Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

10 May 2026 - 16:07 | Müsahibələr, çıxışlar
Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə bütün sahələrdə respublikanın dinamik və harmonik inkişafı üçün çox böyük işlər görülmüşdür. Həyata keçirilən texnoloji siyasətin strateji əhəmiyyət kəsb edən belə fəaliyyət istiqamətlərindən biri də informasiya və kommunikasiya texnologiyalarının (İKT) meydana gəlməsi və təşəkkülü ilə bağlı olmuşdur. 

Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın bütün sektorlarında müxtəlif məqsədli qabaqcıl texnologiyaların tətbiqinə və inkişafına böyük diqqət yetirir, ardıcıl və sistemli siyasət həyata keçirirdi. Nə Ulu Öndərdən öncə, nə də onun hakimiyyətə qayıdışına qədər olan dövrdə heç bir rəhbər onun qədər yeni və qabaqcıl texnologiyalara əhəmiyyət verməmiş, dövlət siyasəti səviyyəsində lazımi diqqət ayırmamışdır. Azərbaycana ilk rəhbərliyi dövründə başladığı və davamlı olaraq həyata keçirdiyi, respublikanın dayanıqlı inkişafında taleyüklü rola malik texnoloji siyasətin nəticəsidir ki, az müddətdən sonra bütün sosial-iqtisadi göstəricilərinə görə geridə qalan Azərbaycan yeni inkişaf mərhələsinə - sənaye cəmiyyətinə qədəm qoymuşdur. Bu siyasət çərçivəsində respublika iqtisadiyyatının əsasını təşkil edən neft, qaz, kimya, maşınqayırma, kənd təsərrüfatı və s. sahələrdə innovativ texnologiyaların və biliklərin tətbiqi, zəruri infrastrukturun yaradılması, cəmiyyətdə texnoloji mədəniyyətin formalaşdırılması istiqamətində düşünülmüş, ardıcıl və sistemli tədbirlər həyata keçirildi. Həmin dövrdə Azərbaycanda çoxlu sayda yeni zavod və fabriklərin, müxtəlif təyinatlı istehsal və xidmət sahələrinin yaradılması, aqrar sektorda mexanikləşdirmə və elektrikləşdirmə işlərinin geniş tətbiqi, böyük sürətlə tikinti sahəsinin, nəqliyyat infrastrukturunun inkişafı şəhər və kəndlərimizin simasını köklü surətdə dəyişdi, onları əhəmiyyətli dərəcədə müasirləşdirdi. Eyni zamanda böyük diqqət ayrılan sahələrdən biri də milli informasiya məkanının formalaşmasına xidmət edən radio, televiziya yayımı və rabitə texnologiyalarının davamlı təkmilləşdirilməsi və inkişafının təmin edilməsi idi.

Bu qədər çətin və mürəkkəb işlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması kimi strateji vəzifələr elmin və təhsilin də qarşısında çox məsul tələblər qoyurdu. O dövrdə respublikada həyata keçirilən uğurlu texnoloji siyasət nəticəsində zavod və fabriklərdə, kənd təsərrüfatı və emal müəssisələrində istehsal olunan məhsullar daxili və xarici bazarlarda istehlakçılara təqdim edilməyə başlandı. Ümumiyyətlə, Ulu Öndər respublikanın dayanıqlı texnoloji inkişafını təmin etmək məqsədilə həm ittifaqda, həm də xaricdə fəaliyyət göstərən qabaqcıl şirkətlər, istehsalat birlikləri, elmi-texnoloji və innovasiya mərkəzləri ilə işgüzar əməkdaşlığa böyük dəstək verirdi. Davamlı olaraq respublikada strateji məqsədlərə xidmət edən yeni texnologiyaların, qabaqcıl təcrübə və biliklərin Azərbaycana transfer edilməsi üçün beynəlxalq simpoziumlar, konqreslər təşkil edilir, yüksək bacarığa malik mühəndis kadrların, texnoloqların hazırlanması istiqamətində tədbirlər həyata keçirilirdi. Bununla yanaşı, respublikamızda istehsal olunan müxtəlif təyinatlı texnoloji məhsulların xarici ölkələrə ixrac olunması eyni zamanda xalqımızın elmi-texnoloji potensialının, bilik və bacarıqlarının bir göstəricisi kimi respublikanın beynəlxalq imic və nüfuzunun yüksəlməsinə xidmət edirdi.

