Cəmiyyətin sosial göstəricilər əsasında qiymətləndirilməsi məsələləri müzakirə olunub

07 İyul 2025 - 09:28 | Konfranslar, İclaslar
Cəmiyyətin sosial göstəricilər əsasında qiymətləndirilməsi məsələləri müzakirə olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti şöbə seminarında “Cəmiyyətin sosial kredit və sosial göstəricilər əsasında qiymətləndirilməsi” mövzusunda müzakirələr aparılıb.

Seminarda institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova çıxış edərək sosial göstəricilərin mahiyyəti, bu göstəricilərin və sosial kreditin cəmiyyətin qiymətləndirilməsində tətbiqinin metodoloji aspektləri ilə bağlı aparılan tədqiqatların nəticələrindən bəhs edib.

O, bildirib ki, dövlətin iqtisadi gücünü artırmaq, informasiya təhlükəsizliyini təmin etmək və sosial bərabərsizliyi aradan qaldırmaq üçün cəmiyyətin öyrənilməsi, qiymətləndirilməsi və cəmiyyətdə gedən sosial proseslərin proqnozlaşdırılması vacib məsələlərdəndir.

İ.Ələkbərovanın sözlərinə görə, sosial kredit dövlətin iqtisadi gücünü artırmaq, informasiya təhlükəsizliyini təmin etmək və sosial bərabərsizliyi aradan qaldırmaq məqsədi ilə vətəndaşların fərdi məlumatları, cəmiyyətdə nüfuzu və davranışına görə qiymətləndirilməsidir.

Sosial kredit sistemi (SKS) və fərdi məlumatlar haqqında məlumat verən məruzəçi bildirib ki, SKS-nin effektiv işləməsi, digər intellektual sistemlərdə olduğu kimi, ilk növbədə burada emal olunacaq fərdi məlumatların mənbəyindən və keyfiyyətindən asılıdır.

Tədqiqatçı bildirib ki, milli vahid reyestr müxtəlif informasiya sistemlərində, yaddaş qurğularında saxlanılan məlumatların vahid infrastrukturda birləşməsi deməkdir. Milli vahid reyestr səhiyyə informasiya sistemi də daxil olmaqla müxtəlif reyestrlərdə analiz olunan və “Big data” təşkil edən verilənlər FİN altında hər bir vətəndaşın “bulud”unu formalaşdırır.

Onun sözlərinə görə, müasir dövrdə cəmiyyətin qiymətləndirilmə metodları statistik göstəricilər əsasında qiymətləndirmə, sosial sorğular əsasında qiymətləndirmə və ekspert qiymətləndirmələrindən ibarətdir. İ.Ələkbərova cəmiyyətin qiymətləndirilməsində statistik göstəricilərdən bəhs edərək, buraya sosial, iqtisadi, demoqrafik, ekoloji, mədəni və digər göstərcilərin aid olduğunu qeyd edib.

O, sosial kreditin qiymətləndirilməsi üçün müxtəlif yanaşmalar, sosial qiymətləndirmədə tətbiq olunan maşın təlimi metodlarından da bəhs edib. Həmçinin cəmiyyətin qiymətləndirilməsində sosial sorğular, ekspert rəyləri və əsas indekslər haqqında məlumatları diqqətə çatdırıb. Bildirib ki, indekslər kompleks sosial reallıqları daha yaxşı əks etdirmək və müxtəlif aspektləri birləşdirərək daha geniş bir mənzərə təqdim etmək üçün istifadə olunan mürəkkəb ölçü vasitələridir.

Tədqiqatın nəticələrindən danışan məruzəçi qeyd edib ki, sosial göstəricilər və sosial kredit cəmiyyətdə sosial inkişafın analizi və idarə olunması üçün güclü alətlərdir: “Riyazi modelləşdirmə bizə bu anlayışları rəsmiləşdirməyə imkan verir, onları ölçülə bilən və analiz üçün əlverişli edir”.

“Araşdırmalar göstərdi ki, vətəndaşın dövlətin idarə olunmasında rolunu artırmaq üçün sosial kredit sistemləri geniş imkanlara malikdir. Cəmiyyətdə yaranan sosial-iqtisadi problemləri dövlət tərəfindən tətbiq olunan xüsusi qaydalar və tədbirlər vasitəsilə tamamilə aradan qaldırmaq mümkün deyil və bu baxımdan hər bir vətəndaşın üzərinə müəyyən vəzifələr düşür”, – deyə İ.Ələkbərova bildirib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Müvafiq istiqamətdə gələcək tədqiqatlara dair təklif və tövsiyələr səsləndirilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.