XƏBƏRLƏR

10121

İnstitutun gənc alimi AMEA Gənc alim və mütəxəssislər şurasının 2014-cü il üzrə I Hesabat-seçki konfransında çıxış edib

30 Yanvar 2015 - 15:57 | Müsahibələr, çıxışlar

Bu gün AMEA-nın Əsas binasında AMEA Gənc alim və mütəxəssislər şurasının 2014-cü il üzrə I Hesabat-seçki konfransı keçirilib. Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə, Gənclər və idman naziri Azad Rəhimov, AR Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, AR Prezidenti yanında Gənclər fondunun icraçı direktoru Fərhad Hacıyev, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, o cümlədən AMEA-nın alim və mütəxəssisləri iştirak edirdilər. 

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun “Gənclər üçün Prezident Mükafatı”na namizədi, Gənc alim və mütəxəssislər şurasının üzvü, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova da çıxış edib. 

“Son zamanlar AMEA prezidenti, akademik Akif Əlizadənin akademiyada önəm verdiyi məqamlardan biri AMEA-nın elmi müəssisə və təşkilatlarının İKT ilə təmin olunmasıdır” – deyə bildirən Nigar İsmayılova hazırda AMEA-da çalışan əməkdaşların, xüsusilə də gənclərin məhdudiyyətsiz, yüksək sürətli İnternet imkanlarına malik olduqlarını nəzərə çatdırıb. Qeyd edib ki, AMEA-nın Avropa elm və təhsil mühitinə inteqrasiyasını təmin edən Data Mərkəzin yaradılması, respublikanın bütün regionları, xüsusilə də Gəncə və Naxçıvanda elmi şəbəkə strukturunun formalaşması və s. akademiyada İKT-nin tətbiqi imkanlarının genişləndirilməsi sahəsində aparılan islahatlar sırasındadır.

Onun sözlərinə görə, gənc alimlərin İKT-nin təqdim etdiyi bütün imkanlardan yararlanması və sosial şəbəkələrdə əhəmiyyətli müzakirələr aparması sübut edir ki, AMEA-da fəaliyyət göstərən intellektual gənclər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tələblərinə uyğun fəaliyyət göstərir.

Qlobal dünyada, o cümlədən virtual məkanda Azərbaycanın layiqli təmsil olunması və düşmənlərə qarşı virtual mübarizə aparılması məqsədilə qəbul olunmuş AMEA-da “Viki-mərkəzin yaradılması haqqında” 15 yanvar 2014-cü il tarixli qərar böyük əhəmiyyət kəsb etdiyini vurğulayan N.İsmayılova akademik Akif Əlizadənin göstərişi ilə akademiyanın bütün institutlarında gənclərdən ibarət viki-qrupların yaradıldığını diqqətə çatdırıb. Bu gənclərin İnformasiya Texnologiyaları İnstitutunda təlimlər keçməsi və virtual məkanda Azərbaycan naminə viki-əsgər kimi fəaliyyət göstərməsi nəticəsində son illər ərzində vikipediyada Azərbaycan dilində  nəşr olunan məqalələrin sayının 100 mini ötdüyünü, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti haqqında dəqiq və düzgün informasiya verən məqalələrin sayının artdığını dilə gətirib.

Məruzəçinin sözlərinə görə, beynəlxalq elmi mühitə inteqrasiya və alimlərin əsərlərinin dünyanın yüksək istinad indeksli jurnallarında nəşr olunması hazırda akademiyanın əsas fəaliyyət istiqamətlərindən biridir: “Gənc alimlərin mütəmadi olaraq xarici ölkələrə ezam olunması, post-doktoral proqramlar vasitəsilə onların dünyanın aparıcı elmi təşkilatlarında fəaliyyət göstərməsi Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyası üçün akademik Akif Əlizadənin apardığı siyasətin nəticələridir. Məhz bu sahədə həyata keçirilən islahatlar sayəsində AMEA-nın science.az portalına olan müraciətlərin sayı 1 ildən çox müddət ərzində 3 dəfə artmışdır”.

N.İsmayılova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın İnformasiya Resursları Fondunun yaradılmasına göstərdiyi diqqət, fondun ən yüksək texnologiyalarla təchiz olunması, beynəlxalq elmi bazalara çıxış imkanlarının təmin olunması nəticəsində gənc alimlərin informasiya təminatı problemi aradan qaldırılmışdır. Azərbaycan alimlərinin beynəlxalq elmi bazalardan istifadə imkanları ilə yanaşı, bu bazalarda elmi əsərlərinin artmasının da mühüm məsələlərdən olduğunu vurğulayıb. Gənc alimlərdə ingilis dilində yüksək səviyyəli məqalələr yazmaq vərdişlərinin formalaşması üçün AR Prezidenti yanında Elmin İnkişafı Fondu, Thomson Reuters agentliyi, Elsevier, Springer kimi nəşriyyatlarla birgə xüsusi təlim seminarlarının keçirildiyini söyləyən məruzəçi bu treninqlərdə keyfiyyətli məqalələrin yazılması, nüfuzlu jurnalların tələblərinə riayət olunması qaydalarının öyrədildiyini, yüksək səviyyəli elmi əsərlərin ərsəyə gətirilməsi üçün biliklərin aşılandığından söz açıb. O, son illər ərzində Scopus elmi bazasında azərbaycanlı alimlərin əsərləri və bu əsərlərə olunan istinadların sayının xeyli artmasını bu istiqamətdə aparılan islahatların səmərəliyinin göstəricisi kimi qiymətləndirib.

Akademik A.Əlizadəyə elm, təhsil, xüsusilə də gənclərə göstərdiyi diqqət və qayğıya, yaradılmış mükəmməl elmi mühitə görə minnətdarlığını bildirən N.İsmayılova həmkarlarını Azərbaycan elmi naminə həmrəy olmağa səsləyib.

Tədbirin sonunda şuranın tərkibinə yeni üzvlərin seçilməsi məsələsi müzakirə olunub. N.İsmayılova səsvermə yolu ilə şuranın üzvlüyünə seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.