Yeni davamlı inkişaf erasının yaradılması üçün qabaqcıl texnologiyalardan istifadə edilməlidir
BMT-nin baş katibi Pan Qi Mun Seulda (Cənubi Koreya) keçirilən rəqəmsal forumda davamlı inkişafın irəliləməsi üçün yeni informasiya-kommunikasiya texnologiyalarının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bununla belə, baş katib İKT sahəsində inqilabın kibercinayətkarlıqla əlaqəli yeni təhlükələrlə, ümumdünya hörümçək torunda izləmələrlə və azadlığa qoyulan məhdudiyyətlərlə müşayiət olunduğunu bildirib. BMT rəhbəri rəqəmsal uçurumun aradan qaldırılması və yaranan problemlərin həllinə nail olmağa çağırıb.
Ekstremist qrupların sosial şəbəkələrdən özlərinin insananifrət ideologiyası üçün istifadə etdiyini söyləyən BMT rəhbəri hökumət və şirkətlərin hakerlərin hücum təhlükəsinə məruz qaldığını deyib. P.Q.Mun iki il əvvəl 600 milyona yaxın insanın kibercinayətkarlıqların qurbanı olduğunu xatırladıb. Ekspertlərin qənaətincə, qlobal iqtisadiyyata bu cür cinayətlərdən dəyən zərər hər il təqribən 400 milyard dollar təşkil edəcək.
BMT rəhbəri bildirib ki, İnternetdən istifadənin genişlənməsi kibercinayətkarlığın təmin olunması ilə müşayiət olunmalıdır. Onun sözlərinə görə, insanlar kompüter arxasında çalışarkən özlərini təhlükəsiz hiss etmək və İnternetdə azadlığa qoyulan məhdudiyyətlərlə sınanmamaq hüququna malikdirlər.
“Ötən əsrdə repressiv dövlətlər kimin yazı maşınları aldığını yoxlayırdılar. Müasir dövrdə isə bu dövlətlər İnternetə çıxışı bağlayırlar” – deyən BMT rəhbəri bildirib ki, milli təhlükəsizlik və cinayətkar fəaliyyətdən ehtiyatlanmaq kimi yanaşmalar yalnız istisna hallarda izləmələrdən istifadə olunmasına bəraət qazandıra və məhdud xarakter daşıya bilər. “Lakin, nəzarət həyata keçirilərkən şəxsi həyata olan hüququn mühafizəsinə zəmanət verilməlidir. Şəxsi yazışmaları buna heç bir əsas olmadan izləmək olmaz”.
Öz çıxışında Pan Qi Mun bu gün dünyada orta hesabla 7 ailədən altısının mobil telefonunun olduğunu da qeyd edib. Hazırda 3 milyard insan İnternetdən istifadə edir və bu göstərici sürətlə artmağa davam edir. Afrikada genişzolaqlı rabitənin əhatə dairəsi 2010-cu ildə 2 faiz təşkil edirdisə, ötən il bu rəqəm 20 faizə çatdırılmışdır. O, Cənubi Koreyanın dünyada ən sürətli, ucuz və daha şaxələnmiş genişzolaqlı İnternet-rabitəyə mailk olduğunu qeyd edib.
www.un.org saytının məlumatına görə, BMT rəhbəri bu gün dünyanın biliklərə əsaslanmış iqtisadiyyata keçid etdiyini bildirərək, paytaxt Seulu inkişafın sürətləndirilməsi və bərabərsizliyin azaldılması üçün müasir texnologiyalardan istifadədə digər ölkələrə də daha əhəmiyyətli köməklik göstərməyə çağırıb.
İKT-nin inkişafa böyük təsir etdiyini bildirən P.Q.Mun “İnformasiya – yeni neftdir” - deyib. “Verilənlərin toplanması mərkəzləri XXI əsrin fabriklərinə çevrilib. İnformasiya qərarların qəbulu mənbəyidir”. Onun sözlərinə görə, qabaqcıl informasiya-kommunikasiya texnologiyaları tərəqqini sürətləndirir, amma onlar yeni təhlükələr də gətirir ki, bu təhlükələrin qarşısının alınması beynəlxalq təşkilatlar tərəfindən vahid və razılaşdırılmış yanaşma tələb edir.
“Texniki tərəqqini dayandırmaq olmaz və o, dünyaya əhəmiyyətli pozitiv dəyişikliklər gətirir” – deyən P.Q.Mun yeni davamlı inkişaf erasının yaradılması üçün yeni texnologiyalardan istifadə etməyə çağıraraq, İKT sahəsində inqilabın yaranan problemlərin həlli ilə müşayiət olunmalı olduğunu bildirib.