Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi. İnstitutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.
İclasda institutun sektor müdiri Əfruz Qurbanova “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı çərçivəsində “Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması” haqqında çıxış etdi. Bildirdi ki, Azərbaycan Respublikası Prezidenti 23 may 2012-ci il tarixdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan dilində İnternet resurslarının sayının artırılması, elektron və interaktiv dərsliklərin hazırlanmasının zəruriliyi qeyd olunmuşdur.
Məruzəçi Dövlət Proqramı çərçivəsində digər məsələlərlə yanaşı, “Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması” məsələsinin də öz əksini tapdığını dilə gətirdi. Bu məqsədlə fəaliyyət planının hazırlandığını qeyd edən Ə.Qurbanova layihənin icrası üçün İşçi qrupun təşkil olunacağını bildirdi.
Bu istiqamətdə görüləcək tədbirlərdən söz açaraq beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması üçün xarici təcrübənin mənimsənilməsi, terminologiya sahəsində beynəlxalq standartların araşdırılması, əldə edilməsi və lokallaşdırılması, Azərbaycanda terminologiya sahəsində mövcud vəziyyətin, problemlər və onların həlli yollarının araşdırılması, Azərbaycan terminoloji informasiya sisteminin konseptual modelinin işlənilməsi və digər işlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu söylədi.
İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov çıxış edərək elmi araşdırmaların müvafiq aparat-proqram vasitələri ilə təminatı məsələlərindən danışdı. Şöbələrdə elmi-tədqiqat işlərinin aparılması üçün institut tərəfindən yeni qadjet və avadanlıqların əldə olunmasının zəruriliyini vurğuladı.
O, e-elmin AMEA üzrə monitorinqinin keçirilməsi ilə bağlı məlumat verərək “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı”nda (Elektron Azərbaycan) e-elm ilə əlaqədar məsələlərin müddəa kimi yer aldığını diqqətə çatdırdı. R.Ələkbərovun sözlərinə görə, ötən ildən etibarən ölkə və AMEA rəhbərliyinin diqqət və qayğısı nəticəsində bu istiqamətdə aparılan işlər gücləndirilib. “Rəhbərliyin qərarı ilə akademiyada e-elmin vəziyyəti ilə bağlı monitorinq aparılacaq”, - deyə bildirən alim lkin monitorinq cədvəllərini təqdim edərək Azərbaycanda fəaliyyət göstərən institutlarda e-elmin vəziyyəti barədə məlumatların toplanması və analiz edilərək statistikasının hazırlanmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.
Sonra institutun fəaliyyətini əks etdirən reklam-təbliğat materiallarının hazırlanması mövzusunda məruzə ilə çıxış edən institutun 18 saylı şöbəsinin müdiri Anar Səmidov informasiyanı effektiv şəkildə təqdim etməyə imkan verən korporativ üslub (dizayn) haqqında məlumat verdi.
Onun sözlərinə görə, müasir informasiya texnologiyaları əsasında elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdə fəaliyyət göstərən müəssisələrin işini və ya digər peşəkar fəaliyyətini əks etdirmək məqsədilə müasir çap məhsullarının istifadə olunması günün tələbidir.
Korporativ üslub anlayışı son dövrlərdə meydana gəlsə də, hələ qədimdə onun müəyyən elementlərindən bazar iqtisadiyyatı təcrübəsində istifadə olunub: “Belə ki, sənətkarlar öz məhsullarının tanınmasına xidmət edən xüsusi damğalar vururdular”.
Sərt rəqabət mühitində müştərilərin diqqətinin cəlb edilməsi üçün korporativ üslubun unikal alət olduğunu söyləyən A.Səmidov qeyd etdi ki, bir çox hallarda şirkət haqqında təəssuratların formalaşmasında məhz bu üslüb əsas rol oynayır.
Məruzələr ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.