İnformasiya Texnologiyaları İnstitutunun doktoranturasına qəbul üçün keçirilən müsabiqənin nəticələri məlum olub

13 Oktyabr 2025 - 16:22 | Mühüm hadisələr
İnformasiya Texnologiyaları İnstitutunun doktoranturasına qəbul üçün keçirilən müsabiqənin nəticələri məlum olub

ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında cari ildə institutun doktoranturasına qəbulun nəticələri müzakirə olunub.

Bu barədə məlumat verən institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov qeyd edib ki, institutun doktoranturasına 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə 2 nəfər və 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 2 nəfər qəbul olunub.

Daha sonra F.Yusifov yeni qəbul olunmuş doktorantlar, onların dissertasiya mövzuları və elmi rəhbərləri haqqında ətraflı məlumat verib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bu gün ölkəmizdə elm və təhsilin inteqrasiyası istiqamətində mühüm tədbirlərin görüldüyünü bildirib. O, Azərbaycan elminin innovativ inkişafına xidmət edən doktorantura təhsil pilləsinin ETN-in elmi müəssisələrində, o cümlədən institutda təşkil olunmasının gənc tədqiqatçılar üçün böyük imkanlar yaratdığını qeyd edib. Alim institutda doktorantların hər biri ilə fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şəraitin yaradıldığını söyləyib.

R.Əliquliyev yeni qəbul olunan doktorantları təbrik edib, onları institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı, elmi-nəzəri və praktiki biliklərə yiyələnməyi tövsiyə edib və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Elmi Şuranın qərarı ilə institutun yeni doktorantlarının dissertasiya mövzuları təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.