Bu gün ölkəmizdə yüksək texnologiyaların tətbiqi sahəsində əldə olunmuş çoxsaylı uğur və nailiyyətlərin qazanılmasında mühüm rol oynayan əsas qaynaqlardan biri də Ulu Öndər tərəfindən o dövrlər böyük uzaqgörənliklə həyata keçirilən texnoloji siyasətdir. Heydər Əliyevin həyata keçirdiyi texnolji siyasətin əsas prioritetlərindən biri də Azərbaycanda İKT sənayesinin və infrastrukturunun formalaşması idi. Ötən əsrin 70-ci illərindən başlayaraq, geniş miqyasda və yüksək templə Azərbaycanda İKT sənayesinin əsasını təşkil edən çoxlu sayda elektrotexnika, radioelektronika, cihazqayırma, telekommunikasiya, hesablayıcı maşınlar, mikroelektronika sahəsində müxtəlif təyinatlı məhsullar istehsal edən zavodlar, elm-istehsalat birlikləri, xüsusi konstruktor büroları, innovasiya və texnoloji transfer mərkəzləri yaradılırdı. İstehsal olunan bu məhsullar - informasiya-ölçü cihazları, avtomatik nəzarət və idarəetmə sistemləri, xüsusi hesablayıcı qurğular və s. mülki məqsədlərə xidmət etsə də, əksər hallarda sovet hərbi-sənaye kompleksinin sifarişləri əsasında həyata keçirilirdi. 

Əsası həmin dövrdə qoyulan Radiozavod, Elektron Hesablayıcı Maşınlar Zavodu və s. çoxlu sayda istehsal müəssisələri texnoloji cəhətdən yenilənərək bu gün də fəaliyyətini davam etdirir, ölkənin İKT sənayesinin inkişafına əhəmiyyətli dəstək verirlər. Həmin zavodların, birliklərin müxtəlif bölgələrdə - Naxçıvan, Gəncə və digər şəhərlərdə filialları, istehsalat sahələri açılır, yerli əhalinin məşğulluğunun təmin olunması üçün geniş imkanlar yaradılırdı. Ölkəmizdə mikroelektronikanın inkişafı, müxtəlif təyinatlı mikrosxemlərin - çiplərin layihələndirilməsi və istehsalı üçün kifayət qədər geniş imkanlara malik xüsusi zavodlar, texnoloji platformalar (AZON, Mikroelektronika İnstitutu, Peyk zavodu və s.) yaradılırdı. Onların məhsulları əsasən xarici ölkələrə ixrac olunurdu. Azərbaycanın İKT sənayesinin tərkib hissələrindən biri olan telefon, teleqraf və poçt infrastrukturu və xidmətləri də xeyli təkmilləşdirilir və inkişaf etdirilirdi.

O dövrü xarakterizə edən cəhətlərdən biri də ondan ibarət idi ki, respublikanın mərkəzi idarəetmə və icra orqanlarının, böyük birlik və komplekslərinin nəzdində informasiya-hesablama mərkəzləri yaradılırdı. Bu mərkəzlərin əsas vəzifəsi aid olduqları qurumların fəaliyyətinə dair kağız üzərində olan məlumatlar əsasında verilənlər bazalarının, avtomatlaşdırılmış idarəetmə və informasiya emalı sistemlərinin işlənib istismar edilməsi idi. Həmin dövr dünyada hələ fərdi kompüterlər istehsal olunmadığından bütün işlər böyük qabaritə malik universal hesablayıcı maşınlar əsasında həyata keçirilirdi. İKT sənayesinin formalaşması ilə əlaqədar respublikada həyata keçirilən kompleks tədbirlər və davamlı texnoloji siyasət nəticəsində Azərbaycanın əmək bazarında yeni ixtisaslar - kompüter və elektronika mühəndisləri, proqramçılar, sistem administratorları, konstruktorlar, texnoloqlar və s. üzrə peşələr meydana gəlməyə başladı. Başqa sözlə, o dövrün məhdud elmi-texnoloji imkanları çərçivəsində respublikada İKT sənayesinin yüksək bilik və bacarıqlara malik milli kadr potensialı formalaşdı. Elə həmin mütəxəssislər ordusu Sovet İttifaqı süquta uğradıqdan sonra hazırda müstəqil Azərbaycanın maraqlarına uyğun müxtəlif sferalarda fəaliyyətlərini şərəflə davam etdirərək ölkənin rəqəmsal inkişafına layiqli töhfə verirlər.

Ulu Öndərin rəhbərliyi ilə respublikada həyata keçirilən texnoloji siyasətin əsas prioritetlərindən biri də, digər sektorlarla yanaşı, İKT sənayesinin daha güclü, yüksəkixtisaslı kadrlar korpusunu formalaşdırmaq idi. Bu məqsədlə əksər şəhər və rayonlardakı müvafiq ali və orta ixtisas təhsili müəssisələrində İKT üçün zəruri olan maddi-texniki baza formalaşdırılır, laboratoriyalar, hesablama mərkəzləri açılır, tədris müddətində tələbələr sovet respublikalarının müvafiq zavodlarına, istehsalat birliklərinə göndərilirdilər. Eyni zamanda xarici dillərdə dərc edilən tədris materialları müntəzəm olaraq Azərbaycan dilinə çevrilir, yeni dərsliklər hazırlanırdı. Bu istiqamətdə yetişdirilən kadrların keyfiyyətini yüksəltməyə xidmət edən məsələlərdən biri də ondan ibarət idi ki, tədris prosesi və mütəxəssis hazırlığı respublikanın müvafiq zavod və istehsalat komplekslərinin imkanlarından istifadə edilməklə həyata keçirilir, gələcəyin mühəndis-texniki işçilərinin nəzəri biliklər əldə etmələri ilə yanaşı, praktiki vərdiş və bacarıqlarının formalaşdırılması üçün lazımi imkan və şərait yaradırdılar.

Bütün bu görülən kompleks işlərlə yanaşı, Ümummilli Liderin təşəbbüsü və bilavasitə qayğısı ilə çox böyük uzaqgörənliklə həyata keçirilən strateji siyasətin əsas hədəflərindən biri də Sovet İttifaqı rəhbərliyinin dəstəyini almaq və digər respublikaların qabaqcıl ali məktəblərində azərbaycanlı gənclərin təhsil əldə etmək imkanlarına nail olmaq idi. O zaman bununla bağlı əsas problem rayon və kəndlərdə orta məktəbi yüksək nəticələrlə bitirmiş, lakin əksəriyyəti rus dilində lazımi səviyyədə bilik və danışıq qabiliyyətinə malik olmayan gənclərin respublikadan kənar ali məktəblərdə təhsil almaq imkanlarının olmaması idi. Xaricdə təhsillə bağlı bu kimi problemlər Ulu Öndərin qayğısı ilə həll olunduqdan sonra təxminən 14 min azərbaycanlı gənc həmin universitetlərdə, institutlarda yüksəkkeyfiyyətli bilik əldə edib vətənə qayıtdılar, müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdilər. Həmin məzunlara respublika rəhbərliyi səviyyəsində xüsusi qayğı göstərilir, yaşayış və iş yerləri ilə təmin olunur, cəmiyyətdə layiqli mövqe tutmaq üçün hər cür dəstək verilirdi. Sonralar bu kadr potensialı dövlət idarəetməsində, iqtisadiyyatın müxtəlif sektorlarında, elm və təhsildə çox səmərəli fəaliyyət göstərərək ölkənin inkişafına böyük dəstək verdi. Uzaqgörən, müdrik siyasətin davamlı və sistemli həyata keçirilməsi nəticəsində Azərbaycandan kənarda təhsil alan tələbələrin ixtisasları da əsasən o dövrün ideologiyası ilə bağlı olan peşələr üzrə yox, məhz dəqiq elmlər və İKT profilinə dair biliklərə aid idi. 

