ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti şöbə seminarında sentiment analiz metodlarının elektron kitabxanalara tətbiqi məsələlərinə dair müzakirələr aparılıb.
İnstitutun Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə mövzuya dair çıxış edərək bildirib ki, rəqəmsallaşma və süni intellekt texnologiyalarının sürətli inkişafı müxtəlif sahələrdə olduğu kimi kitabxana sistemlərinə də təsir göstərməkdədir. Elektron kitabxanalar artıq sadəcə informasiya toplusu funksiyası daşımır, həm də istifadəçi davranışlarını təhlil edir, onların informasiya ehtiyaclarını qabaqlayan intellektual sistemlərə çevrilir.
“Sentiment analizi elektron kitabxanaların müasir inkişaf trendlərindən biri hesab olunur”, – deyən tədqiqatçı, istifadəçi rəylərinin, şərhlərinin və sorğularının təhlili əsasında onların məmnuniyyət dərəcəsi və maraq sahələrini müəyyən etməyin mümkün olduğunu qeyd edib: “Bu isə kitabxananın xidmət keyfiyyətinin artırılmasına, resursların yenilənməsində optimal qərarların verilməsinə imkan yaradır”.
D.Əlizadə sentiment analizin kitabxanalara tətbiqi zamanı təbii dilin mürəkkəbliyi, multilinqual çətinliklər, digər sistemlərlə inteqrasiya kimi problemlərin ortaya çıxdığını da bildirib. Onun sözlərinə görə, bu kimi problemləri aradan qaldırmaq üçün maşın təlimi modeli düzgün seçilməli, istifadəçilərlə kitabxana sistemi arasında əks-əlaqə təmin olunmalı və davamlı təkmilləşdirmələr aparılmalıdır.
Elektron kitabxanalarda sentiment analizinin tətbiqinin kitabxana xidmətlərinin rəqəmsal transformasiyasına ciddi təsir etdiyini söyləyən məruzəçi əlavə edib ki, bu texnologiya kitabxana istifadəçilərinin tələb və maraqlarının daha dəqiq öyrənilməsinə, xidmətin fərdiləşdirilməsinə və resursların optimal idarə olunmasına imkan verir.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.