İnklüziv süni intellekt texnologiyalarının problemləri və perspektivlərinə dair araşdırmalar aparılıb

14 Yanvar 2026 - 12:05 | Konfranslar, İclaslar
İnklüziv süni intellekt texnologiyalarının problemləri və perspektivlərinə dair araşdırmalar aparılıb

ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “İnklüziv süni intellekt texnologiyaları: problemlər, trendlər, perspektivlər” mövzusunda məruzə dinlənilib.

Məruzəni institutunTədris-İnnovasiya Mərkəzinin rəhbər müavini Kəmalə Qurbanova təqdim edərək qeyd edib ki, inklüziv süni intellekt təkcə texnoloji həll deyil, eyni zamanda rəqəmsal mühitdə ədalətlilik, şəffaflıq və universal əlçatanlığın təmin olunmasına yönəlmiş etik-strateji çərçivədir. O, bildirib ki, müasir dövrdə süni intellekt sistemləri rəqəmsal transformasiyanın əsas paradiqması kimi çıxış edərək sosial-iqtisadi ekosistemin bütün seqmentlərində əsaslı dəyişikliklərə səbəb olur. Lakin texnoloji determinizm yanaşması əsasında inkişaf etdirilən bu sistemlər inklüziv dizayn metodologiyalarına söykənmədiyi halda mövcud struktur bərabərsizliklərin dərinləşməsi, alqoritmik qərəzlilik vasitəsilə isə yeni diskriminasiya formalarının yaranması riskini daşıyır.

“Son illəri əhatə edən mövcud elmi tədqiqatlar və qlobal trendlər göstərir ki, inklüziv süni intellekt əsaslı texnologiyalar, o cümlədən köməkçi rəqəmsal alətlər, ağıllı adaptiv sistemlər və avtomatlaşdırılmış dəstək platformaları əmək bazarında bərabər iştirak imkanlarını genişləndirir, iş mühitlərində funksional maneələri azaldır və fərdlərin iqtisadi müstəqilliyinin güclənməsinə töhfə verir”, – deyə K.Qurbanova diqqətə çatdırıb.

Məruzəçinin sözlərinə görə, süni intellektin inklüzivliyi ilə bağlı problemlər qlobal miqyasda aktuallıq kəsb edir və bu məsələlər beynəlxalq siyasət və etik çərçivələr kontekstində geniş şəkildə müzakirə olunur. Araşdırmalar göstərir ki, süni intellektin etik təsirləri və sosial nəticələri geosiyasi, mədəni və sosial kontekstdən asılı olaraq fərqlənir, bu isə inklüzivlik məsələlərinin kompleks yanaşma tələb etdiyini ortaya qoyur. Süni intellekt etikası mahiyyət etibarilə qlobal xarakter daşıyır, çünki bu texnologiyaların inkişafı və tətbiqi milli sərhədləri aşaraq müxtəlif cəmiyyətlərə təsir göstərir.

O, əlavə edib ki, bu çağırışlara cavab olaraq UNESCO, BMT, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq qurumlar  məsuliyyətli və inklüziv süni intellekt ekosisteminin formalaşdırılmasını təşviq etmək məqsədilə beynəlxalq etik standartlar, normativ-hüquqi tövsiyələr və idarəetmə mexanizmləri təqdim etmişlər. Bununla belə, mövcud təşəbbüslərə baxmayaraq, inklüziv süni intellekt etikası sahəsində həllini gözləyən bir sıra ciddi problemlər hələ də qalmaqdadır və bu sahədə koordinasiyalı beynəlxalq əməkdaşlığa ehtiyac zamanın tələbidir.

K.Qurbanova qeyd edib ki, ink­lüziv süni intellekt  texnologiyaları ilə bağlı problemlər həm elmi-nəzəri, həm də elmi-praktiki xarakter daşıyır ki, bu da onların həm konseptual müstəvidə, həm də real tətbiqlər səviyyəsində sistemli şəkildə tədqiq olunmasını zəruri edir.

“Süni intellekt sistemlərində qeyri-bərabər təmsilçilik, gender və irq əsaslı qərəzlilik, eləcə də şəffaflıq və hesabatlılıq mexanizmlərinin yetərsizliyi kimi problemlər praktiki reallıq təşkil edir və onların aradan qaldırılması üçün metodoloji yanaşmalar və texniki həllər işlənib hazırlanır. Bu baxımdan, elmi-praktiki yanaşma həm mövcud qərəzlərin və inklüzivlik çatışmazlıqlarının ölçülməsini, həm də real tətbiqlərdə ədalətli və bərabər süni intellekt sistemlərinin qurulmasını hədəfləyir”, – deyə məruzəçi vurğulayıb.

İnklüziv Sİ-nin inkişafında bir sıra ciddi maneələrin mövcud olduğunu söyləyən K.Qurbanova rəqəmsal savadlılığın aşağı olması, texnoloji infrastrukturun yetərsizliyi və müxtəlif sosial qrupların spesifik ehtiyaclarının nəzərə alınmamasının bu prosesə mənfi təsir göstərdiyini vurğulayıb.

K.Qurbanova inklüzivlik anlayışını geniş sosial kontekst çərçivəsində təhlil edərək sosial inklüziya və sosial ekskluziya mexanizmləri, eləcə də inklüzivliyə mane olan struktur, mədəni, iqtisadi, psixoloji və institusional amillərdən danışıb. Qeyd edib ki, burada əsas məqsəd inklüzivliyin yalnız əlillik və təhsil müstəvisi ilə məhdudlaşmadığını, əksinə, dil, mədəniyyət, din, gender, yaş, etnik mənsubiyyət, iqtisadi vəziyyət, estetik görünüş, davranış formaları və sosial vərdişlər kimi çoxşaxəli faktorlarla qarşılıqlı əlaqədə formalaşan dinamik və çoxölçülü sosial proses olduğunu vurğulamaqdır.

Məruzəçi o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərdən bəhs edib.

K.Qurbanova qeyd edib ki, inklüziv Sİ sistemlərinin qarşısında duran ciddi problemlərdən biri alqoritmik qərəz və onun nəticəsi kimi ortaya çıxan diskriminasiya riskləridir. O, inklüziv süni intellekt texnologiyalarının inklüziv inkişaf, sosial təşviq, müxtəliflik faktoru, etik bünövrə kimi əsas trendlərini diqqətə çatdırıb. Eyni zamanda, Sİ inklüzivliyinin qarşısındakı maneələrindən danışaraq ucqar ərazilərdə infrastrukturun zəifliyi və yüksək xərclər, rəqəmsal savadsızlıq, dil baryeri, informasiya yoxsulluğu kimi problemlərə diqqət çəkib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev inklüzivliyin cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən göstəricilərdən olduğunu vurğulayıb, tədqiqat çərçivəsində inklüziv süni intellekt texnologiyaları problemlərinin dərindən araşdırıldığını qeyd edib. Alim bu texnologiyaların imkanları, problemləri və perspektivləri ilə bağlı məqalənin hazırlanaraq dərc olunmasını tövsiyə edib.

Akademik Rasim Əliquliyev həmçinin bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması, problemlərin aşkarlanması, idarə olunması və həlli ilə bağlı analitik icmalın hazırlanmasının əhəmiyyətini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.