Üçölçülü təsvirin yeni üsulları haqqında araşdırmalar təqdim olunub

19 Yanvar 2015 - 11:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında 18 saylı şöbənin müdiri Anar Səmidov 3D texnologiyalar haqqında məruzə ilə çıxış edib. İxtisaslaşmış proqramların köməyi ilə üçölçülü təsvirin səthdəki obyektin 3D həndəsi proyeksiyasını qurmağa imkan verdiyini söyləyən məruzəçi bu üsulla qurulan modelin predmetlərini diqqətə çatdırıb.

Əşyaları real təsəvvür etmək üçün dərinlik ölçüsünün də hiss edilməsinin labüd olduğunu qeyd edən A.Səmidov bildirib ki, artıq müasir texnologiyaların inkişafı təsvirləri 3 ölçülü görməyə imkan verir. Onun sözlərinə görə, üçölçülü təsvirin əldə olunmasında 3D və 2D çəkilişdəki təsvirin 3D-yə çevrilməsi metodları geniş tətbiq olunur: “Bu təsvirlər daha real və keyfiyyətli olduğundan böyük vəsait tələb edir və yalnız bir neçə ölkədə həyata keçirilir”.

O, 3D avadanlıqlardan bəhs edərək qeyd edib ki, üçölçülü skaner fiziki obyekti analiz edən və əldə olunan məlumatlar əsasında onun 3D modelini yaradan qurğudur və bu zaman toplanmış məlumatlar rəqəmsal üçölçülü modellər yaratmaq üçün istifadə oluna bilər. Bildirib ki, 3D printeri isə virtual dünyadan real dünyaya transformasiya da adlandırmaq olar.

3D film haqqında məlumat verən məruzəçi bu filmlərin müasir kompüter oyunları, kino və televiziyada geniş tətbiq olunduğunu diqqətə çatdırıb.

A.Səmidov 3D reklamın küçə reklamları ilə bağlı sahələrdə istehlakçıları cəlb edə biləcək son istiqamətlərdən olduğunu vurğulayıb.

Onun sözlərinə görə, yaxın gələcəkdə üçölçülü məkanda tətbiq olunması gözlənilən 3D İnternet tədris ocaqlarında, o cümlədən müxtəlif mütəxəssislər tərəfindən üçölçülü modelləşdirmə sahəsində istifadə ediləcək. 3D İnternetin ikiölçülü İnternetdən kompüter qrafikası və avatarlarda tətbiq olunması ilə fərqlənir.

Elmi-texniki sənədləşmənin mərhələləri və yeni üsulundan (3D sənədləşmə) da bəhs edərək bildirib ki, hazırda obyekt haqqında məlumatın virtual 3D modelində fiksasiya olunma texnologiyasının tətbiqi getdikcə artır. Bu kimi texnologiyalara lazer-skaner, fotoqrammer, tomoqrafiyanın müxtəlif formaları, həmçinin 3D modelləşdirmə daxildir.

3D sənədlərin bir növü olan “virtual irs” barədə məlumat verən məruzəçinin bildirdiyinə görə, bu, mədəniyyət abidələri və təbii obyektlərin modellərinin rəqəmsal nüsxələridir: “Virtual irs ideyası unikal obyektlər haqqında informasiyanın fiksasiya olunması, saxlanılması və ondan geniş istifadə imkanlarını özündə cəmləşdirir.

Qeyd edib ki, 3D modelləşdirmə itirilmiş obyektləri bərpa etməyə, istifadə etməyə və onu yeni nəsillər üçün qoruyub saxlamağa imkan verir.

Məruzə tədbir iştirakçılarının böyük marağına səbəb olub, çoxsaylı suallar cavablandırılıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.