Ulu Öndər Azərbaycanda bütün elmi istiqamətlər üzrə yeni bilik sahələrinin inkişafına böyük dəstək verirdi. Bu siyasət çərçivəsində diqqət ayırdığı sahələrdən biri də İKT profilli fənlər - tətbiqi riyaziyyat, kibernetika, informatika, telekommunikasiya, avtomatika və s. üzrə aparılan elmi-nəzəri və praktiki tədqiqatların aparılması ilə əlaqədar idi. Bir tərəfdən qeyd olunan sahələr üzrə yeni elmi müəssisələr, laboratoriyalar təşkil olunur, digər tərəfdən həm respublika daxilində, həm də Sovet İttifaqının aparıcı elm və təhsil mərkəzlərində gənc alim və tədqiqatçılar hazırlanırdı. O dövrdə aparılan tədqiqatların əsas prioritetləri həmin fənlər çərçivəsində fundamental araşdırmalar aparmaqla yanaşı, respublika sənayesinin bütün sahələrində, əsasən neft-qaz, kimya, kənd təsərrüfatı, sosial-iqtisadi sferada proseslərin avtomatlaşdırılması, kompüter texnologiyalarının geniş tətbiqi, idarəetmənin və xidmətlərin səmərəliliyinin yüksəldilməsindən ibarət idi. Bu tədqiqatlar əsasən Azərbaycan Elmlər Akademiyasının institutlarında, həmçinin ali təhsil müəssisələrində, eyni zamanda elmlə istehsalat arasında innovativ körpü funksiyasını yerinə yetirən, elmi nəticələrin praktikaya sürətlə tətbiqini həyata keçirməyə xidmət edən xüsusi-konstruktor bürolarında, texnoloji transfer mərkəzlərində yerinə yetirilirdi. 

Digər bir formalaşmış ənənə ondan ibarət idi ki, elmi müəssisələrdə çalışan alimlər eyni zamanda ali təhsil müəssisələrində gənc kadrların hazırlanmasında yaxından iştirak edirdilər. Elm və təhsil arasında yaranmış bu inteqrativ münasibətlər bir tərəfdən ölkənin İKT sənayesi üçün keyfiyyətli kadrların hazırlanmasına xidmət edirdisə, digər tərəfdən xüsusi istedada, qabiliyyətə malik olan gənclərin elmi müəssisələrə işə gəlməsinə imkan yaranır, həmçinin onlar digər sovet respublikalarının qabaqcıl tədqiqat mərkəzlərinə göndərilirdilər. Həyata keçirilən bu siyasət nəticəsində o dövrün reallıqları və məhdudiyyətləri şəraitində respublikamızda İKT sənayesinin təşəkkülü və inkişafı üçün elm-təhsil-istehsalat əlaqələri, işgüzar əməkdaşlıq münasibətləri formalaşdı. 

Azərbaycan üçün yeniliklərdən biri də kosmik sahədə tədqiqatların aparılmasına başlanılması idi. Bu təşəbbüsün də əsası 1973-cü ildə Bakıda Beynəlxalq Astronavtika Federasiyasının konqresinin keçirilməsi zamanı Ulu Öndər tərəfindən qoyuldu. Qısa müddət ərzində respublikada kosmik problemlər üzrə xüsusi tədqiqat mərkəzləri, elm-istehsalat birliyi, konstruktor büroları yaradıldı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə formalaşan, dövlətin strateji maraqlarına xidmət edən kosmik sənayenin ilk dayaqlarından biri də məhz o dövrdə həyata keçirilən uzaqgörən, müdrik siyasətdir. 

Bu illər ərzində respublikada İKT-nin müxtəlif elmi istiqamətləri üzrə çoxlu sayda alimlər yetişdirildi, dünyanın aparıcı tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq münasibətləri quruldu, aktual problemlər üzrə beynəlxalq konfranslar və simpoziumlar keçirildi. Ən əsası isə İKT-nin müxtəlif problemləri üzrə elmi məktəblər formalaşdı və onların fəaliyyəti, ənənəsi, varisliyi bu gün də davam edir.

Ulu Öndərin təşəbbüsü ilə yaradılan, daim onun qayğısı altında inkişaf edən və Azərbaycanın İKT sənayesinə intellektual dəstək verən elmi qurumlardan biri də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutudur. İnstitutun əsasını təşkil edən ilk qurum Ulu Öndərin qərarı ilə 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun nəzdində yaradılan Avtomatlaşdırmış idarəetmə sistemləri şöbəsidir. Bu qurumun təşkil olunmasında əsas məqsəd dövlət hakimiyyəti orqanlarında, nazirlik və komitələrdə, sosial-iqtisadi sahələrdə, istehsalat birliklərində riyazi metodların, hesablama üsulları və kompüter texnologiyalarının tətbiqi ilə yaradılması nəzərdə tutulan müxtəlif səviyyəli və təyinatlı avtomatlaşdırılmış idarəetmə və informasiya emalı sistemlərinin layihələndirilməsinə və tətbiqinə dəstək vermək, həmçinin həmin sistemlərin əsasında o zamanlar Sovetlər Birliyinin müvafiq infrastrukturunun tərkib hissəsi olan "Azərbaycan" Respublika Avtomatlaşdırılmış İdarəetmə Sisteminin formalaşmasına elmi-metodiki dəstək vermək, qurumlararası koordinasiya işlərini həyata keçirmək, elmtutumlu tətbiqi-innovativ araşdırmalar aparmaq və yüksəkixtisaslı milli kadrlar hazırlamaq idi. Müasir terminlə desək, Ulu Öndərin bu elm qurumunun qarşısına qoyduğu əsas vəzifə o dövrün texnoloji imkanları, siyasi-iqtisadi məhdudiyyətləri çərçivəsində Azərbaycanda rəqəmsal dövlətin qurulması idi və bu fəaliyyətin nəticəsində respublikada şəbəkə texnologiyalarının, müxtəlif təyinatlı informasiya sistemlərinin, məlumat-hesablama mərkəzlərinin yaradılmasının əsası qoyuldu, yüksək bacarığa malik İKT mütəxəssisləri yetişdi. 

O dövrdə bu tədqiqat qurumunun alim və mütəxəssisləri tərəfindən telefon xətləri üzərində müxtəlif təşkilatlara mənsub olan universal elektron hesablayıcı maşınların bir-biri ilə və digər sovet respublikalarının uyğun sistemləri ilə əlaqələrini təmin edərək respublikada ilk dəfə eksperimental şəbəkə infrastrukturunun yaradılmasına nail oldular. Bu illər ərzində əldə olunmuş təcrübə, bilik və bacarıqlar nəticəsində, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin beynəlxalq internet şəbəkəsinə qoşulması həyata keçirildi. 1997-ci ildə isə Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin bazasında İnformasiya-Telekommunikasiya Mərkəzi yaradıldı.

Sonrakı dövrdə müstəqil Azərbaycanın qarşısında duran elmtutumlu strateji problemlərin həllinin təmin edilməsi məqsədilə bu mərkəzin qarşısında çox mühüm əhəmiyyətə malik vəzifələr qoyuldu, onun gələcək fəaliyyəti, prioritet istiqamətləri müəyyənləşdirildi. 1990-cı illərin sonlarından başlayaraq, bütün dünya üzrə internet texnologiyalarının genişlənməsi, cəmiyyət həyatının müxtəlif sahələrinə İKT-nin sürətlə sirayət etməsi, bu istiqamətdə yeni rəqəmsal reallıqların, çoxlu sayda elmi problemlərin meydana gəlməsi, elmi kadrların hazırlanması kimi zəruri və aktual məsələlər nəzərə alınaraq, Ulu Öndər tərəfindən 2002-ci ildə qeyd olunan mərkəzin əsasında İnformasiya İnstitutunun yaradılması haqqında qərar qəbul edildi. Həmin dövrdən etibarən institut artıq yeni qlobal çağırışlar və imkanlar şəraitində ölkədə rəqəmsal dövlətin formalaşması və onun kibertəhlükəsizliyinin təmin olunmasının elmi-nəzəri və praktiki problemlərinin araşdırılmasını həyata keçirir, həmçinin bu istiqamətdə qəbul olunmuş dövlət proqramları və strategiyalarından irəli gələn vəzifələrin icrasında yaxından iştirak edir, elm və təhsilin inteqrasiyasına dəstək verir, gənc alimlər yetişdirir, beynəlxalq layihələrdə ölkəni təmsil edir.

Məlumdur ki, Ulu Öndərin hakimiyyətə qayıdışı vaxtı müstəqilliyini yeni bərpa etmiş Azərbaycan dərin siyasi-iqtisadi böhran içində idi. Ölkə ərazisində müharibə gedir, torpaqlarımız işğal olunurdu. Əhalinin müəyyən hissəsi qaçqın düşmüş, cəmiyyətdə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Sözün həqiqi mənasında, Azərbaycan müstəqilliyini və dövlətçiliyini itirmək riski ilə üzləşmişdi. Belə bir xaotik şəraitdə ölkədə əvvəllər qurulmuş demək olar ki, hər şey dağıdılmışdı. Bu vəziyyətdə respublikada vaxtilə fəaliyyətdə olan İKT sənayesi və infrastrukturu, digər tərəfdən keçmiş Sovet İttifaqı ilə əlaqəli olan telekommunikasiya sistemləri də böyük ziyan görmüşdü. İstismarda olan İKT sistemləri və qurğuları mənəvi və fiziki aşınmaya məruz qaldığından müasir dövrün tələblərinə cavab vermirdi. Bu cür texnoloji imkanların olmaması səbəbindən müstəqil Azərbaycan informasiya və kommunikasiya blokadasına düşmüş və həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkünsüz olmuşdu. Bu istiqamətdə mövcud olan problemlərin həlli üçün müəyyən təşəbbüslər irəli sürülsə də, dövlətin büdcəsində zəruri vəsait olmadığından onları reallaşdırmaq mümkün deyildi.

Ulu Öndər tərəfindən həyata keçirilən kompleks fəaliyyət nəticəsində düşmənlə atəşkəsə, ölkə daxilində sabitliyə və vətəndaş həmrəyliyinə nail olunması, xarici investorların respublika iqtisadiyyatının dirçəlməsinə cəlb edilməsi, Azərbaycan xalqının maraqlarına xidmət edən neft strategiyasının formalaşması, dünyanın aparıcı neft-qaz şirkətləri ilə "Əsrin müqaviləsi"nin bağlanması digər mühüm sahələrlə yanaşı, İKT sənayesinin və infrastrukturunun da yenidən qurulmasına zəmin yaratdı. Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq ölkəmizdə rabitə, poçt, teleradioyayım sistemləri və infrastrukturu müasir texnologiyaların tətbiqi ilə əsaslı şəkildə yenidən qurulmağa başladı, dünyanın aparıcı şirkətlərinin dəstəyi ilə vətəndaşlara keyfiyyətli stasionar və mobil telekommunikasiya xidmətləri göstərilməsinə nail olundu. Eyni zamanda əvvəllər İKT sənayesinin əsasını təşkil edən zavodların, istehsal sahələrinin fəaliyyətinin bərpası və təkmilləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirildi. 

Ölkədə telekommunikasiya sektorunda aparılan bu texnoloji siyasət və islahatlar nəticəsində internet şəbəkəsinin milli infrastrukturunun yaranması və inkişafına böyük diqqət ayrıldı, yeni sosial-iqtisadi siyasətin tələblərinə müvafiq olaraq İKT sənayesinin biznes sektoru formalaşmağa başladı, çoxlu sayda milli şirkətlər, innovasiya mərkəzləri meydana gəldi. Eyni zamanda İKT sahəsində kadrların hazırlanması, milli maraqlara xidmət edən elmtutumlu strateji problemlərin həllinə ölkənin müvafiq elmi-tədqiqat və ali təhsil müəssisələri cəlb olundu, onların fəaliyyətinə dövlət tərəfindən böyük dəstək verildi. Belə bir mürəkkəb şəraitdə Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən siyasətin nəticəsində digər istiqamətlərlə yanaşı, texnoloji tənəzzüldən inkişafa doğru əhəmiyyətli bir dirçəliş müşahidə olunmağa başladı.

2000-ci ildə BMT-nin Baş Assambleyasının toplantısında sivilizasiyanın yeni inkişaf mərhələsi olan informasiya cəmiyyətinin minilliyin ideologiyası kimi tanınması haqqında xüsusi bəyannamə qəbul edildi. Bu bəyannamədə irəli sürülən ideyaları, həmçinin ölkədə İKT sahəsində yaranmış rəqəmsal reallıqları və imkanları əsas tutaraq, 2002-ci ildə Ulu Öndər cəmiyyətin bütün sahələrində, dövlət və biznes sektorlarında kompüterləşdirmə, şəbəkələşdirmə və informasiyalaşdırma istiqamətində tədbirlərin aparılmasına dəstək verən bir dövlət strategiyasının işlənməsi haqqında tarixi qərar qəbul etdi. Bununla da Azərbaycanda sənaye cəmiyyətinin növbəti inkişaf mərhələsi kimi postsənaye, başqa sözlə, informasiya cəmiyyətinin qurulmasına yönəlmiş dövlət siyasətinin əsası qoyuldu.

Nəhayət, 2003-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə informasiya cəmiyyətinin formalaşması və inkişafını əsas hədəf kimi müəyyənləşdirən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" qəbul olundu. Ötən müddət ərzində bu sahədə böyük nailiyyətlər əldə edildi, dövlətin və vətəndaşların maraqlarına xidmət edən güclü rəqəmsal platforma yaradıldı, Yer ətrafı orbitə Azərbaycan kosmik peykləri buraxıldı. Əldə olunmuş bu texnoloji nailiyyətləri nəzərə alaraq, bu ilin fevral ayında Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında qlobal texnoloji çağırışlar və risklər kontekstində ölkəmizdə müstəqil, suveren Azərbaycanın maraqlarına cavab verən, yeni rəqəmsal arxitektur tələbləri nəzərə alan süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiqi ilə kibersuveren dövlətin formalaşdırılmasına start verildi, müvafiq qurumlar və alimlər qarşısında vəzifələr müəyyənləşdirildi.

Mən bir alim, mütəxəssis olaraq bütün bu proseslərin və həyata keçirilən işlərin 50 ildən artıq bir müddət ərzində şahidi, bəzi hallarda isə bilavasitə iştirakçısı olmuşam. Zaman keçdikcə beynəlxalq səviyyədə, xarici ölkələrdə baş verən qanlı-qadalı, təlatümlü hadisələri izlədikcə Ümummilli Lider Heydər Əliyevin nə dərəcədə möhtəşəm, uzaqgörən və müdrik bir ictimai-siyasi xadim kimi xalqımızın taleyində, müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılmasında və inkişafında əvəzsiz xidmətlərinin olduğunu daha dərindən dərk etmişəm.

 

Rasim ƏLİQULİYEV, 

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik