AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Elmi şurasının bu gün keçirilmiş iclasında institutun şöbələrində cari ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri müzakirə olundu.
Tədbiri giriş nitqi ilə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.
İnstitutun 15 saylı şöbəsinin fəaliyyət planını təqdim edən texnika elmləri doktoru, professor Məsumə Məmmədova cari ildə şöbədə elektron tibbin elmi-nəzəri əsaslarının formalaşması istiqamətində araşdırmaların davam etdiriləcəyini və müvafiq konsepsiyanın işləniləcəyini söylədi.
“Hesabat ili ərzində e-tibbin elmi istiqamətləri kimi elektron tibb sferasında insan resurslarının intellektual idarə olunması problemlərinin tədqiqi nəzərdə tutulur”, - deyə bildirən şöbə rəhbəri əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması istiqamətində onlara tələb və təklif disbalansının qeyri-səlis çoxkriteriyalı qiymətləndirilməsi metodlarının işlənilməsinin əhəmiyyətindən söz açdı. Bu istiqamətlərdə şöbədə aparılan tədqiqatların ilin sonunadək yekunlaşacağını və alınan nəticələrin şöbənin dissertantı F.Məmmədzadənin dissertasiya işində öz əksini tapacağını bildirdi.
Şöbə müdiri biliklərin əldə olunmasında yeni təhsil üsullarının üstünlüklərindən də danışaraq elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsi istiqamətində aparılan araşdırmalar haqqında məlumat verdi. O, e-universitetlərdə virtual təhsil məkanı, idarəetmə prinsiplərinin xüsusiyyətləri və onların əsas inkişaf istiqamətlərini qeyd edərək e-universitetin intellektual idarə olunmasının konseptual əsaslarının işlənilməsinin vacibliyini vurğuladı.
M.Məmmədova şöbədə qeyri-müəyyənlik şəraitində insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsasları ilə bağlı işlərin davam etdiriləcəyini qeyd etdi. Bildirdi ki, hesabat ili ərzində insan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsində testoloji yanaşma metodlarının tətbiqi imkanları araşdırılacaq, virtual təşkilatlarda insan resurslarının idarə olunması məsələləri analiz olunacaqdır.
Virtual məkanda Azərbaycan dilinin tətbiqi problemlərinin araşdırılması istiqamətində şöbədə aparılan tədqiqatların davam etdiriləcəyini qeyd edən alim bildirdi ki, cari ildə də linqvistik informasiya texnologiyalarının tətbiqi ilə ingilis-azərbaycan dilli situasiyada öyrədici ekspert sistemin işlənilməsi üçün tədqiqatlar davam etdiriləcək.
M.Məmmədova şöbədə aparılan elmi-nəzəri və praktiki işlərin nəticəsi kimi cari ildə “Azərbaycanın İKT sektorunda insan resurslarına olan tələb və təklifin monitorinqi” və “Elektron tibb: təkamül, problemlər və perspektivlər” adlı iki kitabın da hazırlanacağını bildirdi.
16 saylı şöbənin fəaliyyət planınını təqdim edən sektor müdiri Əfruz Qurbanova cari ildə şöbə əməkdaşları tərəfindən aparılacaq elmi-tədqiqat işlərini diqqətə çatdırdı.
O, e-dövlətin formalaşması problemləri istiqamətində xarici siyasət sahəsində OLAP texnologiyaları əsasında qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənilməsi üzrə araşdırmaların cari ildə yekunlaşdırılmasının nəzərdə tutulduğunu söylədi. Şöbə əməkdaşları tərəfindən terminoloji informatikanın formalaşması, İnternetin tənzimlənməsi, virtual məkanda Azərbaycan dilinin tətbiqi, İnternet-medianın problemləri istiqamətlərində araşdırmaların davam etdiriləcəyini qeyd etdi.
Ə.Qurbanova cari ildən veb-texnologiyaların müasir vəziyyəti və elmi-texnoloji aspektləri, veb-statistika mexanizmlərinin araşdırılması və digər istiqamətlərdə aparılacaq elmi tədqiqat işləri diqqətə çatdırdı.
Sonra institutun www.ict.az saytının 2015-ci il üçün fəaliyyət planını təqdim etdi. Saytın daimi istismarının həyata keçirilməsi, müxtəlif göstəricilər üzrə statistik məlumatların yığılması və emalı, saytın informasiya təminatı ilə bağlı işlərin 2015-ci ildə də davam etdiriləcəyini bildirdi.
