Emal müəssisələrində optimallaşdırma və səmərəlilik məsələlərinə həsr olunmuş elmi seminar keçirilib

14 Yanvar 2025 - 10:51 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Neft və qaz emalı müəssisələrində rəqəmsal həllər vasitəsilə metod və alqoritmlərin işlənilməsi ilə optimallaşdırma və səmərəlilik” mövzusunda tədqiqatlarla bağlı müzakirələr aparılıb.

Məruzəni təqdim edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Caspian İnnovation Center” şirkətinin Baş Əməliyyat direktoru, Bakı Ali Neft məktəbinin doktorantı Orxan Quliyev problemin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələləri diqqətə çatdırıb. O, neft və qaz sənayesinin qlobal emissiyalarda payı, yaşıl transformasiyalar, dekorbanizasiya və enerji keçidində rəqəmsal transformasiyanın rolu haqqında çıxış edib.

Bildirib ki, tədqiqat işinin məqsədi emal müəssisələrində yaranan çətinliklər və qeyri-effektivlikləri yeni metod və alqoritmlər vasitəsilə optimallaşdıraraq dayanıqlılıq, maliyyə effektləri, təhlükəsizlik kimi məsələlərin həllinə, bu yanaşmanın bütün növ emal müəssisələrində və gələcəkdə müxtəlif sənaye obyektlərində tətbiqinin səmərələliliyinə nail olmaqdan ibarətdir.  

O.Quliyev vurğulayıb ki, aparılan tədqiqatlar çərçivəsində həm SOCAR, həm də neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən digər nəhəng şirkətlərin strateji hədəfləri, tətbiq etdikləri metodlara baxılmış və bu sahədə əldə olunan elmi-nəzəri nəticələr araşdırılmışdır.

Tədqiqatçının sözlərinə görə, digər sənaye sahələri ilə müqayisədə, neft və qaz sənayesində rəqəmsal transformasiyanın potensialı tam istifadə edilə bilməmişdir: “Bu, sahənin ənənəvi olması, köhnə sistemlərin yeni sistemlərə inteqrasiyası, kapital qoyuluşlarının çoxluğu, kiberdayanıqlılıq və insan kapitalı kimi məsələlərlə sıx əlaqəlidir”.

O, əlavə edib ki, iqtisadi səmərənin əldə edilməsi, əməliyyat mükəmməlliyinə nail olunması, rəqabətədavamlı insan kapitalının formalaşması və dekarbonizasiya hədəflərinə gedən yolda yaşıl və rəqəmsal transformasiyaların əhəmiyyətini önə çıxarmaq və bu məqsədlə dünya təcrübəsini araşdırmaq tədqiqat işində qarşıya qoyulan əsas məsələlərdəndir. Buraya həmçinin müvafiq sahədə həyata keçirilən işlər və mövcud metodların  sənayedə tətbiqi ilə bağlı praktiki həllərlə tanış olmaq və s. daxildir.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonra doktorantın elmi rəhbəri, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev tədqiqat işinə dair fikirlərini bölüşüb. Alim müasir dövrdə kiberdayanıqlılıq və yaşıl transformasiya məsələlərinin böyük əhəmiyyət kəsb etdiyini bildirərək,  tədqiqat işində bu problemlərə daha geniş yer ayrılmasının, IoT əsaslı kritik infrastrukturlarla bağlı beynəlxalq standartların dərindən araşdırılmasının zəruriliyini vurğulayıb. Akademik R.Əliquliyev həmçinin bu istiqamətdə konseptual modelin işlənilməsi, eləcə də məqalələrin hazırlanaraq nüfuzlu jurnallara təqdim edilməsi ilə bağlı tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.