İnstitutun Dissertasiya Şurasının elmi seminarının iclası keçirilib

24 İyun 2026 - 14:45 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda FD 1.35 Dissertasiya Şurasının 3338.01 ˗ “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisası üzrə fəaliyyət göstərən elmi seminarının ilk iclası keçirilib.

İclası giriş sözü ilə elmi seminarın sədri, texnika elmləri doktoru, professor Nadir Ağayev açaraq, seminarın Ramil Mirzəyevin 3338.01 ˗ “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Ehtiyatları bir neçə mənbədən doldurulan xidmət sistemlərinin riyazi modellərinin yaradılması” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu qeyd edib.

R.Mirzəyev dissertasiya işini təqdim edərək qeyd edib ki, real həyatda hər hansı gözlənilməz təbii və tibbi fəlakətlər nəticəsində (zəlzələlər, yanğınlar, müharibələr, terror aktları, epidemiyalar və s.), eləcə də bəzən təchizatçının ehtiyatların qiymətlərini kəskin artırması nəticəsində konkret təchizatçıdan ehtiyatlarla təmin olunmaq mümkünsüz ola bilər. Bu səbəbdən kütləvi xidmət-ehtiyatlama sistemlərinin dayanıqlığını artırmaq və riskləri azaltmaq üçün bir neçə təchizat mənbəyindən istifadə edilməsi vacibdir. O, tədqiqatın məqsədinin ehtiyatları iki fərqli mənbədən artırıla bilən kütləvi xidmət-ehtiyatlama sistemlərinin fəaliyyətini adekvat təsvir edən riyazi modellərin işlənilməsi olduğunu vurğulayıb.  

İddiaçı həmçinin dissertasiya işinin elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, qarşıya qoyulmuş məqsədə çatmaq üçün görülmüş işlər haqqında məlumat verib, əldə olunmuş nəticələri diqqətə çatdırıb.

Sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – ETN “Kibernetika” Xüsusi Konstruktor Bürosunun direktoru, texnika elmləri doktoru Qəmbər Quluyev və Milli Aviasiya Akademiyasının “İnformasiya sistemləri” kafedrasının dosenti tex.f.d. Taleh Əsgərov təqdim olunan dissertasiya işinin elmi və praktik əhəmiyyətini yüksək qiymətləndiriblər. Dissertasiya çərçivəsində irəli sürülən riyazi modellərin iddiaçının müasir elmi-tədqiqat metodlarına dərindən yiyələndiyini və yüksək tədqiqat bacarıqlarına malik olduğunu diqqətə çatdırıblar. Rəyçilər işdə əldə olunan elmi nəticələrin orijinallığı ilə seçildiyini, həm nəzəri, həm də tətbiqi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini və mürəkkəb elmi problemlərin həllini əks etdirdiyini xüsusilə qeyd ediblər. İddiaçının “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq olduğunu söyləyiblər, müəyyən irad və tövsiyələrini də səsləndiriblər.

Daha sonra iddiaçı ona ünvanlanan sualları cavablandırıb.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən texnika elmləri doktoru, dosent Asif Rzayev, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, eləcə də texnika üzrə fəlsəfə doktorları Rəsmiyyə MahmudovaGülnarə Nəbibəyova iddiaçının yerinə yetirdiyi dissertasiyanın tamamlanmış elmi-tədqiqat işi olduğunu bildiriblər, irad və tövsiyələr nəzərə alınmaqla elmi-tədqiqat işinin müdafiəyə təqdim olunmasını məqsədəuyğun hesab ediblər.

Sonda keçirilən səsvermənin nəticəsinə əsasən, elmi seminarda dissertasiya işinin müdafiəyə tövsiyə edilməsi barədə qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.