunan layihələrdən söz açaraq beyinlə idarə olunan dron “Minddrone”, insan beyninin informasiya emalı prinsiplərinin anlaşılması və ondan kompüter üçün istifadə edilməsinə xidmət edən “Human Brain Project”, elm üçün açıq kodlu bulud platforması “İndigo – Data Cloud” layihələri haqqında məlumat verdi.  

V.Musayev, həmçinin tədbirdə beynəlxalq səviyyədə tədqiqatlar aparmağa dəstək məqsədilə təklif olunan “Tədqiqatını işıqlandır” layihəsinin qaliblərinin adlarının açıqlandığını bildirdi. O, cari ildə Utrext Universitetinin doktorantı İqbal Səfərovun “E-dövlətin açıq verilənləri” layihəsinin qalib layihələr sırasına daxil olduğunu vurğuladı.

Şöbə müdiri tədbirin sonunda uzaq məsafədən yüksəksürətli görüntü və səs ötürən, musiqinin qloballaşmasına imkan verən “LOLA” (LOw LAtency audio visual streaming system) audiovizual sistemi vasitəsilə bir neçə ölkə arasında eyni zamanda canlı konsertin nümayiş olunduğunu diqqətə çatdırdı.

İclasda, həmçinin institutun 2017-2018-ci tədris ilində qəbul olunmuş magistrantları, 2018-ci il doktorantura və dissertanturasına qəbulu, doktorant və dissertantlarının attestasiyasının keçirilməsi haqqında müzakirələr aparıldı.

Öncə cari ildə AMEA-nın magistraturasına keçirilmiş müsabiqədən danışan institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov bildirdi ki, cari ildə institutda “Paylanmış sistemlər və şəbəkələr” və “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisasları üzrə 2 yer ayrılmışdır. AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavrı Aytən Məmmədova və Bakı Mühəndislik Universitetinin bakalavrı Qalib Sarayev qeyd olunan ixtisaslar üzrə magistrant adını qazanmışlar. İnformasiya Texnologiyaları İnstitutunun magistrantı Qalib Sarayev 143 bal toplayaraq AMEA üzrə ən yüksək nəticə göstərmişdir.

Məruzəçi institutda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantların 2017-ci il üzrə attestasiyasının nəticələri haqqında məlumat verdi. Bildirdi ki, cari ilin sentyabr ayından başlayaraq institutun doktorant və dissertantlarının attestasiyası keçirilir. Bu prosesdə 5 doktorant, 15 dissertant və 8 elmlər doktoru iddiaçı olaraq iştirak edir. Onun sözlərinə görə, artıq 16 iddiaçı attestasiya edilib.

O, həmçinin 2017-ci ildə doktorantura və dissertanturaya ayrılmış plan yerləri barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, fəlsəfə doktoru proqramı üzrə 6  (3 doktorant, 3 dissertant), elmlər doktoru proqramı üzrə 1 yer (dissertant) ayrılmışdır.

Məruzələr ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı