1921-ci ilin 4 fevralında Bakıda dünyaya göz açan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 saylı orta məktəbdə bitirir. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalır. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olur. Bu təhsil ocağını da müvəffəqiyyətlə başa vurduqdan sonra 23 yaşında Amerika Birləşmiş Ştatlarına gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulur.
Kolumbiya Universitetinin aspiranturasına daxil olan Lütfi Zadə 1949-cu ildə dissertasiya müdafiəsindən sonra həmin təhsil müəssisəsinin mühəndislik bölməsində assistent kimi fəaliyyətini davam etdirir. 1959-cu ildən Berkli Universitetində fəaliyyət göstərir, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edir.
İstehsalatda geniş tətbiq edilən, eyni zamanda dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi Lütfi Zadəyə dünyada şöhrət qazandırıb. Alimin 46 il öncə işləyib hazırladığı sözügedən nəzəriyyə bir çox şirkətlərə böyük nüfuz qazanmaq və yüksək gəlir əldə etmək imkanı yaradır. Çağdaş dövrdə elmi-texniki sahədə dinamik inkişaf və onun bəhrəsi bütün fəaliyyət sahələrində özünü biruzə verir. Bu irəliləyişdə azərbaycanlı alimin əhəmiyyətli rolunun qeyd edilməsi faktı sevindirici hal olmaqla yanaşı, hər birimizdə fərəh hissi oyadır.
Lütfi Zadə eyni zamanda “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.
Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” adlı kitablar yazılıb, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilib, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.
Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Hazırda Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
Qeyd edək ki, L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunub.
Dünya şöhrətli alimi ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, yeni nailiyyətlər arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.