3D çapın ətraf mühitə müsbət və mənfi təsirləri ilə bağlı müzakirələr aparılıb

28 Noyabr 2024 - 14:18 | Konfranslar, İclaslar
3D çapın ətraf mühitə müsbət və mənfi təsirləri ilə bağlı müzakirələr aparılıb

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda institutun Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov və rəhbər müavini Zülfiyyə Ələkbərovanın həmmüəllifliyi ilə hazırlanmış “Yaşıl  texnologiyalarda 3D  çapın  innovativ  tətbiqləri  və perspektivləri” adlı məruzə dinlənilib.

Məruzəni təqdim edən Z.Ələkbərova qeyd edib ki, rəqəmsal transformasiyanın təsirilə qlobal iqtisadiyyatın və texnologiyanın inkişafında, istehsala, biznes modellərinə və müştərilərlə qarşılıqlı əlaqəyə yanaşmalarda baş verən dəyişiklikləri idarə edən əsas texnologiyalardan biri də 3D çapdır. Bildirib ki, 3D çap ənənəvi kütləvi istehsal üsullarından daha çevik, uyğunlaşdırılmış və fərdiləşdirilmiş istehsal proseslərinə keçidi təmin edir. Bu texnologiyanın əsas üstünlüyü onun minimal tullantı ilə mürəkkəb məhsullar yaratmaq qabiliyyətidir ki, bu da onu təkcə səmərəlilik baxımından deyil, həm də davamlılıq nöqteyi-nəzərindən cəlbedici edir.

Sonra Sənaye 4.0 daxilində 3D çap texnologiyasının rolundan bəhs edən məruzəçi qeyd edib ki, Sənaye 4.0-ın əsas aspektləri Əşyaların İnterneti (IoT), süni intellekt (AI), böyük verilənlər (Big data), avtomatlaşdırma və robotexnika, kiber-fiziki sistemlər, həmçinin 3D çapdır. Bu texnologiyalar proseslərin real vaxt rejimində idarə olunduğu, istehsal çevikliyinin və fərdiləşdirmənin artırıldığı, resurs xərclərinin azaldıldığı və nəticədə ətraf mühitə təsirin azaldığı “ağıllı” fabriklərin yaradılmasına kömək edir.

Z.Ələkbərova 3D çapın ətraf mühitə müsbət təsirləri haqqında da bəhs edib: “3D çapın əsas ekoloji faydalarından biri tullantıların minimuma endirilməsidir. Həmçinin, 3D çap texnologiyalarında məkan fərqi olmadığından istehlakçıya yaxın yerdə istifadə oluna bilər ki, bu da malların daşınma xərcini avtomatik olaraq azaldır. Digər müsbət cəhəti isə ondan ibarətdir ki, bu texnologiya optimallaşdırılmış möhkəmliyə və minimum materialdan istifadəyə malik yüngül konstruksiyalar yaratmağa imkan verir”.

Onun sözlərinə görə, 3D çap texnologiyasının bütün üstünlüklərinə baxmayaraq  istehsal sənayesində mənimsənilməsinin bir sıra mənfi cəhətləri var. Bunlara istehsal işçilərinin sayının azaldılması, əhəmiyyətli enerji xərcləri, plastiklərin təkrar emalı ilə bağlı problemlər və s. aiddir. Əlavə edib ki, mənfi təsirləri minimuma endirməyin potensial yolları bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, təkrar emal edilə bilən materialladan istifadə, 3D printerlərin enerji səmərəliliyinin artırılması, material tullantılarının azaldılması, eləcə də nəqliyyat xərclərinə qənaət və s.ibarətdir.

Sonda məruzəçi qeyd edib ki, Sənaye 4.0 konsepsiyasına inteqrasiya olunmuş 3D çap texnologiyası çevikliyi, səmərəliliyi və məhsulun fərdiləşdirilməsini artırmaq üçün unikal imkanlar təklif edir. Gələcəkdə bu texnologiyanın daha təmiz və səmərəli mühitin yaradılmasına səbəb olan davamlı və rəqəmsal istehsalın ayrılmaz hissəsinə çevriləcəyi proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.