Kiber-fiziki sistemlərin informasiya təhlükəsizliyinin təmin edilməsi metodları tədqiq olunub Sentyabr 22, 2017 | 05:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin “Kiber-fiziki sistemlərin informasiya təhlükəsizliyinin təmin edilməsi metodları” mövzusunda dissertasiya işinin planı və iş üzrə ilkin tədqiqatların müzakirəsinə həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostat hazırda baş verməkdə olan 4-cü sənaye inqilabının əsas hərəkətverici qüvvələrindən olan kiber-fiziki sistemlərin təhlükəsizliyinin təmin olunmasının xüsusi aktuallıq kəsb edən məsələlərdən olduğunu qeyd etdi.

“Kiber-fiziki sistemlər müasir sensor, hesablama və şəbəkə texnologiyalarından istifadə edərək kiber və fiziki komponentləri birləşdirən sistemlərdir”, – deyə bildirən məruzəçi bu sistemlərin əsasını təşkil edən texnologiyalar haqqında məlumat verdi. Bildirdi ki, bu texnologiyalara “Əşyaların İnterneti”, smart-texnologiyalar, bulud hesablamaları, Big Data və s. daxildir.

Onun sözlərinə görə, kiber-fiziki sistemlər smart-istehsal, smart-tibb, smart-binalar, smart-avtomobillər, müdafiə sistemləri, meteomüşahidə sistemləri və digər sferaların inkişafı üçün əsas texnologiyadır. Bu sistemlərin tətbiqlərinin sürətlə artması informasiya təhlükəsizliyi və fərdi məlumatların konfidensiallığı ilə bağlı bir sıra problemlər doğurur. Kiber-fiziki sistemlər kiber və fiziki sistemlər arasındakı qarşılıqlı təsirin xarakteri, miqyası və həcmini genişləndirir, bu isə onların təhlükəsizliyinin təmin edilməsini çətinləşdirir.

Məruzəçi, həmçinin tədqiqat işində kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyi risklərinin analizi, kiberhücumların nəticələrinin qiymətləndirilməsi, hücumların aşkarlanması və qarşısının alınması metodlarının işlənməsi, etibarlı və imtinalara dayanıqlı təhlükəsizlik arxitekturalarının təklif edilməsi üzrə mövcud işlərin analizinin aparıldığını diqqətə çatdırdı.

L.Suxostat klasterizasiya əsasında Big data-da anomaliyaların aşkarlanması üçün yanaşmaların təklif edildiyini qeyd edərək hər bir yanaşma haqqında ətraflı məlumat verdi. Bildirdi ki, müxtəlif ölçülü real verilənlər üzərində aparılmış eksperimentlər təklif edilmiş yanaşmaların həm klasterizasiyada, həm də anomaliyaların aşkarlanmasında effektivliyini göstərmişdir.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev kiber-fiziki sistemlərin informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi, bir sıra təkliflər səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı