ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda institutun əməkdaşı Nərgiz Abdullayeva “Süni intellektin nəşr etikasına təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi elmi fəaliyyətin əsas sütunlarından biri olan nəşr etikasının müasir dövrdə süni intellekt texnologiyalarının təsiri altında yeni çağırışlarla üzləşdiyini diqqətə çatdırıb.
Bildirib ki, nəşr etikası tədqiqatçıların dürüstlüyünü, müəlliflik hüquqlarının qorunmasını, plagiatdan uzaq olmağı və elmi məlumatların saxtalaşdırılmamasını təmin edən fundamental prinsiplər toplusudur. Elmi ictimaiyyətə olan etimadın məhz bu prinsiplər üzərində qurulduğunu bildirərək əlavə edib ki, süni intellekt alətlərinin sürətlə yayılması bu etimad mexanizmini həm gücləndirə, həm də zəiflədə bilər.
Məruzəçi süni intellektin elmi məqalələrin yazılması, xülasələrin hazırlanması, dil və üslubun redaktəsi, eləcə də rəyçilik prosesində istifadəsi ilə bağlı məlumat verib. Qeyd edib ki, süni intellektdən nəzarətsiz və gizli istifadə müəlliflik hüquqları ilə bağlı ciddi etik problemlər yaradır. Məruzəçinin sözlərinə görə, beynəlxalq nəşr etikası qaydalarına əsasən süni intellekt müəllif kimi qəbul edilə bilməz.
N.Abdullayeva xüsusilə süni intellektdən istifadənin şəffaflığının vacibliyini önə çəkərək bildirib ki, elmi işin hazırlanmasında bu alətlərdən istifadə olunubsa, bu fakt mütləq şəkildə açıqlanmalıdır. O, bir çox nüfuzlu beynəlxalq elmi jurnalların artıq “AI disclosure” – süni intellektdən istifadə bəyannaməsi tələb etdiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Tədqiqatçı süni intellekt “halüsinasiyaları”nı da ciddi risk kimi dəyərləndirib. Qeyd olunub ki, bəzi hallarda süni intellekt mövcud olmayan mənbələrə istinad edir, saxta DOI nömrələri yaradır və elmi cəhətdən səhv, lakin inandırıcı görünən mətnlər təqdim edir. Bu isə elmi məlumatların etibarlılığına birbaşa təhlükə yaradır.
O, həmçinin süni intellektlə yaradılmış mətnlərin aşkarlanması üçün dil modeli əsaslı üsullardan – N-gram analizi, stilometrik və semantik analiz metodlarından bəhs edib. Məruzəçi vurğulayıb ki, ənənəvi plagiat sistemləri mətn oxşarlığını aşkarlasa da, süni intellektin yaratdığı fikir və ideya baxımından mənimsəmə daha mürəkkəb və gizli formalar alır.
N.Abdullayeva süni intellektin nəşr etikasına həm müsbət, həm də mənfi təsirlərini ümumiləşdirərək qeyd edib ki, bu texnologiyalar tədqiqatçıların işini asanlaşdırsa da, yalnız köməkçi alət kimi istifadə edilməli, əsas elmi nəticələr insan tərəfindən formalaşdırılmalıdır. Sonda məruzəçi elm və zəhmətlə bağlı müdrik fikirləri diqqətə çatdırıb.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev məruzəyə dair bir sıra təklif və tövsiyələrini səsləndirib. O, süni intellekt texnologiyalarının elmi nəşr mühitinə təsirinin sistemli şəkildə araşdırılmasının vacibliyini vurğulayıb. Akademik, həmçinin tədqiqatçıların süni intellekt alətlərindən istifadəyə dair maarifləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.