Mətnlərdə kibertəhlüklərin aşkarlanması istiqamətində araşdırmalar aparılır

26 Dekabr 2024 - 15:00 | Konfranslar, İclaslar
Mətnlərdə kibertəhlüklərin aşkarlanması istiqamətində araşdırmalar aparılır

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Mətnlərdə kibertəhlüklərin aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.

Məruzəni institutun doktorantı Vüsal Şahbazov təqdim edərək mətnlərdə rast gəlinən kibertəhlükəsizlik problemləri barədə danışıb. Bildirib ki, elektron ünsiyyətdə özünü etibarlı mənbə kimi təqdim edərək istifadəçilərin həssas məlumatlarını ələ keçirmək üçün istifadə olunan fişinq hücumları həssas məlumatları real veb-sayta bənzəyən saxta veb-saytlara daxil etməyə və ya cihazlarının təhlükəsizliyini pozan zərərli proqramı yükləməyə yönəldə bilər.

O, fişinq hücumlarının növləri, həmçinin spamlar və dezinformasiya anlayışları haqqında məlumat verib. Tədqiqatçının sözlərinə görə, mətn mesajları, sosial media və digər rəqəmsal kommunikasiya platformaları vasitəsilə göndərilən spamlar zərərli proqram, fişinq cəhdləri və ya digər kiberhücumlar üçün vasitə kimi istifadə edilə bilər. Dezinformasiya isə fərdi, şəxsi, eləcə də təşkilatı aldatmaq və ya çaşdırmaq məqsədi ilə qəsdən yalan məlumatların yaradılması və yayılmasıdır. Tədqiqatçı dezinformasiyaların əsasən siyasi sabitliyi pozmaq, dövlət orqanlarına inamı sarsıtmaq, seçkilərə və siyasi proseslərə təsir etmək, iqtisadi təzyiq göstərmək, eləcə də siyasi məsələlərdə insanları manipulasiya etmək məqsədilə yayıldığını diqqətə çatdırıb.

Tədqiqat işinin aktuallığından bəhs edən V.Şahbazov son zamanlar informasiya məkanına, o cümlədən onun tərkib hissələrinə qarşı çoxşaxəli hücumların genişlənməkdə olduğunu qeyd edib, AR Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2023-2027-ci illər üçün Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası”ndan irəli gələn məsələlərin tədqiqat işinin aktuallığını şərtləndirdiyini diqqətə çatdırıb.

Mətnlərdə kibertəhlükələrin aşkarlanmasında süni intellekt texnologiyalarının tətbiqinin üstünlüklərindən danışan məruzəçi kompüterlərin təbii dildə mətn və ya nitqi başa düşmə, təhlil və şərh etmə yollarını öyrənən, süni intellektin bir qolu olan təbii dilin emalının geniş tətbiq olunduğunu diqqətə çatdırıb.

Mətn təhlili üçün istifadə olunan modellərdən söz açan tədqiqatçı bu modellərin işləmə prinsipi, müsbət və mənfi tərəfləri barədə danışıb, onların müqayisəli analizini aparıb.

V.Şahbazov həmçinin bu sahədə keçirilən elmi konfranslar və nəşr olunan nüfuzlu jurnallar barədə məlumat verib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev mətnlərdə kibertəhlükələrin aşkarlanması sahəsində problemlərin daha dərindən araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. Akademik mətnlərdə rast gəlinən semantik, sintaktik və semiotik təhlükələr, bu təhlükələrlə mübarizə yolları, eləcə də mətnlərdə kibertəhlükələrin aşkarlanmaması üçün istifadə olunan metodların müəyyənləşdirilməsi ilə bağlı tədqiqatların dərinləşdirilməsini tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.