“Yaşıl  rəqəmsal  iqtisadiyyata keçid  problemləri və həll istiqamətləri” adlı monoqrafiya nəşr olunub

19 Noyabr 2024 - 11:32 | Yeni nəşrlər
“Yaşıl  rəqəmsal  iqtisadiyyata keçid  problemləri və həll istiqamətləri” adlı monoqrafiya nəşr olunub

Hazırda dünyanın əksər ölkələrində iqtisadi artım ətraf mühitin deqradasiyası, çirklənmə səviyyəsinin artması, təbii resursların tükənməsi, biosferin pozulması və iqlim dəyişikliyi kimi mənfi təzahürlərlə müşahidə olunur. Bu isə insan sağlamlığına zərər vurur və sonrakı nəsillərin inkişafına mane olur. Başqa sözlə, insanın rifah halının yüksəlməsinə xidmət edən iqtisadiyyat, onun həyatının yaxşılaşmasına əngəl olur və sağlamlığını təmin etmir. Ona görə də yeni informasiya cəmiyyəti şəraitində modernləşmənin istiqaməti iqtisadi inkişafı təmin edən elə mütərəqqi innovativ texnologiyalara yönləndirilməlidir ki, ətraf təbii mühitin münbitliyi, əlverişliliyi saxlanılsın və yaxşılaşdırılsın. Belə olan halda ekoloji təhlükəsizlik həm iqtisadi artım, həm də insanın özünün daha yaxşı və sağlam mövcudluğu üçün həlledici amilə çevrilir.

İqtisadiyyatın davamlı inkişaf tendensiyalarından biri də təbii ehtiyatlara və biliyə əsaslanan uzunmüddətli inkişafın təmin edilməsidir. Lakin bəşəriyyət ənənəvi iqtisadiyyat modeli əsasında da çoxlu məhsul və xidmət yaratmışdır. Buna baxmayaraq, dayanıqlı iqtisadi inkişaf üçün iqtisadiyyatın yaşıllaşdırılması zəruridir. Ona görə də ayrı-ayrı ölkələrdə yaşıl texnologiyalar əsasında yeni iqtisadi modelin yaranması əlamətləri müşahidə olunur. Bu prosesdə rəqəmsal texnologiya və transformasiyanın rolu böyük olduğundan, onun problem və perspektivlərinin araşdırılması da aktualdır və mühüm əhəmiyyətə malikdir.

Ölkənin sosial-iqtisadi inkişafının Milli Prioritetləri üzrə ətraf mühit və ekoloji problemlərin həllində rəqəmsal texnologiyaların tətbiqi amilinə xüsusi diqqət yetirilmişdir. Onun təhlili göstərir ki, ətraf mühitin yaşıllaşdırılmasında, ekoloji balansın bərpasında, istehsal proseslərində yaşıl texnologiyaların işlənilməsində və tətbiqində əsas məsələlərdən biri də İKT sektorunun müntəzəm inkişaf etdirilməsidir. Ona görə də yaşıl innovativ texnologiyaların rəqəmsallaşması ilə bağlı müvafiq proseslər Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə də öz əksini geniş sürətdə tapmışdır.

Qeyd etmək lazımdır ki, yaşıl iqtisadiyyatın və cəmiyyətin formalaşmasında və inkişafında rəqəmsal və yaşıl texnologiyaların və transformasiyaların böyük rolunun və əhəmiyyətinin olduğunu nəzərə alaraq bu istiqamətdə  İnformasiya Texnologiyaları İnstitutunda da müvafiq elmi-tədqiqatlar aparılmaqdadır. Buraya rəqəmsal və yaşıl transformasiyanın qarşılıqlı problemləri, yaşıl iqtisadiyyatın qiymətləndirilməsi məsələləri, yaşıl iqtisadiyyat indeksləri, yaşıl iqtisadiyyat üzrə monitorinq sistemləri, e-tullantıların idarəetmə sisteminin işlənilməsi, e-tullantıların idarəetmə sisteminin arxitektur modelinin işlənilməsi və s. aiddir. Xatırladaq ki, bu yaxınlarda institutda COP29-a həsr olunmuş “Yaşıl və Rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, neqativ və pozitiv aspektləri mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Bu və bu istiqamətdəki digər elmi araşdırmalar ölkədə rəqəmsal və yaşıl iqtisadiyyat texnologiyalarının normal tətbiqinə və rəqəmsal transformasiyalar vasitəsilə yaşıllaşdırma səviyyəsinin yüksəldilməsinə ciddi elmi dəstək verə bilər.

