2006-cı ildə Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin qərarı ilə Fərdi Məlumatların Mühafizəsi Günü təsis edilib. Hər il yanvarın 28-də bu gün qeyd olunur. 1981-ci il yanvarın 28-də Strasburq şəhərində “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya imzalanıb.
Konvensiya qəbul edildiyi gündən Avropada fərdi məlumatların mühafizəsi və məxfiliyin qorunması üzrə əsas sənəd olub. Konvensiya AŞ-yə üzv olan 43 ölkə tərəfindən ratifikasiya edilib və bu quruma üzv olmasından asılı olmayaraq hər bir ölkə tərəfindən imzalanmaq üçün açıqdır. 2009-cu ildə Konvensiya Azərbaycan Milli Məclisi tərəfindən təsdiq edilib və 2010-cu ilin sentyabrından ölkəmizdə qüvvəyə minib.
Fərdi məlumatlar – bu, fiziki şəxs haqda istənilən, həmçinin onun soyadı, adı, ata adı, doğum tarixi, yaşadığı ünvan, ailə və sosial vəziyyəti, gəlir, təhsil, sağlamlıq vəziyyəti və peşəsi haqqında informasiyadır. Kompüter şəbəkələri və məlumat bazalarının yaranmasınadək bu informasiya dövlət arxivlərində saxlanılıb. Kompüter əsrində bu informasiya rəqəmli formada saxlanılmağa başlanılıb.
Azərbaycanda da fərdi məlumatlarla əlaqədar mükəmməl qanunvericilik bazası vardır. Belə ki, fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən etmək, əsas insan və vətəndaş hüquq və azadlıqlarını, o cümlədən şəxsi və ailə sirrini saxlamaq hüququnu müdafiə etmək məqsədi ilə Milli Məclis 2010-cu ildə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edib.