İnformasiya Texnologiyaları İnstitutunda kibersuveren dövlətin formalaşdırılması istiqamətində konseptual yanaşmalar işlənilir

30 İyun 2025 - 10:44 | Konfranslar, İclaslar
İnformasiya Texnologiyaları İnstitutunda kibersuveren dövlətin formalaşdırılması istiqamətində konseptual yanaşmalar işlənilir

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Kibersuveren dövlətlərin formalaşdırılması kontekstində beynəlxalq kibertəhlükəsizlik indekslərinin və qiymətləndirmə metodlarının analizi” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyevlə birgə müəllifi olduqları məruzəni institutun böyük elmi işçisi Könül Daşdəmirova təqdim edib.

“Müasir dövrdə dövlətlər kiberməkanlarının təhlükəsizlik səviyyəsinə nəzarətin effektivliyini müəyyənləşdirmək üçün öz kibersuverenliklərini qiymətləndirməlidirlər”, – deyən K.Daşdəmirova dövlətin kibersuverenliyinin müxtəlif amillərlə müəyyən olunduğunu bildirib. Onun sözlərinə görə, bu amillərə xarici texnologiyalardan asılılıq dərəcəsi, milli kiberdavamlılıq imkanlarının mövcudluğu, kiberidarəetmə ekosisteminin struktur mürəkkəbliyi və s. kimi mühüm göstəricilər daxildir.

Məruzəçi  qlobal və milli səviyyədə tətbiq olunan əsas kibertəhlükəsizlik indekslərinin, o cümlədən Qlobal Kibertəhlükəsizlik İndeksi, Milli Kibertəhlükəsizlik İndeksi, Kibertəhlükəsizlik Potensialının Yetkinlik Modeli, Avropa İttifaqının Kibertəhlükəsizlik İndeksi və Milli Kibersuverenlik İndeksinin strukturu və metodoloji xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu indekslər ölkələrin hüquqi və institusional bazalarını, texniki imkanlarını, beynəlxalq əməkdaşlıq səviyyəsini və rəqəmsal təhlükəsizlik göstəricilərini qiymətləndirmək üçün mühüm vasitə rolunu oynayır. Müxtəlif qiymətləndirmə meyarlarına əsaslanan bu modellər kibertəhlükəsizlik üzrə mövcud vəziyyətin obyektiv şəkildə təhlilinə və inkişaf istiqamətlərinin müəyyən olunmasına şərait yaradır.

Tədqiqatçı ölkələrin kibertəhlükəsizlik sahəsindəki mövcud vəziyyətini qiymətləndirilmək üçün bir sıra meyarlardan istifadə olunduğunu qeyd edərək kibertəhlükəsizlik sahəsinə hüquqi, təşkilati, elmi tədqiqat və innovasiya, tədris və beynəlxalq əməkdaşlıq yanaşmalarının kompleks tətbiqinin zəruriliyini vurğulayıb.

K.Daşdəmirova həmçinin Qlobal Kibertəhlükəsizlik İndeksində qiymətləndirmə prosesinin aparıldığı sahələr, bu indeks üzrə məlumatların toplandığı mənbələr haqqında məlumat verib. Məruzəçi Kibertəhlükəsizlik Potensialının Yetkinlik Modelinin imkanlarından söz açaraq, modelin ölkələrin kibertəhlükəsizlik sahəsində mövcud potensialını və zəif cəhətlərini müəyyənləşdirməyə, milli strategiyaların formalaşdırılmasına töhfə verməyə və uzunmüddətli inkişaf istiqamətlərini müəyyən etməyə xidmət etdiyini vurğulayıb.

Tədqiqatçı Avropa İttifaqının Kibertəhlükəsizlik İndeksinin isə milli və transsərhəd təhlükəsizlik tədbirlərinin uyğunluğunu qiymətləndirmək, rəqəmsal infrastrukturların qorunmasını gücləndirmək, Avropa İttifaqının Kibertəhlükəsizlik Agentliyi və digər təşkilatların tövsiyələri əsasında kibertəhlükəsizlik siyasətlərini formalaşdırmaq məqsədilə hazırlandığını diqqətə çatdırıb.

O, qeyd edib ki, tədqiqat işində kibertəhlükəsizlik indeksləri müqayisəli analiz olunub və aparılan tədqiqatların nəticəsi olaraq Azərbaycanın milli xüsusiyyətlərini və regional çağırışlarını nəzərə alan yerli kibertəhlükəsizlik indeksinin hazırlanması təklif edilib. Qeyd edib ki, təklif olunan indeks ölkənin rəqəmsal suverenlik səviyyəsinin, informasiya təhlükəsizliyinin və texnoloji dayanıqlığının qiymətləndirilməsi üçün mühüm vasitə ola bilər. Belə bir indeksin formalaşdırılması Azərbaycanın informasiya təhlükəsizliyini gücləndirməklə yanaşı, beynəlxalq reytinqlərdə də mövqeyinin yüksəlməsinə və kibersuveren dövlət modelinə keçidinə töhfə verə bilər.

Məruzənin həmmüəllifi, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev çıxış edərək dinamik şəkildə inkişaf etməkdə olan qlobal kibertəhlükəsizlik mühitinin obyektiv qiymətləndirilməsi məqsədilə fərqli metodologiyalara əsaslanan beynəlxalq indekslərin geniş tətbiq olunduğunu diqqətə çatdırıb. O, kibermühitdə istifadə edilən proqram təminatının istifadəsini və sazlanmasını heç bir kənar müdaxilə olmadan müstəqil şəkildə həyata keçirmək imkanlarının mövcudluğunun kibersuverenliyin əsas göstəricisi olduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev mövzuya dair çıxış edərək rəqəmsallaşma proseslərinin sürətlə davam etdiyi bir mərhələdə kibertəhlükəsizliyin və kibersuverenliyin təmin olunmasının ölkəmiz üçün strateji əhəmiyət kəsb edən məsələlərdən olduğunu vurğulayıb. Alim bu gün ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması məsələsinə böyük diqqətin ayrıldığını və bu məqsədlə ölkə rəhbərliyi tərəfindən bir sıra dövlət əhəmiyyətli sənədlərin qəbul olunduğunu vurğulayıb. Baş direktor məruzədə ölkəmizdə bu sahədə qəbul edilmiş rəsmi sənədlərin elmi-analitik təhlili, eləcə də kibertəhlükəsizlik üzrə mövcud vəziyyətin qiymətləndirilməsi istiqamətində tədqiqatlara daha geniş yer ayrılmasının önəminə toxunub. O, həmçinin iş çərçivəsində kiberdayanıqlığın artırılması üzrə konseptual yanaşmaların və praktik təkliflərin işlənib hazırlanmasının da zəruri məsələlərdən olduğuna diqqət çəkib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.