Rasim Əliquliyev

 

Ümumi məlumat

Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə anadan olmuşdur.

1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Avtomatika və hesablama texnikası” fakültəsini “Elektron hesablama maşınları” ixtisası üzrə bitirmişdir.

1979-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışmışdır.

1983-1986-cı illərdə AEA Kibernetika İnstitutunda “Avtomatlaşdırılmış idarəetmə sistemləri” ixtisası üzrə aspiranturada təhsil аlmışdır.

1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) Şöbəsinə köçürülmüşür.

1986-2001-ci illərdə AEA AİS Şöbəsində (1997-ci ildə AİS şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi təşkil olunmuşdur) böyük mühəndis, aparıcı mühəndis, “Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi, təşkilatın baş mühəndisi – direktor müavini vəzifələrində işləmişdir.

2002-ci ildən AMEA-nın (2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin) İnformasiya Texnologiyaları İnstitutunun (institut 2002-ci ildə İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinin əsasında yaradılmışdır) direktoru (hal-hazırda baş direktor adlanır). Texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüdür (akademik).

2007-ci ildə “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü (akademik) seçilmişdir.

2013-2019-cu illərdə AMEA-nın akademik-katibi vəzifəsində işləmişdir.

2019-cu ildə AMEA-nın vitse-prezidenti seçilmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

2021-2023-сü illərdə ABŞ-nin Stenford Universiteti və Niderlandın “Elsevier” nəşriyyatı tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu 2% alimlərinin reytinq qiymətləndirmə siyahısına seçilib.

Ailəlidir: 1 qızı və 1 oğlu var.

 

Əlaqə məlumatları:

 
Xidməti tel.: (+994 12) 539 01 67
Fax: (+994 12) 539 61 21
Mobil tel.: (+994 50) 215 64 32
Elektron poçt: r.alguliev@gmail.com

Ünvan: Az1141, Bakı şəh., B.Vahabzadə küç. 9A, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu

Elmi-nəzəri fəaliyyət
  • 1985-90-cı illərdə SSRİ EA İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu ilə birgə yerinə yetirilən araşdırmalar çərçivəsində müdafiə olunmuş namizədlik dissertasiyasının nəticələri kimi paketlərin adaptiv marşrutlaşdırma funksiyasını həyata keçirən çoxprosessorlu kommutasiya sistemlərinin arxitektur prinsipləri, sintezi modelləri və alqoritmləri işlənilmişdir.
  • 1995-2003-cü illərdə Rusiya EA Sistem Analizi İnstitutu ilə birgə yerinə yetirilən elmi araşdırmalar nəticəsində "Kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin olunması modelləri və metodları" mövzusunda doktorluq dissertasiyası müdafiə olunmuşdur.
  • Doktorluq dissertasiyasının elmi nəticələri kimi:
    • Milli (korporativ) informasiya təhlükəsizliyi sisteminin formalaşma konsepsiyası və reallaşdırılması üçün bir sıra yanaşmalar təklif olunmuşdur;
    • Korporativ şəbəkələrin informasiya təhlükəsizliyinin təmin olunmasını həyata keçirən paylanmış strukturlu, funksional modullardan ibarət adaptiv sistemlərin sintezi üçün elmi-metodoloji əsaslar, arxitektur prinsiplər, modellər və alqoritmlər işlənmişdir;
    • Açıq kompüter şəbəkəsi mühitində korporativ istifadəçilər qrupunun informasiya təhlükəsizliyinin təmin olunma səviyyəsinin yüksəldilməsi məqsədi ilə dəyişən strukturlu (xameleon) virtual xüsusi şəbəkələrin qurulmasının (generasiyasının) konseptual əsasları işlənilmiş, onların sintezi üçün modellər və metodlar təklif olunmuşdur;
    • Kompüter sistemlərinə və şəbəkələrinə olan müxtəlif təbiətli təhlükələrlə mübarizə metodları və alqoritmləri işlənilmişdir;
    • Virtual xüsusi şəbəkələrin paylanmış autentifikasiya siteminin optimal strukturunun seçilməsi və sıradan çıxmalara dayanıqlığını təmin edən model və alqoritmlər işlənilmişdir.
  • Əldə olunmuş bir sıra elmi nəticələr son zamanlar şəbəkə resurslarının virtuallaşdırılması problemlərinin həlli istiqamətində geniş araşdırılan Cloud və SDN texnologiyalarının elmi-nəzəri əsaslarının işlənilməsi və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
  • Müxtəlif təyinatlı spamlarla milli, korporativ və fərdi səviyyələrdə mübarizə aparmağa imkan verən xüsusi intellektual şəbəkənin sintezi üçün arxitektur prinsiplər və metodlar təklif olunmuşdur.
  • İnternet şəbəkəsi platformasında paylanmış hesablama mühitlərinin (cloud servislər) sintezi və CDN texnologiyasının köməyi ilə dinamiki formalaşan intellektual kontent serverlər şəbəkəsinin layihəsi üçün model və alqoritmlər işlənilmişdir.
  • Elektron kommersiya sistemlərinin sintezi məqsədi ilə müştərilərin təsnifatı, serverlərin və onlara məxsus resursların, biznes informasiyaların optimal paylanması üçün model və alqoritmlər təklif olunmuşdur.
  • Mətn tipli verilənlərin, həmçinin ifrat böyük həcmli məlumatların (Big Data) intellektual analizi, referatlaşdırılması, təsnifatı və klasterizasiyası (Data Mining) problemlərinin həlli məqsədi ilə bir sıra modellər, metodlar və alqoritmlər işlənmişdir.
  • İnternet mühitində informasiya axtarışı sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün optimallaşdırma modelləri və alqoritmləri, həmçinin PageRank alqoritmi və onun modifikasiyalarının ümumiləşməsi təklif edilmişdir.
  • Elektron dövlət mühitində sosial şəbəkələrin araşdırılması və analizi, sirlərin mühafizəsi, proseslərin monitorinqi və qiymətləndirilməsi, on-line mühitdə cəmiyyətin idarə edilməsi, təhlükəsizliyinin təmin olunması, fərdi məlumatların intellektual analizi üçün bir sıra yanaşmalar və metodlar işlənilmişdir.
  • İnformasiya cəmiyyətinin formalaşması, onun müxtəlif seqmentləri (e-elm, e-təhsil və s.) və aspektləri (informasiya mədəniyyəti, informasiya iqtisadiyyatı və s.) üzrə multidistiplinar araşdırmalar aparılmış, bir sıra konseptual yanaşmalar və təkliflər irəli sürülmüşdür.
  • On-line mühitdə müxtəlif əlamətlərə görə sosial şəbəkələrin aşkarlanması və analizi üçün bir sıra yanaşmalar və modellər təklif olunmuşdur.
  • Virtual məkanda informasiya müharibəsi əlamətlərinin (təzahürlərinin) aşkarlanması üçün bir sıra metodlar və alqoritmlər işlənmişdir.
  • Ad hoc və sensor şəbəkələrinin səmərəlilik göstəricilərinin yaxşılaşdırılması üçün modellər və alqoritmlər təklif olunmuşdur.
  • Müntəzəm olaraq informasiya texnologiyaları, kompüter elmləri sahəsində beynəlxalq səviyyədə tədqiq olunan aktual elmi-nəzəri problemlərin identifikasiyası və ölkəyə transformasiyası istiqamətində məqsədyönlü fəaliyyət göstərir.
  • R.Əliquliyevin rəhbərliyi altında 4 elmlər doktoru, 34 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda 11 elmlər doktoru, 5 fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların elmi məsləhətçisi və rəhbəridir.
Elmi-praktiki və innovativ fəaliyyəti
  • Keçən əsrin 80-90-cı illərində "Azərbaycan" Respublika Avtomatlaşdırılmış İdarəetmə Sisteminin yaradılması" proqramı çərçivəsində Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsinin layihələndirilməsi işlərində yaxından iştirak etmişdir.
  • Ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə xidmət edən bir sıra strateji əhəmiyyətli, elmi tutumlu mürəkkəb texniki sistemlərin layihələndirilməsi, milli innovativ məhsulların hazırlanması və tətbiqi işlərində yaxından iştirak etmişdir.
