ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda institutun şöbə müdiri, iqtisad üzrə elmlər doktoru, professor Əlövsət Əliyevin “Sənaye 4.0 platforması əsasında iqtisadiyyatın rəqəmsal transformasiyası problemləri: Blokçeyn və süni intellekt texnologiyalarının tətbiqi perspektivləri” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi beynəlxalq aləmdə, eləcə də ölkəmizdə rəqəmsallaşma sahəsində qəbul olunmuş strateji sənədlərə istinad edərək rəqəmsal iqtisadiyyatın təşəkkül mərhələlərindən, inkişaf istiqamətlərindən və bu sahədə qarşıya çıxan problemlərdən bəhs edib. O, blokçeyn və süni intellekt texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi imkanlarından danışaraq bu texnologiyaların iqtisadi səmərəliliyi və şəffaflığı artırmaq potensialına malik olduğunu vurğulayıb.
Alim qeyd edib ki, blokçeyn və süni intellekt texnologiyalarının genişlənməsi ilə əlaqədar əmək bazarında da dəyişikliklər baş verir. Onun sözlərinə görə, hazırda dünyada blokçeyn mühəndisi, süni intellekt analitiki kimi yeni ixtisas sahələri formalaşmaqdadır və bu sahələr üzrə ixtisaslaşmış kadrların hazırlanması günümüzün vacib məsələlərindən biridir.
Prof. Ə.Əliyev blokçeyn texnologiyası sahəsində beynəlxalq təcrübədən də bəhs edərək ABŞ, Çin, Sinqapur, Estoniya, İsveçrə kimi ölkələrin uğurlu tənzimləmə təcrübələri, dövlət xidmətlərində blokçeynə əsaslanan şəffaf idarəetmə modellərini təqdim edib.
O, blokçeyn texnologiyasının inkişaf mərhələləri, funksional prinsipləri, iqtisadiyyatın müxtəlif sahələrində uğurlu tətbiqləri haqqında məlumat verib və beynəlxalq təcrübə əsasında Azərbaycan üçün tövsiyələr irəli sürüb. Eyni zamanda, süni intellekt texnologiyalarının sənaye, səhiyyə, nəqliyyat, maliyyə və təhsil sahələrində yaratdığı transformasiya imkanlarını diqqətə çatdırıb, blokçeyn texnologiyalarına, eləcə də süni intellektə əsaslanan iqtisadiyyatın qiymətləndirilməsi indikatorları barədə danışıb.
Alim blokçeyn texnologiyasının uğurlu tətbiqi üçün normativ-hüquqi bazanın formalaşdırılması, texnoloji infrastrukturun gücləndirilməsi və ixtisaslı insan kapitalının hazırlanmasının vacib şərtlərdən olduğunu qeyd edib. Eyni zamanda, süni intellekt texnologiyalarının iqtisadiyyatın rəqəmsallaşması prosesində daha aktiv rol oynaması üçün təhsil və tədqiqat sahələrində koordinasiyalı fəaliyyətə ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Prof. Ə.Əliyev çıxışının sonunda hazırda ölkəmizdə iqtisadiyyatın rəqəmsal transformasiyası prosesinin dövlətin qəbul etdiyi sənədlərə müvafiq olaraq uğurla aparıldığını və bu prosesə bütün təşklilatlar və mütəxəssislər tərəfindən elmi dəstək göstərildiyini diqqətə çatdırıb.
Mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək məruzə ilə bağlı irad və təkliflərini səsləndirib. Alim iqtisadiyyatın rəqəmsal transformasiyası problemlərinin tədqiqinin Azərbaycanda milli innovasiya ekosisteminin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Akademik R.Əliquliyev təhlükəsizliyin təmini texnologiyası olan blokçeynin təqdim etdiyi imkalardan bəhs edərək bu texnologiyanın virtual dövlətlərə qarşı istifadə olunan inqilabi vasitə olduğunu diqqətə çatdırıb. Alim blokçeyn və süni intellekt texnologiyalarının tətbiqi problemlərinin daha dərindən öyrənilməsinin önəminə toxunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.