ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə seminarında “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə alınmış elmi nəticələrin müzakirəsi (birinci və ikinci fəsillər üzrə) keçirilib.
İnstitutun doktorantı Orxan Vəlixanlı məruzəni təqdim edərək tədqiqat işinin məqsədi, aktuallığı, qarşıya qoyulan məsələlər, elmi-nəzəri və praktiki əhəmiyyəti haqqında məlumat verib.
O.Vəlixanlı mövzunun aktuallığı barədə məlumat verərək bildirib ki, “ağıllı” sistemlərin yaradılmasına, tətbiqinə və utilizasiyasına aid təhlükəsizlik tələblərini müəyyənləşdirilməsi, süni intellekt texnologiyalarından kibertəhlükəsizlik sahəsində istifadəsi, PUA-lara olan kibertəhlükələrin aşkarlanmasının ən başlıca prioritetlərdən biri olması, eyni zamanda AR Prezidentinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” və “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası” müvafiq sahədə kompleks tədqiqatların aparılmasını zəruri etmişdir.
Tədqiqatçı qeyd etmişdir ki, dissertasiya işinin məqsədi PUA-lara edilən kiberhücumları yüksək dəqiqliklə aşkarlaya bilən, sürətli, özü-özünü öyrədən, müxtəlif kiberhücumların təsirinə qarşı dayanıqlı olan intellektual metod və alqoritmlərin işlənməsidir.
O, dissertasiya işi çərçivəsində 3-ü Web of Science, 5-i Scopus-da olmaqla, ümumilikdə 14 məqalənin nəşr olunduğunu, tədqiqat nəticələrinin 7 resbublika və beynəlxalq səviyyəli konfranslarda müzakirə edildiyini söyləyib.
Tədqiqatçı bildirib ki, PUA-ların kibertəhlükəsizliyi problemlərinin tədqiqi və analizi, PUA-ların naviqasiya sisteminə kiberhücumların aşkarlanması üçün metodların işlənməsi, PUA-ların şəbəkə sisteminə kiberhücumların aşkarlanması üçün metodların işlənməsi, YİS-i hədəf alan zərərli proqramların aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi, PUA-dan YİS-ə ötürülən uçuş məlumatlarının məxfiliyinin qorunması üçün yanaşmanın işlənməsi və s. dissertasiya işi çərçivəsində qarşıya qoyulan məsələlərdir.
Məruzəçi həmçinin müdafiəyə çıxarılan əsas elmi müddəalar, tədqiqatın obyekti, predmeti və metodları, tədqiqat işinin təcrübi əhəmiyyəti haqqında ətraflı məlumat verib.
O, dissertasiya işinin birinci və ikinci fəsilləri üzrə PUA-ları hədəf alan kiberhücumların taksonomiyasının işlənməsi, PUA-ların naviqasiya sisteminə GPS spufinq kiberhücumunun aşkarlanması üçün dərin təlim metodunun işlənməsi, PUA-ların naviqasiya sisteminə GPS əngəlləmə kiberhücumunun aşkarlanması üçün multimodal dərin təlim metodunun işlənməsi ilə bağlı tədqiqatların aparıldığını söyləyib, əldə olunan nəticələr haqqında məlumat verib.
Aparılan tədqiqatlara dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək PUA-ların məxfiliyinin qorunması ilə bağlı aparılan araşdırmalara, bu istiqamətdə əldə olunan nəticələrə münasibətini bildirib. Alim xüsusilə GPS spufinq kiberhücumlarının vüsət aldığı bir dövrdə bu kimi hücumların aşkarlanması və qarşısının alınması üçün süni intellekt texnologiyalarına əsaslanan metodların işlənilməsinin aktuallığını vurğulayıb. Akademik GPS spufinq tipli kiberhücumlara qarşı daha dayanıqlı və intellektual yanaşmaların işlənilməsinin vacibliyini, eləcə də bu sahədə beynəlxalq təcrübənin təhlilinin zəruriliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.