  • Respublika miqyasında bir sıra strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində, İnternetin milli infrastrukturunun formalaşması və inkişafının təmini işlərində yaxından iştirak edir.
  • NATO-nun dəstəyi ilə Respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrinin Beynəlxalq İnternet şəbəkəsinə çıxışını təmin edən "Virtual İpək Yolu" layihəsinin həyata keçirilməsi və inkişafında yaxından iştirak etmişdir.
  • Ölkədə informasiya cəmiyyətinin formalaşması sahəsində dövlət siyasətinin, bu istiqamətdə qəbul olunmuş milli strategiyalar, dövlət proqramları, fərman və qanunların qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində yaxından iştirak edir.
  • Ölkə üzrə elektron elmin formalaşması və inkişafı istiqamətində, həmçinin onun texnoloji infrastrukturu olan AzScienceNet elm kompüter şəbəkəsinin yaradılması, təkmilləşdirilməsi, xarakteristikaları və keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması işlərində yaxından iştirak edir.
  • AMEA-nın institut və təşkilatlarının kompüterləşdirilməsi, veb-resurslarının və müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması, İnternet şəbəkəsinə çıxışının təmin olunması işlərində yaxından iştirak edir.
  • AzScienceNet şəbəkəsi mühitində Data Mərkəzin yaradılması və inkişafı, onun resurslarının virtuallaşdırılması, elmi müəssisələrə və alimlərə superkompüter və bulud (cloud) servislərinin göstərilməsi işlərində yaxından iştirak edir.
  • Avropa Milli Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) Baş Assambleyasında Azərbaycanın nümayəndəsidir.
  • Avropa Komissiyasının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, EU4Digital: Şərq tərəfdaşlığı ölkələrinin elm-təhsil şəbəkələrinin imkanlarının genişləndirilməsi və dünya elminə inteqrasiyasının sürətləndirilməsi (EaPConnect) layihəsində Azərbaycan üzrə nümayəndəsidir.
  • Horizon 2020 GN:4-3 layihəsinin Azərbaycan üzrə nümayəndəsidir.
Elmi-təşkilati fəaliyyəti
  • 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru (hal-hazırda baş direktor adlanır).
  • 2007-2021-ci illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda "İnformasiya cəmiyyəti problemləri" şöbəsinin, 2021-ci ildən isə "İnformasiya təhlükəsizliyi problemləri" şöbəsinin rəhbəridir.
  • İnstitutun "İnformasiya cəmiyyəti və texnologiyalarının aktual problemləri" seminarının rəhbəridir.
  • Azərbaycan   Respublikası Elmi   Tədqiqatların  Əlaqələndirilməsi   Şurasının Fizika-riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının sədridir. 
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının sədridir.
  • İnformasiya texnologiyalarının aktual problemlərinə həsr olunmuş bir sıra beynəlxalq və respublika səviyyəli elmi konfransların və simpoziumların proqram və təşkilat komitələrinin üzvü, seksiyalarının rəhbəri olmuşdur.
Elmi-pedaqoji fəaliyyəti
  • Uzun müddət Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində professor kimi pedaqoji fəaliyyət göstərərək kompüter sistemləri və şəbəkələrinin yaradılmasının nəzəri və texnoloji əsasları, informasiya cəmiyyətinin formalaşması və informasiya təhlükəsizliyinin təmin olunması mövzuları üzrə bir sıra fənləri tədris etmişdir.
  • 2008-2012-ci illərdə hazırladığı innovativ layihə çərçivəsində Azərbaycanın təhsil sistemində ilk dəfə olaraq Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsində "İnformasiya cəmiyyətinin əsasları" fənni üzrə mühazirə demişdir.
  • Respublika üzrə fəlsəfə doktoru hazırlığı çərçivəsində “İnformatika” fənninin tədrisi məqsədilə yaradılmış və 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Tədris-İnnovasiya Mərkəzinin təşkilatçısıdır.
  • Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində ali tədris və orta ümumtəhsil məktəblərində "İnformatika" və informasiya texnologiyaları yönümlü digər fənlərin proqramlarının müasir tələblərə uyğunlaşdırılması, elektron dərsliklərin hazırlanması, terminoloji bazanın yeniləşdirilməsi işlərində yaxından iştirak edir və elmi-metodiki məsləhətlər verir.
Elmi- ekspertiza və konsaltinq fəaliyyəti
    • İnformasiya cəmiyyəti və texnologiyaları sahəsində çoxlu sayda elmi məqalələrin rəyçisi, kitabların elmi redaktoru və dissertasiya işlərinin opponenti olmuşdur;
    • Kompüter elmləri və informatika üzrə bir sıra beynəlxalq və respublika səviyyəli elmi jurnalların dərcində yaxından iştirak edir;

Aşağıdakı jurnalların redaksiya heyətinin üzvüdür:

İctimai-siyasi fəaliyyəti
  • Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvüdür.
  • Dünya Azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.
  • Azərbaycan Respublikasının “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası”nın üzvüdür.
  • YAP-ın üzvüdür.
Elmi əsərləri və onların təsnifatı

(01.07.2024-cü il tarixinə olan məlumat)

Elmi əsərlərin ümumi sayı: 685

Jurnal məqalələri: 410

  • xaricdə dərc olunan jurnal məqalələri: 277
  • respublikada dərc olunan jurnal məqalələri: 133

Konfrans materialları: 230

  • beynəlxalq səviyyəli konfrans materialları: 152
  • respublika səviyyəli konfrans materialları: 78

Monoqrafiyalar: 4

Elmi icmallar və broşürlər: 28

Dərs vəsaitləri: 9

Lüğətlər və ensiklopediyalar: 4

İxtiralar və patentlər: 4

"Web of Science" bazasında indeksləşən məqalələrin sayı: 116

"Scopus" bazasında indeksləşən məqalələrin sayı: 136

Elmi əsərlərinə istinadlar: 

"Google Scholar"

"Scopus"

www.science.gov.az az.wikipedia.org