Elektron təhsil problemlərinə həsr olunmuş elmi seminar keçirildi Yanvar 16, 2017 | 02:52 / Konfranslar, iclaslar

Təhsildə İKT-nin tətbiqi problemlərinin araşdırılması institutun əsas hədəflərindəndir

Bu fikirləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun “Elektron təhsil sahəsində problemlər və perspektivlər” mövzusuna həsr olunmuş elmi seminarında çıxışı zamanı səsləndirdi.  Son zamanlar AMEA-da elm və təhsilin inteqrasiyası ilə bağlı kompleks tədbirlərin görüldüyünü diqqətə çatdıran alim ölkəmizdə əldə olunan qabaqcıl elmi biliklərin təhsil sahəsinə ötürülməsinin, vətəndaş təhsilinin formalaşdırılmasının vacibliyini qeyd etdi.  

Bu gün dünya təhsil sistemində inqilabi dəyişikliklərin baş verdiyini vurğulayan R.Əliquliyev bu sahədə yeni çağırışlardan danışdı. Bildirdi ki, Azərbaycanda e-təhsilin təşkili və distant tədrisin inkişafı həm elm, həm də təhsil müəssisələri qarşısında duran mühüm vəzifələrdəndir. Bu sahədə dünyanın aparıcı universitetlərinin təcrübəsi, əldə olunan nailiyyətlər və yeni baxışlar araşdırılmalıdır. Alim,  xüsusilə gənclərin bu prosesdə fəal iştirakının zəruriliyini önə çəkdi.

“Təhsildə İKT-nin tətbiqi problemlərinin araşdırılması institutun əsas hədəflərindəndir”, – deyə bildirən alim bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinin vacib olduğunu diqqətə çatdırdı.

Sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev “Elektron təhsil sahəsində problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, e-təhsil daha geniş istifadəçi auditoriyasına malik olmağa, tədris materialı və xərclərinə qənaət etməyə, uzaq məsafədən dərslər keçməyə imkan verir.  

Elektron tədrisin yaradılmasının çoxsaylı aspektlərə malik olduğunu qeyd edən məruzəçi, buraya metodoloji təminat, texniki təminat, proqram təminatı, informasiya təminatı və s. aid olduğunu dedi. O, e-təhsildə Big data-nın imkanlarından söz açaraq bildirdi ki, Big data mütəxəssislərə fərdiləşdirilmiş kurslar təşkil etməyə imkan verir. 

F.Ağayev e-təhsil sahəsində mövcud olan təhlükələr haqqında da məlumat verərək informasiya, psixoloji, didaktik və fiziki təhlükələrdən söz açdı. Qeyd etdi ki, imtahan verən tələbənin identifikasiyası, tədris resurslarının tamlığının pozulması və qeyri adekvatlığı e-təhsilin normal fəaliyyətinə mane olan təhlükələrdir.

O, həmçinin e-təhsil indikatorları, e-learning komponentlərinin idarə edilməsi, e-təhsil və Cloud texnologiyası, e-təhsil sahəsində keçirilən beynəlxalq konfranslar və nəşr olunan elmi jurnallar haqqında ətraflı məlumat verdi.

Məruzə ətrafında geniş müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı