Süni immun sistemlərinin kibertəhlükəsizlikdə tətbiqi məsələləri araşdırılır

07 Aprel 2026 - 15:08 | Konfranslar, İclaslar
Süni immun sistemlərinin kibertəhlükəsizlikdə tətbiqi məsələləri araşdırılır

Süni intellekt və şəbəkə texnologiyalarının sürətli inkişafı kibertəhlükələrin miqyasını və mürəkkəbliyini əhəmiyyətli dərəcədə artırıb. Ənənəvi kibertəhlükəsizlik mexanizmləri yeni və “ağıllı” hücumlar qarşısında məhdud imkanlara malikdir. Bu baxımdan bioloji sistemlərdən qaynaqlanan adaptiv və özü öyrənən modellərin, xüsusilə süni immun sistemlərinin tətbiqi aktual elmi istiqamət kimi ön plana çıxır.

Bu fikirləri ETN İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev institutda keçirilən elmi seminarda çıxışı zamanı səsləndirib.

Dosent Ramiz Şıxəliyev “Süni immun sistemlərinin kibertəhlükəsizlikdə tətbiqi və perspektivləri” mövzusuna həsr olunmuş məruzəni təqdim edərək bioloji immun sisteminin mahiyyəti, onun adaptivlik, paylanmış aşkarlama, immun yaddaş, küyə dözümlülük və dayanıqlıq kimi xüsusiyyətlərini ətraflı izah edib. Qeyd edib ki, bioloji immun sistemi “özününkü” və “yad” (zərərli) anlayışlarını fərqləndirərək orqanizmi qoruyan mürəkkəb və intellektual mexanizm kimi çıxış edir. Bu xüsusiyyətlər kibertəhlükəsizlik sistemləri üçün dəyərli analoji model yaradır.

Alim süni immun sistemlərinin formalaşma tarixinə də toxunaraq qeyd edib ki, bu sahə 1980-ci illərin sonlarından inkişaf etməyə başlayıb. Sonrakı dövrlərdə neqativ seçim, klonal seçim, immun şəbəkə və təhlükə nəzəriyyəsi kimi əsas alqoritmik mexanizmlər formalaşıb. Bu mexanizmlər hazırda kibertəhlükəsizlik, anomaliyaların aşkarlanması, müdaxilələrin qarşısının alınması, spam filtrasiyası, Əşyaların İnterneti və simsiz şəbəkələrin mühafizəsi kimi sahələrdə tətbiq olunur.

Dos. Ramiz Şıxəliyev həmçinin süni immun sistemlərinin real tətbiq nümunələri barədə də məlumat verib. Bildirib ki, müxtəlif tədqiqatlarda bu yanaşmaların virusların aşkarlanması, şəbəkə hücumlarının qarşısının alınması və DDoS hücumlarına və s. qarşı mübarizədə yüksək effektivlik nümayiş etdirdiyi sübut olunub.

O, eyni zamanda bu sahədə mövcud elmi-nəzəri problemlərə də diqqət çəkib. Süni immun sistemlərində parametrlərin optimal seçiminin çətinliyi, real vaxt tələbləri ilə hesablama mürəkkəbliyi arasındakı ziddiyyətlər, eləcə də yalan pozitiv nəticələr kimi risklərin əsas problemlər sırasında yer aldığını söyləyib. Məruzəçinin sözlərinə görə, bu problemlərin həlli üçün süni immun sistemləri və maşın təlimi, dərin təlim metodlarının inteqrasiyası ilə hibrid modellərin işlənməsi perspektivli istiqamət hesab olunur.

Dosent Ramiz Şıxəliyev vurğulayıb ki, süni immun sistemləri kibertəhlükəsizlik sahəsində klassik yanaşmaların məhdudiyyətlərini aradan qaldırmaq potensialına malikdir və gələcəkdə növbəti nəsil intellektual kibermüdafiə sistemlərinin əsasını təşkil edə bilər.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev son illər kibermühitdə təhlükələrin artmasının müşahidə olunduğunu xüsusi vurğulayaraq, bu təhlükələrin xarakterinin müəyyənləşdirilməsi və onlara qarşı effektiv mübarizə mexanizmlərinin işlənilməsinin mühüm elmi-praktiki əhəmiyyət daşıdığını bildirib. Alim qeyd edib ki, ölkələrin hərbi və maliyyə sistemlərini, eləcə də vətəndaşların şəxsi məlumatlarını hədəf alan kibertəhlükələr alimlər qarşısında ciddi və məsul vəzifələr qoyur. Hazırda dünyada süni intellekt texnologiyalarının geniş tətbiqi fonunda kibertəhlükəsizlik sistemləri üçün yeni risklər meydana çıxsa da, bu təhlükələrin qarşısının alınması və kibertəhlükəsizliyin səviyyəsinin yüksəldilməsi məqsədilə data əsaslı yanaşmalar uğurla tətbiq olunur.

Süni immun sistemlərinin mahiyyətinə toxunan alim vurğulayıb ki, bu yanaşmanı anlamaq üçün ilk növbədə insan biologiyasına əsaslanan immun sistemlərinin – ətraf mühitlə qarşılıqlı əlaqədə olan, yad təsirlərə cavab verən və fəaliyyəti prosesində qoruyucu mexanizmlər formalaşdıran kompleks strukturların xüsusiyyətlərinin öyrənilməsi vacibdir.

Alimin sözlərinə görə, süni immun sistemləri kibertəhlükəsizlik mühitində risklərin vaxtında aşkarlanması, sistemlərin kiberdayanıqlılığının və etibarlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sistemlər rəqəmsal obyektlərin kiberimmunitetinin formalaşmasına imkan yaratmaqla yanaşı, xüsusən ölkə miqyasında kibertəhlükəsizlik infrastrukturunu hədəf alan mürəkkəb və “ağıllı” kiberhücumlara qarşı müdafiə mexanizmlərinin daha çevik və dayanıqlı qurulmasını prioritet vəzifə kimi ön plana çıxarır.

Akademik Rasim Əliquliyev bu istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayaraq, əldə olunan nəticələr əsasında hazırlanacaq məqalələrin nüfuzlu beynəlxalq elmi jurnallara təqdim olunmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.