ETN İnformasiya Texnologiyaları İnstitutunda ED 1.35 Dissertasiya Şurasının iclası keçirildi.
Tədbiri giriş nitqi ilə açan Dissertasiya Şurasının sədr müavini, iclasın sədri, texnika elmləri doktoru, professor Ələkbər Əliyev tədbirin institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyevanın 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.
Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva iddiaçı S.Ocaqverdiyevanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.
Sonra S.Ocaqverdiyeva çıxış edərək “Uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi haqqında ətraflı məlumat verdi. İddiaçı dissertasiya işinə dair 2-si “Web of Science”, 5-i “Scopus” bazasında olmaqla, ümumilikdə 12 məqalənin, o cümlədən 5 konfrans materialının nəşr olunduğunu söylədi.
Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd etdi ki, İnternet texnologiyalarının insanların sosial münasibətlərində, gündəlik həyatında və iqtisadi fəaliyyətində geniş yer tutması, uşaq və yeniyetmələrin İnternet resurslarından aktiv istifadəsi, sosial şəbəkələrə və digər açıq saytlara fərdi məlumatlarının yerləşdirilməsi və özləri haqqında müxtəlif paylaşımlar etməsi, virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan zərərli kontentlərin böyük sürətlə artması ciddi təhlükə mənbəyinə çevrilməkdədir. O, İnternet asılılıq problemlərinin uşaq psixologiyasına, tərbiyə və davranışlarına mənfi təsir etməsinin, həddindən artıq ekran vaxtının emosional rifahı, sosial əlaqələri və akademik performansı pozmasının, bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsinin, beynəlxalq aləmdə və ölkəmizdə uşaqların təhlükəsizliyi ilə bağlı müxtəlif qanun və sərəncamların olmasına baxmayaraq zərərli informasiyaya tam nəzarətin mümkün olmamasının dissertasiya işinin aktuallığını şərtləndirən amillərdən olduğunu bildirdi.
İddiaçı elmi-tədqiqat işinin məqsədinin uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsindən ibarət olduğunu vurğuladı.
S.Ocaqverdiyeva dissertasiya işində qoyulmuş elmi-nəzəri və praktiki məsələləri diqqətə çatdırdı, müdafiəyə çıxarılan əsas elmi müddəaları təqdim etdi, eləcə də tədqiqatın nəzəri və praktiki əhəmiyyətindən bəhs etdi.
İddiaçı tədqiqat işi çərçivəsində əldə olunmuş əsas elmi nəticələri qeyd etdi. Bildirdi ki, işdə uşaqların İnternet mühitində qorunması ilə bağlı elmi-nəzəri problemlər araşdırılmış və aktual məsələlər müəyyənləşdirilmiş, milli səviyyədə uşaqların İnternet mühitində qorunması ilə bağlı təkliflər işlənmiş, uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin edilməsi üçün intellektual sistemin konseptual modeli və süni intellekt, maşın təlimi, qərar qəbuletmə, qeyri səis məntiq əsasında metod və alqorimlər, veb-kontentlərdə vulqarizmlərin aşkarlanması üçün Bayes klassifikatoruna əsaslanan alqoritm işlənilmişdir. O, həmçinin qeyd etdi ki, iş çərçivəsində zərərli təsvirlərin təsnifatını həyata keçirən ChildNet sistemi üçün Dərin Neyron Şəbəkə əsaslı metod, zərərli təsvirlərin süzülməsi üçün Generativ Rəqib Şəbəkələr əsasında metod, loq faylları analizi etməklə uşaqların İnternet asılılığının qiymətləndirilməsi üçün maşın təlimi metodlarından olan WSVM (weighted support vector machine) əsasında metod, uşaqların yaş qrupuna uyğun veb-konentin seçilməsində İyerarxik Analiz Metodu əsasında çoxmeyarlı qərar qəbulu metodu işlənmiş, o cümlədən qeyri-səlis məntiqi çıxarış əsasında uşaqların informasiyaya girişinin idarə edilməsi üçün metod və alqoritm işlənilmişdir.
Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika elmləri doktoru, dosent Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova və texnika üzrə fəlsəfə doktoru Vüqar Musayevin rəyləri səsləndirildi. Çıxış edənlər aktual elmi problemlərə həsr olunmuş dissertasiya işində kompleks məsələlərin qoyulduğunu və həll edildiyini bildirdilər. Həmçinin nəzəri və praktiki əhəmiyyətə malik dissertasiya işinə dair tövsiyə xarakterli iradlar və təkliflər səsləndirdilər. Rəyçilər tədqiqat işinin yüksək səviyyədə yerinə yetirilmiş, tamamlanmış elmi iş olduğunu və Ali Attestasiya Komissiyasının elmi dərəcələrin verilməsinə dair tələblərini tam ödədiyini vurğuladılar.
Sonra mövzuya dair ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru, professor Nadir Ağayev, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika elmləri doktoru Mütəllim Mütəllimov, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov və digərləri mövzunun aktuallığını önə çəkdilər, dissertasiya işində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu, elmi yeniliklərin və mühüm elmi-nəzəri nəticələrin əldə olunduğunu bildirdilər.
Daha sonra dissertasiya işi üzrə elmi rəhbər, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış etdi. Akademik R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin çoxaspektli problemlərinin ötən əsrin sonlarından etibarən araşdırılmağa başlanıldığını qeyd edərək, informasiya təhlükəsizliyi üzrə kadr problemlərinin araşdırılmasında, ölkəmizdə bu istiqamətdə dövlət siyasətinin formalaşmasında, müvafiq istiqamətdə qəbul edilmiş strategiyaların, dövlət proqramlarının, fərman və sərəncamların hazırlanmasına ideoloji dəstəyin verilməsində və s. institutun yaxından iştirak etdiyini vurğuladı.
İnformasiya təhlükəsizliyinin əsas elmi problemlərindən biri olan uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması məsələlərinin tədqiqinin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd etdi. Akademik R.Əliquliyev ölkəmizin bu istiqamətdə beynəlxalq konvensiyaların üzvü olmasının, qəbul edilmiş dövlət əhəmiyyətli sənədlərin müvafiq dövlət qurumları, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun qarşısında böyük öhdəliklər qoyduğunu bildirərək, bu baxımdan dissertasiya işini yüksək qiymətləndirdi, dissertasiyanın ölkəmizdə bu istiqamətdə yerinə yetirilən ilk elmi tədqiqat işi olduğunu diqqətə çatdırdı.
İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi.
Səsvermənin nəticələrinə əsasən, S.Ocaqverdiyevaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.