Böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri araşdırılıb Dekabr 06, 2016 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının iclasında institutun 13 saylı şöbəsinin müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbənin illik hesabatını təqdim etdi.  Öncə şöbədə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verən məruzəçi böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri istiqamətində Big Data analitika və mətnlərin ümumi referatının yaradılması üçün metodların işlənildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, cari ildə institutun 1, 2 və 17 saylı şöbələri ilə birgə neft-qaz sənayesi üçün Big Data analizi texnologiyaları tədqiq olunub.

E-dövlət mühitində verilənlərin intellektual analizi problemləri istiqamətində aparılan araşdırmalar barədə məlumat verən R.Alıquliyev bu istiqamətdə sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə e-dövlətin tədqiq olunduğunu söylədi. E-elmin formalaşması problemləri üzrə elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənildiyini, e-təhsilin formalaşması problemləri üzrə isə virtual mühitdə biliklərin qiymətləndirilməsinin intellektual metod və alqoritmlərinin işlənildiyini bildirdi.

Alimin sözlərinə görə, hesabat ilində şöbədə karbohidrogen yataqlarının istismarı zamanı aparılan müşahidələrin statistik işlənilməsi və uyğun riyazi modellərin tədqiqi ilə bağlı tədqiqatlar da aparılmışdır.

Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu və AR Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) maliyyələşdirdiyi qrant layihələri də üzrə görülmüş işlər haqqında məlumat verdi. 

Cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirak etdiyini və 12 konfrans materialının nəşr olunduğunu, impakt faktorlu, eləcə də nüfuzlu elmi bazalarda indeksləşən, respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısında olan jurnallarda isə 17 elmi məqaləsinin nəşr olunduğunu qeyd etdi.

Müxtəlif növ kitab və kitabçaların hazırlanması istiqamətində görülmüş işlərdən danışan R.Alıquliyev “E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr” və “Azərbaycan elmi Scopus bazasında. 1961-2015-ci illər üzrə bibliometrik analiz” adlı ekspress-informasiyaların nəşr olunduğunu söylədi.

Cari ildə şöbə əməkdaşlarının məqalələrinə 204 istinadın qeydə alındığını vurğulayan alim ən çox istinad alan məqalələri tədbir iştirakçılarının nəzərinə çatdırdı.

R.Alıquliyev beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və davamlı inkişafı istiqamətində görülmüş işlərdən də söz açdı. Bildirdi ki, Avstraliya Federasiya Universiteti, Malaya Universiteti (Malayziya) və Qazaxıstan İnformasiya və Hesablama Texnologiyaları İnstitutu ilə qurulmuş əlaqələr uğurla davam etdirilir.

Şöbənin cari il üzrə fəaliyyəti Elmi Şuranın üzvləri tərəfindən yüksək qiymətləndirildi. Məruzə ilə bağlı müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı