ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev seminarın “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənilməsi” mövzusunda dissertasiya işi (birinci və ikinci fəsillər üzrə) çərçivəsində əldə olunan elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.
İnstitutun dissertantı Elşən Bağırov məruzəni təqdim edərək dissertasiya işinin aktuallığı, məqsədi, qarşıya qoyulan məsələlər, elmi-nəzəri və praktiki əhəmiyyəti və s. haqqında məlumat verib.
Mövzunun aktuallığı barədə danışan E.Bağırov statistik rəqəmlərə əsasən zərərli proqram nümunələrinin, o cümlədən, yeni növ zərərli proqramların sayında eksponensial artımın müşahidə edilməsi və destruktiv nəticələrinin yüksək olmasının, kibercinayətkarların yeni növ zərərli proqramların sayını və müxtəlifliyini artırmaq məqsədilə aşkarlanmaqdan yayınma metodlarını tətbiq etməsinin, maşın öyrənmə, dərin öyrənmə, Generativ Rəqib Şəbəkələr kimi intellektual analiz metodlarının zərərli proqramların aşkarlanmasına tətbiqi imkanlarının mövcud olmasının bu istiqamətdə tədqiqatların aparılması zərurəti yaratdığını vurğulayıb. Həmçinin qeyd edib ki, informasiya mühafizəsinin texniki, kriptoqrafik, proqram və digər vasitələr üzrə təminatının təkmilləşdirilməsi istiqamətində milli hədəflərin olması, o cümlədən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”ndan irəli gələn məsələlər dissertasiya işinin aktuallığını şərtləndirir.
E.Bağırov bildirib ki, dissertasiya işinin məqsədi zərərli proqramların, o cümlədən aşkarlanmaqdan yayınma üsulları tətbiq edilmiş zərərli proqramların yüksək dəqiqliklə aşkarlanması üçün intellektual metod və alqoritmlərin işlənməsindən ibarətdir.
Tədqiqatçı dissertasiya işinin birinci və ikinci fəsilləri üzrə alınmış nəticələri təqdim edib. Qeyd edib ki, iş çərçivəsində zərərli proqramlar və onların təbiəti, aşkarlanmaqdan yayınma üsulları tədqiq edilmiş, statik və dinamik analiz kimi mövcud analiz metodları, onların üstün və zəif cəhətləri istiqamətində təhlil aparılmış, boşluqlar aşkar edilmiş, zərərli proqramların aşkarlanması istiqamətində Scopus və Web of Science elmi bazalarında indeksləşən jurnal məqalələri və konfrans materialları tədqiq edilmiş, aparılmış tədqiqatların illər üzrə trendi şərh edilmiş, bir sıra çatışmazlıqlar müəyyən edilmişdir. Həmçinin dayanıqlı və effektiv zərərli proqram aşkarlanması sisteminin qurulması üçün qarşıya qoyulmuş məsələləri bir yerdə cəmləşdirən üç mərhələli ümumi arxitektura təklif edilmiş, modelin qurulması üçün istifadə edilən statik və dinamik əlamətlər fəzasından ən optimal əlamətlərin seçilməsi üçün yanaşma işlənmiş, təklif edilmiş arxitekturada aşkarlama modelinin real mühitdə tətbiqi zamanı izaholunma qabiliyyətinin yoxlanılması və monitorinqi nəzərə alınmışdır.
Məruzə ətrafında müzakirələr aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.
Akademik Rasim Əliquliyev zərərli proqramların aşkarlanması üsullarının işlənilməsi məsələlərinə həsr olunmuş dissertasiya işi ilə bağlı fikirlərini bölüşüb, təklif və tövsiyələrini səsləndirib. Alim müasir dövrdə aktuallıq kəsb edən dayanıqlı və təhlükəsiz proqram məhsulunun əks mühəndislik texnologiyaları vasitəsilə yoxlanılması və boşluqların müəyyən olunması istiqamətində tədqiqatlara daha geniş yer ayrılmasının önəmini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.