ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Rəqəmsal iz verilənlərindən istifadə etməklə elmi tədqiqatçıların miqrasiya axınının proqnozlaşdırılması” mövzusunda məruzə dinlənilib.
İnstitutun əməkdaşı Aybəniz Əliyeva məruzəsində intellektual miqrasiyanın mahiyyəti haqqında məlumat verib və bu istiqamətdə Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Birliyinin yanaşmalarını müqayisəli analiz edib. Qeyd edib ki, yüksək ixtisaslı insan resurslarının hərəkəti müasir dövrdə ölkələrin inkişaf strategiyalarına təsir edən əsas faktorlar sırasındadır.
A.Əliyeva ORCID profil verilənləri əsasında tədqiqatçıların miqrasiyasını əks etdirən verilənlər bazasının yaradılması prinsiplərini və onun strukturunu təqdim edib, ORCID profillərinin elmi dərəcələr və ölkələr üzrə paylanması statistikasını diqqətə çatdırıb.
İntelektual miqrasiya axınının proqnozlaşdırılması üçün müxtəlif statistik göstəricilər – adambaşına düşən ümumdaxili məhsul, təhsil indeksi və orta aylıq əmək haqqı – əsasında çoxdəyişənli reqressiya modellərinin qurulması və bu modellərin performans göstəriciləri təqdim olunub. O, xətti və qeyri-xətti (üstlü, polinomial və loqarifmik) reqressiya modellərini müqayisə edib və nəticələrə əsasən polinomial reqressiya modelinin daha yüksək dəqiqlik nümayiş etdirdiyini vurğulayıb.
Məruzə ətrafında fikir mübadiləsi aparıb, verilənlərə əsaslanan yanaşmaların əhəmiyyəti, tətbiq sahələri və gələcəkdə istifadə imkanları barədə təklif və tövsiyələr səsləndirilib.
Seminarın sonunda qeyd olunub ki, rəqəmsal iz məlumatlarının istifadəsi ənənəvi yanaşmaların bəzi məhdudiyyətlərini aradan qaldırmağa imkan verir. Bu sahənin inkişafı mövcud miqrasiya statistikasının təkmilləşdirilməsinə, eləcə də əhalinin miqrasiyası ilə bağlı yeni modellərin yaradılmasına və konsepsiyaların hazırlanmasına töhfə verə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.