Sektor müdiri müxtəlif təşkilatların, eləcə də şəxslərin saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində görüləcək işləri də diqqətə çatdırdı.
İnstitutun 17 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planını sektor müdiri Rasim Mahmudov təqdim edərək bildirdi ki, şöbədə 15 doktorant və dissertant “İnformasiya texnologiyaları” və “İnformasiya cəmiyyəti” istiqamətləri üzrə müxtəlif aktual mövzularda elmi-təqdqiqat işləri aparır.
Cari ilki elmi-tədqiqat işlərinin nəticələri əsasında müxtəlif yerli və nüfuzlu beynəlxalq elmi konfranslara 40 tezisin təqdim edilməsi, respublika və beynəlxalq səviyyəli elmi jurnallarda 30 məqalənin nəşri planlaşdırılır. Həmçinin qeyd olunan elmi-tədqiqatlarla bağlı 12 elmi seminarın keçirilməsi, 3 əməkdaşın isə dissertasiya işinin müdafiəsi gözlənilir.
Şöbənin fəaliyyət planında elmi-innovasiya istiqamətində də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Burada 3 mühüm dövlət planına elmi dəstəyin verilməsi üzrə işlərin davam etdirilməsi, AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyələşdirilən iki qrant layihəsinin icrası və s. məsələlər öz əksini tapmışdır.
İnstitutun 18 saylı şöbəsinin fəaliyyət planını şöbə müdiri Anar Səmidov təqdim etdi. 3D texnologiyaların imkanları, texnoloji aspektləri və perspektivlərinin tədqiq olunduğunu bildirən A.Səmidov bu istiqamətdə araşdırmaların cari ildə də davam etdiriləcəyini vurğuladı. Məruzəçi İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi üzrə elmi araşdırmaların aparıldığını diqqətə çatdırdı.
Şöbədə AMEA Rəyasət Heyəti və AMEA İTİ-nin yeni əmakdaşları üçün İD kartlar, fəxri fərmanlar və plaketlər, əlamətdar günlərdə institutun xüsusi təbriknamələrinin hazırlanması, müxtəlif kitab, express-informasiya və kitabçaların tərtibatı və nəşrinin, o cümlədən digər işlərin yerinə yetirilməsinin nəzərdə tutulduğunu söylədi.
Sonra institutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2015-ci il üçün fəaliyyət planı haqqında TİM-in rəhbəri Rəsmiyyə Mahmudova çıxış edərək cari ildə mərkəzdə yerinə yetiriləcək elmi-tədqiqat işlərini diqqətə çatdırdı. O, şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi mövzusunda aparılan elmi araşdırmaların yekunlaşdırılmasının nəzərdə tutulduğunu, təhsil proseslərinin informasiyalaşdırılması problemləri istiqamətində bir sıra mövzular üzrə araşdırmaların davam etdiriləcəyini qeyd etdi.
TİM-in rəhbəri respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulunun mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edərək cari ildə bu istiqamətdə görüləcək işlərdən danışdı. Naxçıvan MR-da və Gəncə bölgəsində yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlara distant tədrisin həyata keçiriləcəyini bildirdi. Eyni zamanda, müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-nin müxtəlif istiqamətləri üzrə innovativ kursların təşkili ilə bağlı işlərin davam etdiriləcəyini vurğuladı. Bildirdi ki, TİM-in nəzdində yaradılmış Viki-Mərkəzin fəaliyyəti cari ildə daha da gücləndiriləcək.
R.Mahmudova mərkəzin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edərək hər il olduğu kimi, cari ildə də ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirilməsi, eyni zamanda orta məktəb şagirdləri arasında “İnformatika layihə olimpiadası”nın təşkili, Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi haqqında məlumat verdi.
O, müxtəlif təyinatlı elmi nəşrlərin hazırlanması istiqamətində görülən işlərdən danışaraq bu il “Elmi informatika” kitabının nəşrinin planlaşdırıldığını dilə gətirdi.
Məruzəçilər, həmçinin qeyd olunan şöbələrdə elmi-pedaqoji, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, aparılan elmi-tədqiqat işləri və innovativ layihələrin КİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi, o cümlədən İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlərin yerinə yetirilməsinin nəzərdə tutulduğunu bildirdilər.
Sonda geniş fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.
Müzakirə olunan plan layihələri Elmi şuranın üzvləri tərəfindən təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.