4 dekabr 2024-cü il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” II beynəlxalq elmi-texniki konfransının açılış mərasimi keçirilib. Hibrid formatda baş tutan tədbirin təşkilatçıları Azərbaycan Texniki Universiteti, ETN İnformasiya Texnologiyaları İnstitutu, ETN İdarəetmə Sistemləri İnstitutu, Milli Müdafiə Universiteti, Milli Aerokosmik Agentliyi, İstanbul Texniki Universiteti, Ukraynanın Xarkov Politexnik İnstitutu və Türkiyənin Qazi Universitetidir.
2 gün davam edəcək konfransın keçirilməsində əsas məqsəd telekommunikasiya və idarəetmə sistemlərinin, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlərinin inkişafının təmin edilməsi ilə əlaqədar elm, təhsil və tədqiqat sahələrinin vahid informasiya infrastrukturunun tələblərinə uyğun formalaşdırılması və perspektiv şəbəkə konsepsiyalarının, rəqəmsal, kvant və intellektual texnologiyaların yaradılmasıdır.
Tədbirdə giriş nitqi ilə Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxış edib. O, konfransın idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlərin inkişaf perspektivləri, müasir elmi və texniki həll üsulları, rəqəmsal informasiya və kompüter texnologiyaları, eləcə də informasiya-kommunikasiya texnologiyalarının səmərəli inteqrasiyasına dair geniş müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Professor V.Vəliyev dünya reytinqlərində beynəlxalq rəqabətliliyinin artırılması, akademik göstəricilərin yüksəldilməsi, elmmetrik bazalarda nəşrlərin artırılması, eləcə də əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasının AzTU-nun əsas prioritetlərindən olduğunu qeyd edib. Həmçinin konfransda məruzə ediləcək bütün məqalələrin nüfuzlu “Scopus” bazasında indeksləşəcəyini söyləyib.
İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov öz çıxışında bu kimi konfransları ali məktəblər və elmi-tədqiqat institutları arasında səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilıməsi, eləcə də elmin kommersiyalaşdırılması sahəsində mühüm nəticələrin əldə olunması baxımından önəmini vurğulayıb. Bugünkü tədbirdə süni intellektin bütün dünyanı narahat edən aktual elmi problemlərinə dair müzakirələrin aparılacağına, konfransın bu istiqamətdə elmi tədqiqatların, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev cari ildə Azərbaycan Texniki Universiteti və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladıb. Bir ilə yaxın müddətdə institutda Memorandumdan irəli gələn vəzifələrin icrası istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, hər iki qurumun əməkdaşlarının bu prosesdə fəal iştirak etdiklərini söyləyib. Akademik R.Əliquliyev infokommunikasiya sistemləri və süni intellekt texnologiyalarına həsr olunmuş tədbirin keçirilməsini iki qurum arasında birgə əməkdaşlığın real nəticəsi kimi qiymətləndirib.
Daha sonra tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, Türkiyə-Azərbaycan Universitetinin prorektoru, professor Mehmet Şimşir, Belarus Dövlət Universitetinin dosenti Olqa Boiprav və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar, bu kimi konfransların keçirilməsinin süni intellekt problemlərinin həllinə mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Sonra konfrans öz işini seksiya iclasları ilə davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.