Generativ süni intellektin köməyi ilə sənət əsərlərini bərpa etmək mümkündür

27 May 2025 - 15:27 | Konfranslar, İclaslar
Generativ süni intellektin köməyi ilə sənət əsərlərini bərpa etmək mümkündür

İncəsənət hər zaman bəşəriyyətin həyatında mühüm yer tutmuş, mədəni, tarixi və estetik dəyərlərin qorunmasına xidmət etmişdir. Lakin zaman, məkan və digər amillər bir çox hallarda sənət əsərlərinin zədələnməsinə və itməsinə səbəb olur. Maddi mədəni irsin qorunmasına yönəlmiş bütün tədbirlər, həm indiki, həm də gələcək nəsillər üçün onların əlçatanlığını təmin edir. Qeyri-maddi mədəni irsin qorunması abidələrin xidmət müddətinin artırılması məqsədilə məqsədyönlü bərpa tədbirlərinin həyata keçirilməsini tələb edir.

Bu fikirləri ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Anar Səmidov “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda keçirilmiş beynəlxalq elmi-nəzəri konfransda çıxışı zamanı səsləndirib.

XIX və XX əsrlərdə mədəni irsin ənənəvi bərpa üsullarından danışan məruzəçi bildirib ki, buraya mexanik təmizləmə – rəsm və heykəllərin səthindəki kir və lövhənin təmizlənməsi, materialın qorunması – boyaların və kətanların xarab olmasının qarşısını almaq üçün kimyəvi birləşmələrin istifadəsi, yenidənqurma – tarixi məlumatlara və vizual təhlilə əsaslanan əsərlərin itirilmiş elementlərinin bərpası daxildir.

Süni intellekt vasitəsilə sənət əsərlərinin bərpası məsələsinə toxunan A.Səmidov bildirib ki, süni intellekt təsvirin təhlili və böyük həcmli məlumatların işlənməsi imkanları sayəsində sənət əsərlərinin bərpası prosesində əvəzolunmaz vasitəyə çevrilir: “Onun köməyi ilə nəinki zərər aşkar edilib təsnif edilə, həm də işlərin itirilmiş hissələrinin necə görünəcəyi proqnozlaşdırıla bilər. Bu, rəsm, heykəltəraşlıq və digər sənət əsərlərini mümkün qədər orijinal görünüşünə yaxın şəkildə bərpa etməyə imkan verir”.

Onun sözlərinə görə, mədəni irsin qorunmasında süni intellektdən istifadə əsərlərin çatışmayan fraqmentlərini yüksək dəqiqliklə yenidən yaratmağa, köhnə şəkillərin bədii dəyərini itirmədən keyfiyyətini yaxşılaşdırmağa, rəssamların üslublarını təhlil edərək, rənglərin və fakturaların orijinal palitrasını yenidən qurmağa və gələcək nəsillər üçün mədəni irsi rəqəmsallaşdıraraq qorumağa imkanı verir.

Şöbə müdiri həmçinin süni intellekt vasitəsilə sənət əsərlərini bərpası üsulları barədə məlumat verib. Bildirib ki, süni intellekt sənət əsərinin “sağ qalan” hissələrini təhlil edə və orijinalın üslubuna və məzmununa əsasən çatışmayan və ya zədələnmiş fraqmentlər yarada bilər. Eyni zamanda sənət əsərinin səthindəki cızıqları, ləkələri və digər qüsurları aşkar edib aradan qaldıra, onun orijinal görünüşünü bərpa edə bilər.

Məruzəçi süni intellektin tətbiqinin etik və hüquqi aspektləri barədə məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb: “İncəsənətdə süni intellektdən istifadə əlavə müzakirə və tənzimləmə tələb edən bir sıra etik və hüquqi problemlər yaradır. Bu texnologiyalardan istifadə etməklə yaradılmış və ya bərpa olunmuş əsərlərin həqiqiliyi və müəllifliyi ilə bağlı etik cəhətlər nəzərə alınmalıdır. Bərpanın əsərin tarixi və bədii dəyərinə uyğun olmasını təmin etmək üçün tarixçilərin prosesə cəlb edilməsi vacibdir”.

Çıxış ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.