Bu nöqteyi-nəzərdən də hesab etmək olar ki, iqtisad elmləri doktoru Əlövsət Əliyevin İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən “ Yaşıl  rəqəmsal  iqtisadiyyata  keçid  problemləri və həll istiqamətləri” mövzusundakı monoqrafiyası aktual elmi-texniki və praktiki əhəmiyyəti yüksək olan mövzuya həsr olunmuşdur. Monoqrafiyada ölkə iqtisadiyyatının yaşıllaşdırılmasında rəqəmsal texnologiya, innovasiya və trasformasiyaların mahiyyəti açıqlanmış, onların geniş tətbiqi problemləri təhlil olunmuş və həlli mexanizmləri təklif olunmuşdur. Həmin problemlərin həllinə elmi dəstək verilməsi məqsədilə uzun müddət ərzində İnformasiya Texnologiyaları İnstitutunun müvafiq şöbəsində  aparılan elmi-tədqiqat işlərinin nəticələri bu monoqrafiyada əks olunmuşdur.

Monoqrafiya qlobal və milli səviyyədə yaşıl iqtisadiyyata  keçidin formalaşması, bu prosesdə effektivliyin yüksəldilməsi məqsədiylə rəqəmsal texnologiyalar, innovasiyalar və transformasiyaların tətbiqi, işlənilməsi problemləri və onların həlli  istiqamətlərinin, mexanizmlərinin tədqiqinə həsr olunmuşdur. Monoqrafiyanın mövzusu həm elmi-nəzəri və sosial-iqtisadi, həm də texniki-texnoloji və regional aspektdən aktualdır. Onun elmi-tədqiqat işi kimi təkliflərinin nəzərə alınması, tövsiyələrinin yerinə yetirilməsi ölkənin yaşıl iqtisadiyyata keçidinin səmərəliliyini yüksəldə bilər.

Burada yaşıl rəqəmsal iqtisadiyyata keçidlə bağlı bəzi problemlərin və həll yollarının hərtərəfli təhlilini təqdim etmək məqsədi daşıyır. Tədqiqat zamanı yaşıl rəqəmsal transformasiyanın asanlaşdırılmasında tənzimləmə məsələlərinə, bərpa olunan enerjiylə təminat proseslərində innovasiyalar və onların ağıllı texnologiyalarla inteqrasiyası, rəqəmsal vasitələrin iqtisadi sistem və proseslərdə tətbiqi nəticələri, elektron tullantıların idarə edilməsində və sirkulyar iqtisadiyyatın formalaşdırılması problemləri, dünyada uğurlu yaşıl rəqəmsal təşəbbüslərin nümunələrinin yayılması və s. kimi problemlər araşdırılmışdır. Ayrı-ayrı bölmələrdə problemlər müəyyən olunur, həm də onların aradan qaldırılması üçün praktik həllər, mexanizmlər və strategiyalar təklif edilir. Uğurlu nümunəvi araşdırmalarla, innovativ texnologiyalarla zəngin olan monoqrafiya yaşıl rəqəmsal iqtisadiyyata keçidi idarə etmək istəyən rəhbərlər, menecerlər,  biznes liderləri, tədqiqatçılar, alimlər, yaşıl vətəndaş elm iştirakçıları və fəallar üçün yol xəritəsi rolunu oynayır.

Monoqrafiya “Texnoloji innovasiya iqtisadiyyatı”, “Sahə iqtisadiyyatı”, “Ekonometriya, iqtisadi statistika”, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, “Kompüter elmləri”, “İnformasiya sistemləri və şəbəkələri” ixtisasları, başqa sözlə texnika və iqtisad elmlərinin müvafiq alt sahələrində elmi-tədqiqat işləri aparan alimlər, mütəxəssislər, doktorantlar və dissertantlar üçün nəzərdə tutulmuşdur. Bu vəsaitdən həmçinin universitetlərin professor-müəllimləri, magistrləri, bakalavrları və digər müvafiq təşkilatların yüksəkixtisaslı mütəxəssisləri dərs vəsaiti kimi faydalana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.